Onlayn medianın maliyyələşməsi təklifi birmənalı qarşılanmır - Media ekspertləri hesab edir ki...

Baxış sayı: 
39
0  
0  

..ümumi vəziyyəti düzəltmək üçün öncə “yol xəritəsi” hazırlanmalıdır
“Qəzetləri maliyyələşdirdik, ağ günə çıxdıq, saytları da maliyyələşdirək, ağ günə çıxaq”
Arif Əliyev: “Qəzetlərimiz bir atanın əkiz övladlarına oxşayırlar”
Elçin Şıxlı: “Bizdə jurnalistika mühiti darmadağın edilib”

“Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”. Bu fikirləri Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O qeyd edib ki, onlayn mediaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.

Əslində, Mətbuat Şurası sədrinin onlayn mediaya dövlət büdcəsindən maliyyə yardımı ayrılmasını gündəmə gətirməsi kifayət qədər normal bir təklifdir. Amma, bəzi ekspertlərə görə, bu təklifin reallaşması çap mətbuatı kimi, onlayn medianın da müstəqilliyini məhdudlaşdıra bilər. Bu iddiada olanlar hesab edir ki, hakimiyyət çap mətbuatana maliyyə yardımı ayırmaqla onların azadlığını və müstəqilliyini əlindən alıb və bu qəzetlər tam olaraq hakimiyyətin tam nəzarətindədir.
Bu baxımdan, Ə.Amaşovun təklifi nə qədər xoşməramlı olsa da, onlayn mediaya yardım edilməsi təklifinin də faydası ilə yanaşı, zərərləri də qaçılmaz olacaq. Yəni bununla elektron media da hakimiyyətin nəzarətinə keçəcək. Bəzi ekspertlərə görə, əslində mqəsəd də odur ki, az-çox müstəqillyi ilə seçilən saytlar da hakimiyyətin dedikləri ilə oturub-dursun, ölkədə müstəqil media tamamilə sıradan çıxarılsın və bütün KİV orqanları iqtidarın maraqlarına xidmət etsin.
Təsadüfi deyil ki, Əflatun Amaşov da onlayn mediaya yardım ayrılmasına səbəb kimi ayrı-ayrı qrupların bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir ediklərini, böhtan atdıqlarını önə çəkir. Amma söhbət təhqir məsələsindən gedirsə, elə Milli Məcilisin özündə bəzi deputatların xalqı təhqir etdiyi də unudulan deyil. Ümumiyyətlə, dünyanın ən demokratik ölkəsi hesab edilən Amerikada prezident Donald Tramp belə “CNN-nin əməkdaşı ilə mübahisə zamanı “Siz kobud, tərbiyəsiz insansınız” deyirsə, onda Azərbaycan mətbuatında olan hər bir jurnalistdən də tam ideal insan tipi gözləmək doğru deyil. Ona görə də hədəf seçilən saytların məhz məmurları tənqid və yaxud yersiz şəkildə təhqir edikləri üçün onlara maliyyə yardımı ayrılması heç bir məntiqə sığmır. Əlsində, yaxşı olar ki, hökumət ayrı-ayrı qruplardan və hakimiyyətdən asılı olmayan, müstəqil medianın inkişafına şərait yaratsın. Bu halda onlar özlərini maliyyəşdirmək imkanı əldə edər və beləliklə də hansısa qrupların dəstəyinə ehtiyac duymaz...

“Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyev də bu fikirdədir ki, hökumətin onlayn mediaya maliyyə vəsaiti ayırmasına ehtiyac yoxdur: “Bu, heç izaha ehtiyacı olmayan şeydir. Necə deyərlər, “ilan vuran ala çatıdan qorxar”. Çap mediasına uzun illərdir ki, ildə aşağısı 2, 5 milyon, vaxt var idi 3 milyon dollara qədər vəsasit ayrılırdı. 10 ilə yaxın bir müddətdə bu vəsaitin ayrılmasının nəyə gətirib çıxardığını biz görürük. Çap Kütləvi İnformasiya Vasitələrinin tirajları da, reklam gəlirləri də aşağı düşdü, fəaliyyəti də tamamilə aşağı bir səviyyəyə gəlib çıxdı. Biz bunu “qəzet qəbirstanlığı” adlandırırıq”.

