Özünə “Türkiyənin Allahı” deyən “İMPERATOR” - FOTO

Baxış sayı: 
87
2  
0  

O, təkcə Türkiyənin yox, bütün türk dünyasının ən məşhur, ən çox sevilən məşqçilərindən biridir. O, 2000-ci ildə “Qalatasaray”a UEFA kubokunu qazandıran məşqçidir. O, İtaliya nəhəngi “Milan”ın, “Fiorentina”nın, Türkiyə millisinin baş məşqçisi olmuş biridir. O, Fatih Terimdir, başqa sözlə, “İmperator”.
 
Siz onu məşqçi kimi çox yaxşı tanıyırsız. Biz isə sizə futbolçu Fatih Terim haqqında danışacağıq.
 
Türkiyənin Anadolu bölgəsində belə bir adət var: adı nə qədər yaxşı olursa olsun, mütləq hər kəsin bir ləqəbi olur. Bu, Anadoluda hər zaman belə olub. Anadolu qəsəbələrinin birində yaşayan Talat Terimə də “Topal” ləqəbi hələ uşaq olarkən verilmişdi. O, sağ ayağını 4 yaşında iynənin yanlış vurulması səbəbilə itirmişdi. Daimi bir işdə çalışa bilmədiyi üçün iki iş görməyə məcbur olurdu. Onun ilk uşağı olan Fatih 6 yaşından atasının köməkçisi olmuş, yay aylarında küçərlərdə içki satmağa başlamışdı. Amma atası onu daimi bir işinin olması üçün təhsil almağa məcbur edirdi. Bunun nəticəsidir ki, o, artıq universitetdə təhsil almağa başlamışdı. Məktəbin futbol komandasını Adana çempionu etmiş, beləcə, namizədləri çoxalmışdı. “Ceyhanspor”dan sonra “Adana Dəmirspor”un formasını geyinən Terimin təhsilində buna görə boşluqlar yaranmışdı. Oynadığı klub məvacib də təklif edəndən sonra təhsil həyatını yekunlaşdırıb, bütün fikrini futbola yönəltməyə başlamışdı. Başqa komandadakı yaşıdları pul qazanmadığı halda, o, atasından daha çox məvacib alırdı.
 
 
17 yaşında əsas komandanın üzvünə çevrilən Fatih, 19 yaşında kapitanlığı da ələ keçirir. Hirsi və aqressivliyi hələ o vaxtlardan özünü göstərməyə başlamışdı. Kapitanlıq sarğısını ələ keçirməsi, çılğınlığını daha da artırdı. Komandası üçün hər şey etməyə razı idi, hətta yaşıl meydandakı mövqeyinin dəyişməsinə də. Daha çox müdafiədə oynamağa başlayan futbolçu, “Qalatasaray”la oyunda rəqib hücumçular Mətin Kurta və Engin Verelə heç bir şans verməmişdi. Həmin vaxtlarda “cim-bom”un məhz belə bir futbolçuya ehtiyacı vardı…
 
 
Mövsümün sonunda “Qalatasaray” rəsmisi Mustafa Yürür gənc futbolçunun evinə qədər gedib, onu İstanbula gətirməyə nail olur. Tərəflər arasında razılıq əldə olunsa da, müqavilənin imzalanması üçün transfer pəncərəsi dövrünü gözləmək lazım idi. Söz verilsə də, klubdan uzun müddət xəbər çıxmır. Fatih artıq ümidini üzəndə, transferin son günündə məsələyə Metin Oktay qarışır. Gənc futbolçunun sorağı “Tacsız kral”ın da qulağına çatmışdı. Futbolçunun atasından icazə almaq, şərtləri danışmaq işi ona düşmüşdü. Amma Talat Terim, “Oğlumu Adanadan qurtar, pul istəmirik” deyərək, oğlunun yolunu açmışdı.
 
 
Cəmi 21 yaşında İstanbula gedib, “Qalatasaray”la müqavilə bağlasa da, “nağıl” başladığı kimi davam etmədi. Adanadan ilk dəfə ayrılan futbolçu, İstanbulda qorxmağa başlayır. Bunun nəticəsidir ki, atasına zəng edib, “Transfer pulunu geri ver, mən burda bacarmıram” deməsi çox vaxtını almadı. Təbii ki, atası onun bu istəyini geri çevirdi.
 
 
“Qalatasaray”dakı ilk mövsümündə “partlayış” yarada bilməmişdi, ilk qolunu “Beşiktaş”a qarşı, kubok oyununda vurmağı bacardı. İkinci mövsümündə özünü toparlamağa başladı və Coşkun Özarı tərəfindən milli komandaya dəvət olundu. Komandada kapitanlığa qədər yüksəlməsi bir ilin içində oldu, təbii ki, bu uğurda onun keçmiş təcrübələrinin də böyük rolu var idi.
 
