Orta məktəb şagirdi abituriyent intiharını filmə çevirdi - video

 
 
Bu filmi bir il  öncə bir orta məktəb şagirdi çəkib. O zaman 10-cu sinifdə oxuyan (hazırda 11-ci sinifdədir) Ərhun Abbaslının "İmtahan" adlı filmi beynəlxalq səviyyəli müsabiqənin - NCCC film festivalının finalına çıxıb, mükafata layiq görülüb.
 
8,32 dəqiqəlik bu filmdə yeniyetmə və gənclərin imtahan öncəsində və imtahan vaxtı yaşadığı stresslər, sarsıntılar lentə alınıb.
 
Filmin qəhrəmanı olan və erkən gənclik dövrünü yaşayan tələbə verəcəyi imtahanlarla bağlı ailəsi tərəfindən o qədər gərginliyə, basqıya məruz qalır ki, sonda depressiyaya düşür və zəif çiyinləri bu ağırlığı qaldırmır və özünü hündürlükdən ataraq intihar edir.
 
Bu günlərdə bu film ona görə aktualdır ki, yenə qatıldığı imtahanın gərginlik və stressinə tablaşa bilməyən və imtahanda müvəffəq ola bilmədiyi üçün depressiyaya düşən, sonda öz canına qıyan gənclər olub.
 
Həmin hadisələr Sumqayıtda baş vermişdi, iki abituriyent imtahanda düçar olduği uğursuzluğa psixoloji baxımdan tab gətirə bilməmişdi.
 
Yaxın günlərdə başqa qruplar üzrə yenə imtahanlar olacaq. Təbii ki, yenə də 700 bal toplayanlarla yanaşı, çox zəif nəticələr göstərənlər də olacaq.
 
Bu təbiidir, çünki hamını zəkası, zehni, öyrənmək qabiliyyəti eyni deyil. Ancaq o demək deyil ki, çətin düsturları heç cür yadında saxlaya bilməyən bir gənc başqa bir sahədə müvəffəq ola bilməz. Tam əksinə, hər kəsin öz yaxşı bacardığı və sevdiyi işdən, sənətdən yapışması ona daha çox uğur gətirər.
 
Həm də hələ universitetə qəbul olunmaq hər şey deyil. Universitetə daxil olmaqla yanaşı, orada yaxşı oxumaq da şərtdir. Elə Ərhun Abbaslının filmində artıq tələbə adını qazanmış oğlan belə çətinliklərlə üzləşir və onu dəf edə bilmir.
 
Hər kəs keçid dövründə yaşayan gənclərə münasibətdə ehtiyatllı və həssas olmalıdır, onlara əlavə stress yaratmamalıdır. Yoxsa belə epizodlara filmdə yox, həyatda, lap yaxınlıqlarında rast olarlar. Necə ki, filmin sonunda da göstərildiyi kimi, hər il dünyada 200 minə yaxın gənc intihar edir. Bu faciəvi rəqəmin də   60 faizini məhz imtahan streslərinə dözməyən yeniyetmələrin özlərinə qıyması faktı təşkil edir.
 
Uşaqlar ölməsin...

Загрузка...
Загрузка...