“Qəzetlərin üzərində “kəməriyyə əməliyyatı” aparmış dairənin təklifidir”

Arif Əliyev hesab edir ki, əslində, bu təklifin arxasında hakimiyyətdəki müəyyən qrupun marağı dayanır: “Sözsüz ki, bu yuxarıda hansısa bir dairənin, məhz qəzetlərin üzərində “kəməriyyə əməliyyatı” aparmış dairənin təklifidir. Yoxsa Mətbuat Şurasının sədri dönə-dönə belə təklifi parlamentdə səsləndirməyə cürət etməzdi. Əlbəttə, belə düşünürəm. Amma eyni zamanda o da görsənir ki, hakimiyyətin digər dairilərində media ilə başqa cür işləmək və bu iş prinsiplərini dəyişəməyə meyl var. Ona görə, mən bunu bütövlükdə hakimiyyətin diqtəsi kimi yox, indiyə qədər media sahəsində siyasət yürüdən dairənin, şəxslərin iş prinsiplərini internet medianın üzərinə yönəltmək, davam etmək cəhdi kimi qiymətləndirirəm.
Təbii ki, internet media maliyyə vəsaiti qazanmalıdır. Vəsaitsiz inkişaf edə bilməz. Amma bu yardımlar əksinə onları iflic vəziyyətinə salıb, onları uzaqlaşdırmaq, yalnız savadsız KİV qurumlarına çevirməklə nəticələnəcək. Nə oldu, bu 10 ildə reklam bazarı irəlilədi? Bizim hansı çap Kütləvi İnformasiya Vasitələrimizdə irəliləyiş oldu, yaxud islahat baş verdi? Yox, bu, sadəcə onların arasında vəsaitləri bölmək, onları hamısını bərabərləşdirmək, bazara süni və kobud şəkildə müdaxilə etməkdir. Çünki onları maliyyələşdirmək sənin qoyduğun xəttə uyğun gəlir, digərlərini isə yavaş-yavaş sıradan çıxartmaq siyasətidir. Təəssüf ki, bu siyasət bizim çap mediamızın tamam kasadlaşmasına səbəb olub. Mənim fikrimcə, hətta bu günkü çətin vəziyyətində də internt mediası möhkəm dayanmalı və yavaş-yavaş da olsa inkişafı davam etdirməlidir”.

“Bu gün bizim qəzetlər Ermənistanda, Gürcüstanda olan qəzetlərdən zəif səviyyədədir”

Media eksperti hesab edir ki, reklam bazarı formlaşana qədər maliyyə yardımı etməkdənsə, reklam bazarının formalaşması və aktivləşməsi üçün tədbirlər həyata keçirmək lazımdır: “20 il bundan əvvəl Azərbaycanın reklam bazarı Qafqazda birinci reklam bazarı idi və Kütləvi İnformasiya Vasitələrinin inkişafını lazım olduğundan artıq dərəcədə təmin edirdi. Bunu o dövrün redaktorlarından soruşa bilərsiniz, o dövrün reklam gəlirlərinə də baxa bilərsiniz. Amma son 3 ilin reklam bazarının aşağı düşmə sahələrinə baxın. Məsələn, cap Kütləvi İnformasiya Vasitələrində bu aşağı düşmə 200%-dən də artıqdır. Bunlar niyə baş verir? Necə olur ki, 20 il ərzində ölkənin büdcəsi 10 dəfə artıb, ölkədə iqtisadi sahələrdə inkişaf gedir, pul kütlələri artır və bazarla sıx bağlı olan mediada reklam azalır? Bu, niyə baş verir? Bu səbəbləri araşdırıb, bunları aradan qaldırmaq, başqa ölkələrin təcrübəsindən istifadə etməklə, reklam bazarını böyüdüb, ora KİV-lərin çıxışını təmin etmək lazımdır. Bax, bu, xoş niyyət, mediaya yardım olar, yoxsa ki, “mən sənə pul verim, sən də ayağını cızdan kənara qoyma”, onunla media inkişaf etməz. Misal da gözünüzün qabağındadır. Necə ki, qəzetlərin tirajları da, gəlirləri də düşüb, dünyaya çıxışımız da tamam məhdudlaşıb. Bu gün bizim qəzetlər Ermənistanda, Gürcüstanda olan qəzetlərdən zəif səviyyədədir. Eyni proses də onlayın media sahəsində baş verir”.