 
Fatih Terimin komandada keçirdiyi birinci ildə olan qorxunun yerini artıq cəsarət, özünəinam alırdı. Hər oyunda start heyətində yer alır, yaşından böyük futbolçuların olduğu komandada liderliyi ələ keçirir, mətbuatın haqqında nə yazdığına fikir vermirdi. Amma onu kobud olmaqda günahlandıran jurnalistlərin adını sonradan qisas almaq üçün yadında saxlaması da sirr deyil. 1970-ci ildə “Qalatasaray” rəhbərliyi ilə problem yaşamağa başladı Terim. “Beşiktaş”dan və “Fənərbaxça”dan gələn inanılmaz təkliflərdən sonra “sarı-qırmızılılar”dan 1 milyon lirə məvacib istəmişdi bu “kobud” futbolçu. “İstəyim qəbul edilsə, qalaram, edilməsə, başqa bir kluba daha yaxşı şərtlərlə transfer olunmağıma hörmət göstərəcəklərinə ümid edirəm” deyərək, klubun qarşısına şərt qoymuşdu.
 
 
Bütün məsələ də bundan sonra başladı. Klub rəhbəri Turqan Ecenin jurnalistlərə açıqlamasında dediyi “1 milyon 200 min lirə təklif edirik, amma qəbul etmir” sözlərinə, Fatih, “Vergiləri də mənə yükləyirlər” deyərək, qarşılıq vermişdi. Amma bu məsələ uzun müddət davam etmədi, gənc kapitan istədiyini əldə etdi və problem çözüldü.
 
 
Transfer məsələsi bağlansa da, Fatih Terimin adının çəkildiyi xəbərlər davam edirdi. Bu xəbərlərdən biri “Qalatasaray” rəhbərliyində təmsil olunan Gündüz Aktuğu döyməsi ilə bağlı idi. Məsələylə bağlı danışan Aktuğ, “Rəhbərliyin otağında olarkən, içəriyə ayaq üstə dayana bilməyəcək dərəcədə sərxoş olan biri gəldi. Mənə “Ayaqlarını yığışdır, mən Türkiyənin Allahıyam” dedi. Klubun 32 illik üzvü olmağıma baxmayaraq, dediyini etdim, amma bu, onu razı salmadı. Onu şikayət etdiyimi eşidəndə məni döydü” demişdi.
 
 
Bu məsələdən sonra onun adı heyətdən çıxarıldı. Klub rəhbərlərinin işə qarışması ilə sakitlik yaransa da, yeni problemlər ortaya çıxmağa başlayırdı. Milli komandanın Malta ilə keçirdiyi oyunda rəqibə sillə vuran Fatih, “Bursaspor”la keçirilən çempionat matçında jurnalistləri döyməkdə günahlandırılırdı.
 
 
1980-ci il klub üçün uğursuz bir il oldu. Komanda çempionluqdan uzun müddət kənarda qalmış, lazımsız məğlubiyyətlər almışdı. Bütün bu yaşananlar kapitanı hər zamankından daha gərgin hala gətirmişdi. Həmin vaxt komandanın baş məşqçisi olan Turqay Şerenin qulağına Fatihin onu tənqid etdiyi ilə bağlı xəbərlər çatmışdı. Bundan sonra o, futbolçusuna güvənməklə bağlı problemlər yaşamağa başlamışdı. Terim nə qədər çalışsa da, baş məşqçini özünə inandıra bilmədi. O, “Qalatasaray”ın tək problemi olduğum üçün aradan çəkilirəm. Bir daha məşqlərə çıxmayacam, tətilə gedirəm. “Qalatasaray”ın sakitliyə ehtiyacı var. Bu günə qədər baş məşqçiylə problemim olmayıb, tədbirlərin birində onun ani qərarlar verdiyini demişdim. Bu xəbər mətbuata çıxandan sonra tez-tez məndən bu məsələ haqqında soruşmağa başladı” deyərək, bir neçə gün “yoxa çıxır”.
 
 
Terimin bu hərəkətinin “Qalatasaray”ı çökdürməyə yönələn davranış” olduğunu deyən Şeren, onun bu şayiələrə aydınlıq gətirməsinin vacibliyini qeyd edirdi hər zaman. Nəhayət, birlikdə açıqlama verən tərəflər, “kluba ziyan verməyəcəyik” deyərək, aradakı buzları əridirlər. Fatih komanda ilə yeni-yeni birgə məşqlərə başlayanda, Turqay Şeren vəzifəsindən göndərilir. Onun yerinə gələn Brian Birç isə elə ilk vaxtlardan ona Adanaya icazəsiz getdiyi üçün pul cəzası vermişdi. Bu barədə danışan kapitan, “Fənərbaxça”ya 0:5 hesabı ilə uduzduqdan sonra kefim pozuldu və icazəsiz getdim. İstədikləri qədər cəza verə bilərlər, haqlıdırlar, səhvim böyükdür” demişdi. “Baş məşqçi məşqlərə qatılmağıma icazə versə, qaldığım yedən davam edəcəm. İcazə verməsə, Belqrada gedib, tək çalışaram. Oyundan sonra məni görən hər kəs necə bu qədər qol buraxdığımızı soruşurdu, buna dözə bilmirdim” – bu açıqlamanı da Terim vermişdi.
 
