​Oqtay Gülalıyevin vəziyyəti necədir? - Türkiyəli həkim danışdı - VİDEO

Baxış sayı: 
43
3  
0  

 
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.
 
Turaninfo.org qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer açıqlamasında bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib: “Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.
 
Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm.
 
 
 
Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq.
 
Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".
 
Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib: "Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik".
 
Oktyabrın 29-u yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə göndərilib.
 
O.Gülaliyevin müalicəsi İstanbul şəhərindəki xəstəxanada davam etdiriləcək.
 
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
 
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
 
O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib ki, hazırda əri ikinci dərəcəli komadadır, vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Oqtayın Türkiyəyə aparılması təşkil olunub, onun müalicəsi orada davam etdiriləcək. Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinə də təşəkkür edirəm. Buradakı müalicəsi çox yüksək səviyyədə aparılıb. Sadəcə, Oqtay Gülalıyev City Hospitalda gec əməliyyat olunduğu üçün bu vəziyyətə düşüb".
 

Загрузка...
Загрузка...