“Qafqazda üstün, inkişaf potenisalı olan mediamızı bu gün düşük bir vəziyyətə salmışıq”

“Azərbaycan iqtisadiyyatı 10 dəfədən çox artıdğı halda çap və onlayın mediada reklam bazarının aşağı düşməsinə səbəb nədir” sualını isə A.Əliyev belə cavablandırdı: “Buna mane olan süni müdaxilələrdir. İlk növbədə, reklam bazarına təzyiqlərdir. Reklam bazarının ideoloji əsaslarla qurulması, kütləvi informasiya vasitələrinin inkişaf etməsinə real yardımın göstərilməməsi, sadəcə onların pulla saxlanılmasıdır. Reklam sifarişçilərini də başa düşmək olar. 300-500 tirajı, yaxud balaca bazarı olan, oxunmayan, maraqlı olmayan və Kütləvi İnformasiya Vasitələrinə o niyə reklam verməlidir? Bu element də var. Amma məhz o pulların bölüşdürülməsi onları bir-birindən fərqləndirmir. Elə bil ki, bir növ eyni qəzetdirlər. 30-dan yuxarı qəzetimiz var. Hamısı bir atanın ekiz övladlarına oxşayırlar. Real satış tirajları 300-500 dənədir. Mən nə üçün qəzetləri önə çəkirəm? Çünki orada eyni proses gedir, eyni maliyyələşmə, prinsip həyata keçirilir. Eyni zamanda qarşıya qoyulan tələblər, irəli sürülən meyarlar bu sahəni belə bir vəziyyətə gətirib çıxarıb. Bu gün bir tərəfdən reklam bazarı süni surətdə məhdudlaşdırılır ki, asılılıq saxlanılsın. İkinci tərəfdən də elə bir vəziyyətdədirlər ki, reklam sifarişi üçün ciddi bir maraq doğurmur. Amma əslində, ölkənin real iqtisadiyyatı, real reklam bazarı onu göstərir ki, bu bazar özü-özlüyündə potensial olaraq qat-qat böyükdür. Yəni dünya standartları var. Heç nə birinci dəfə görsənmir ki, hər şey müxtəlif ölkələrdə təcrübədən keçib. Bu təcrübə göstərir ki, adətən normal reklam təşkil edilən ölkələrdə iqtisadiyyatın bir faizini reklam bazarı təşkil edir. Amma biz ölkənin reklam bazarını Ümumi Daxili Məhsul ilə müqayisə etsək, bizdə 0,0...neçə faizə gəlib çıxır. Bunlar makro iqtisadi rəqəmlərdir. Bu aşkar müdaxiləni və təzyiqin haradan yarandığını göstərir. Bunları düzəltməkdənsə, büdcədən pul götürüb, onlayn medianı maliyyəllədirmək doğru deyil. Qəzetləri maliyyələşdirdik, ağ günə çıxdıq, saytları da maliyyələşdirək, ağ günə çıxaq. Sonra da başlayaq dizimə döyməyə ki, niyə Azərbaycan mediasınn dünyada səsi çıxmır? Deyirik, bizim mediamız bu gündədir, bu problemlər haradan yaranıb? Bu problemlər oradan yaranır ki, sağlam başa dəsmal bağlamışıq. Mən yenə də deyirəm, 1998-2000-ci illərədə Qafqazda üstün, inkişaf potenisalı olan mediamızı bu gün düşük bir vəziyyətə salmışıq”.