 
Amma bu açıqlama Birçi razı salmamışdı. O, futbolçunun nə əsas komanda, nə də ikinci komanda ilə məşq etməsinə icazə verdi. Bu yerdə isə yenə klub rəhbərliyi məsələyə qarışır və bu dəfə də işə yarayır.
 
Həmin dövrdə Fatih Terimin milli kareyrasında da işləri istədiyi kimi davam etmirdi. 27 yaşında milli komandada 50-ci oyununu keçirən Fatih, ilk dəfə heyətdən kənarda qalmışdı. Baş məşqçi Özkan Sümer heyəti “Trabzonspor”lu futbolçulardan qurmuşdu, “Beşiktaş”lı və “Qalatasaray”lı futbolçulara isə şans vermək fikri yox idi. Amma bu sistem çox davam etmədi, bir neçə ay sonra Terim yenidən heyətdə idi.
 
 
Klubda isə gərginlik davam edirdi. Komanda çox çalışsa da, çempionluğu əldə edə bilmirdi. Bu, Fatihin gərginliyinin artmasına səbəb olurdu. Onu əsəbiləşdirən başqa məqam isə “cim-bom”un “Fənərbaxça”ya qarşı Kadıköydə qalib gələ bilməməsi idi. 1980-ci ilin dekabrında keçirilən oyunun ilk hissəsində “Qalatasaray” bir qolla hesabda irəli keçdi. “Fənərbaxça” üçün uğursuz mövsümlərdən biri idi, bu fürsəti dəyərləndirmək lazım idi. Amma fasilədə Terimlə Ali Kamal Dənizçi arasında mübahisə yaşandı. Onları ayırmaq üçün araya girən polislər də davadan “pay” aldılar. Terim tərəfindən yumruqla vurulan polislərdən biri, ondan məhkəməyə şikayət etdi. Futbolçu 75 günlük həbs cəzası aldı. Daha sonra şikayət geri çəkildiyi üçün həbs cəzası 7500 lirəlik pul cəzasına çevrilmişdi.
 
 
Fatih Terim 1983-cü ildə bir neçə futbolçu ilə birlikdə komandanın düşərgəsində spirtli içkidən istifadə etdiyi üçün yenidən pul cəzasına məruz qalır. Ancaq o, yoldaşlarından fərqli olaraq, həm də heyətdən uzaqlaşdırıldı, çünki “Samspunspor”la oyundan əvvəl düşərgəni icazəsiz tərk etmişdi. Sonrası məlumdur, yenə bağışlanıldı. Lakin sakitlik yenə uzun müddət davam etmədi. Keçmiş komandasına qarşı oyunda Erol Toqayı başıyla vuraraq, dişini sındırdı. Oyunun 86-cı dəqiqəsində 0:3 hesabı ilə məğlub durumda olan “Qalatasaray”, meydanda 10 nəfərlə mübarizə aparmağa məcbur oldu.
 
Terim həmin mövsümdə oynanılan “Fənərbaxça” ilə matçdan sonra rəqib futbolçu Suad Karaliçi sillə ilə vurduğu üçün iki oyunluq cəza aldı. Və nəhayət, 1984-cü ilin fevralında “Antalyaspor”la oyunda hakimə tüpürüb, polis məcburiyyəti ilə meydandan çıxarıldı. Budəfəki cəzası isə 5 oyun idi…
 
 
“Qalatasaray” rəhbərliyinə məktub yazaraq, “karyeramı bitirmək istəyirəm” deyəndə, 32 yaşı var idi onun. Ona qalsaydı, 37 yaşına qədər futbol oynayardı, amma bitirməyə məcbur oldu və karyerası ərzində Super Liqa çempionluğu qazana bilməməyin təəssüfünü yaşadı. Terimin bundan sonrakı yeganə istəyi “Fənərbaxça” ilə yubiley oyununda iştirak etmək idi. Bu istəyi də baş tutmadı. 1985-ci ilin avqustunda keçirilən “Trabzonspor”la oyuna helikopterlə gəlib, 15 dəqiqə oynayaraq, futbolçu karyerasını bitirdi. Amma onun üçün irəlidə daha parlaq olan bir karyera – məşqçilik dövrü var idi… (Komanda.az)

Загрузка...
Загрузка...