“Belə yanaşma tərzi ilə keçsə, 10 ildən sonra bizim mediamızın geriləməsi daha faciəli şəkil alacaq”

“Ə.Amaşov onlayın mediaya vəsait ayrılması üçün əsas gətirir ki, ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar. Bu məntiqlə onlayn mediaya yardım ayrılmasına necə baxırsınız” sualına isə A.Əliyev belə cavab verdi: “Onu onun özündən soruşmaq lazımdır ki, indiki halda kimin qayğısına qalır. Amma əsas odur medianın özünün pirnsipləri var, bu, nə ona xeyirdir, nə də ağacı qurudan sabunlu su kimi ona çox ziyandır. Bax, bu cür yanaşma tərzləri o media adamının düşüncə tərzi deyil. Bu, geridə qalmış məmur təfəkkürdür və bunun ancaq mediaya ziyanı dəyə bilər. Hesab edin ki, zərgər işləməli olan yerdə əlinə çəkic alırsan. Mediada çəkiclə zərgərlik işlərini işləyənlər, kvalt vuranlar, getsin, öz işlərini görsünlər. Belə yanaşma tərzi ilə keçsə, 10 ildən sonra bizim mediamızın geriləməsi daha faciəli şəkil alacaq”.

“Bu, medianın özünün inkişafına kömək göstərməyəcək”

A.Əliyev onu da vurğuladı ki, inkişafa yardım və islahat proqramı bu cür əsaslarla qurulmamalıdır: “Yəni tamam başqa cür həyata keçirilməlidir. “Bunlar özlərini saxlaya bilmirlər, gəlin, bunlara pul ayıraq” - bu təklifin özü doğru deyil. Bu, bilirsiniz nəyə oxşayır? Elə bil ki, dibi olmayan vedrəyə sən su tökmək istəyirsən. Bunun dibi yoxdur, o su onsuz da gedəcək. Yəni medianın özünün inkişafına kömək göstərməyəcək. Amma onu asılı vəziyyətə salmağı, daha da tənbəlləşdirməyi, dişsizləşdirməyi gücləndirəcək. Ona görə də bu təklifin hansı formada hazırlanması, yəni “belə olsaydı yaxşıdı” - düşünmək doğru deyil. Bunu yox, başqa yardım planlarını həyata keçirmək lazımdır. Bütün bunların əsasında bir zamanlar prezidentin medianın inkişafına yardım məqsədilə vermiş olduğu sənəd dayanır. Amma o sənədi oxusanız görərsiniz ki, orada tamam başqa şeylər qarşıya qoyulub. Orada və Kütləvi İnformasiya Vasitələri arasında pul bölüşdürmək vəzifələri qoyulmayıb. Ən asanı, ən bəsiti budur. Məqsəd bunları idarə etmək üçün hansısa bir iradəyə tabe etdirmək üçün onların hamısını bərabərləşdirməkdir. Odur ki, bunları bir yerə yığıb pulu bölmək və demək ki, “bu sizin cızınızdır və bu cızdan çıxsanız, pul vermərəm” – bu, sonda elə böyük problemlərə gətirib çıxarıb ki, bütövlükdə ölkə olaraq altından çıxmağımız çətin olub”.

“Pul ayırmaqdansa, jurnalistika mühitinin yolları aranmalıdır”

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirdi ki, o, ümumi strateji proqram olmadan qəzetlərə də yardımın olmasını dayandırardı: “Əflatun Amaşov söyləyib ki, reklam bazarı formalaşdırılana qədər maliyyə yardımı olmalıdır. Bu, neçə il olacaq? Mən belə düşünürəm ki, həm çap mətbuatına, həm də onlayn mediaya kim yardım etmək istəyirsə, indiki kimi mənasız yerə pul paylamaq olmaz. Sadəcə olaraq 2-3 illik və yaxud 5 illik bir strateji plan, yaxud yol xəritəsi düzəldilməldir və bu yol xəritəsində Azərbaycan mediasının, jurnalistikasnın dirçəldilməsi, beynəlxalq səviyyə çatdırılması məsədləri qarşıya qoyulmalıdır, bu istiqamətdə proqramlar işlənib, hazırlanmalıdır və həmin proqramlara vəsait ayrılmalıdır. Yoxsa kiməsə 10 manat, kiməsə 15 manat verim, bununla məsələ həll olunmur. Ümumi vəziyyəti düzəltmək üçün böyük bir yol xəritəsi hazırlanmalıdır. Həmin yol xəritəsini hazırlaya bilsək, onda nəsə etmək mümkündür. Ancaq həmin yol xəritəsinə vəsait ayrılmalıdır ki, tutalım, sizə 5 il vaxt verilir, filan qədər də maddi vəsait ayrılır və bunun nəticəsində 5 ildən sonra siz ortalığa beynəlxalq səviyyəyə uyğun olan bir juranlistika gətirib qoyacaqsınız. Jurnalisika mühiti yaratmaq lazımdır. Yəni pul ayırmaqdansa, jurnalistika mühitinin yolları aranmalıdır və bunun üçün vəsait lazımdırsa, həmin proqrama vəsait yönəldilməlidir”.

“Orta və kiçik sahibkarların vəziyyəti gücləndirilməlidir”

E.Şıxlının fikrincə, reklam bazarının formalaşdırılmasına şəraiti heç kim yarada bilməz: “Bu, ancaq iqtisadi məsələdir. İqtisadiyyat liberallaşmalıdır. Orta və kiçik sahibkarların vəziyyəti gücləndirilməlidir. Onlar elə bir səviyyəyə çatmalıdırlar ki, rəqabət apara bilsinlər. Tutalım, bir əmtəədən 10 şirkət istehsal etməlidir. Onlar da rəqabətə tab gətirmək üçün öz məhsullarını, əmtəələrini reklam etməlidirlər. Reklam bazarı ancaq bu cür yaradıla bilər. Mən belə düşünürəm ki, həm Əflatun Amaşov, həm də başqa mediaya rəhbərlik edənlər Türkiyənin ortalığa çıxarılası olmayan reklam qurumları var, onlar görünür reklam mühitinin yaradılması deyəndə bunu nəzərdə tuturlar. Həmin qurumlar dövlət təşkilatlarından reklamları bir yerə yığırlar, ondan sonra da paylaşdırırlar. Çox naqis və ortalığa çıxarılası olmayan bir şeydir. Türkiyənin bu təcrübəsi çox pisdir”.

“Bizdə jurnalistika mühiti yoxdur”

“Elektron media rəbhbələri arasında müzakirə aparılmadan, bu maliyyənin hansı prinsiplər əsasında ayrılması müəyyənləşmədən bu təklifin səslənməsi doğrudurmu? Çünki bildiyimiz kimi, onlayın mediada da reketçilik fəaliyyəti ilə məşğul olanlar var, izləyicisi az və yaxud çox olanlar var. Bütün bu meyarlar nəzərə alınmalı deyilmi” sualına E. Şıxlı belə cavab verdi: “Bizim ən böyük problemimiz medianın, yəni xəbərin daşıyıcısının formasında deyil. İstəyirsiniz kağız üzərində insanlara xəbər çatdırın, istəyirsiniz elektron formada, istəyirsinsiz də televiya olsun, bizdə jurnalistika mühiti yoxdur. Bizdə jurnalistika mühiti darmadağın edilib. İndi siz deyirsiniz ki, onlayn media rəbhbələri bir-biri arasında məsləhətləşmə aparsın. Kim var ki, kiminlə məsləhtələşmə aparasan?! Yəni mühit yoxdur. 10 il bundan əvvəl problem olnda 5-10 nəfər aparıcı qəzetin, jurnalın, saytın rəhəbəri yığılırdı, oturub, məsləhətləşirdi, vəziyyətdən çıxış yolu arayırdı. İndi kimlə oturub danışasan, heç kim yoxdur. Hamısı məhv olub”.
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...