“ÖNDƏRLƏRİN İZİ İLƏ” ADLI SƏFƏR PROQRAMI BAŞA ÇATIB

Baxış sayı: 
166

 
ADP İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı partiya rəhbərliyinə daxil olan 7 nəfərdən ibarət nümayəndə heyəti Cümhuriyyət liderlərinin 100 il bundan qabaq keçdiyi marşrut üzrə səfər proqramı həyata keçirmişdir.
 
Nümayəndə heyəti 24 may 2018-ci il tarixdə saat 14.00 radələrində ADP-nin Mərkəzi Qərargahı önündən hərəkətə başlamışlar. Saat 14.30-da Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyəti şəhidlərin qəbirləri üzərinə gül dəstələri qoymuş və Tiflis şəhərində uyuyan Cümhuriyyət liderlərinin məzarı üstünə səpmək üçün Şəhidlər Xiyabanından Vətən torpağı götürmüşlər. Əvvəlcədən planlaşdırılmış marşrut üzrə hərəkət edən nümayəndə heyəti saat 16 radələrində Şamaxı rayonu ərazisindəki naməlum Türk əsgərinin qəbirini ziyarət etmiş və gül dəstələri qoymuşlar.
 
25 may 2018-ci il tarixində nümayəndə heyəti Tiflis şəhərinə çatmışdır. Həmin gün saat 12 radələrində ADP sədri S.Cəlaloğlunun rəhbərliyi ilə Yeni Gürcüstan Partiyasının rəhbərləri ilə onların Baş ofisində görüş keçirilmişdir. Saat 16 radələrində isə nümayəndə heyəti Gürcüstanın Azad Demokratlar Partiyasının rəhbərliyi ilə görüşmüşlər. Hər iki görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, partiyalararası əməkdaşlıqla bağlı razılığa gəlinmişdir.
 
Nümayəndə heyəti həmin gün axşam saatlarında Marneuli rayonuna səfər etmiş, orada Gürcüstan Azərbaycanlılarının Konqresinin sədri Hüseyn Yusubovla görüşmüşlər. Görüş zamanı Gürcüstan azərbaycanlılarının problemləri, diaspor işinin təşkili və Gürcüstan azərbaycanlıları ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Sonda Konqres adından ADP nümayəndə heyətinə ziyafət verilmişdir.
 
26 may 2018-ci il tarixdə nümayəndə heyəti erməni terrorçuları tərəfindən qətlə yetirilən Demokratik Cümhuriyyətin Baş naziri olmuş Fətəli Xan Xoyskinin və parlamentin sədr müavini olmuş Həsən bəy Ağayevin məzarlarını ziyarət etmək üçün Tiflis şəhərinin Botanika bağına getmişlər. Burada nümayəndə heyəti tərəfindən Cümhuriyyət abidəsi önünə çiçək dəstələri qoyulmuş, sonra isə Fətəli Xan Xoyskinin və Həsən bəy Ağayevin məzarları üzərinə əklil qoyulmuşdur. Ziyarət zamanı Tiflis şəhəri Cümə Məscidinin imamı Cümhuriyyət öndərlərinin ruhuna Quran oxumuşdur. Sonra isə ADP sədri S.Cəlaloğlu Bakıdakı Şəhidlər Xiyabanından götürülmüş torpağı Cümhuriyyət öndərlərinin qəbirləri üzərinə səpmişdir.
 
Nümayəndə heyəti Cümhuriyyət öndərlərinin qəbiri üzərindən Azərbaycana gətirmək üçün torpaq götürmüşlər. Eyni zamanda Cümhuriyyət öndərləri ilə birgə uyuyan Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundovun və onların ailə üzvlərinin məzarları ziyarət olunmuşdur. Nümayəndə heyəti Botanika bağında öndərlərin qəbirlərini ziyarət etməyə gəlmiş Gürcüstanda yaşayan bir qrup azərbaycanlı şagird və müəllimlərlə də görüşmüşlər. Nümayəndə heyəti daha sonra Tiflisdəki Azərbaycan xalqına məxsus bir sıra tarixi yerlərə də baş çəkmişlər.
 
Nümayəndə heyəti 26 may 2018-də saat 15 radələrində Tiflisdən Gəncə şəhərinə doğru hərəkət etməyə başlamış və saat 19 radələrində Gəncəyə çatmış və Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinin binasını ziyarət etmiş və binanın önünə ADP adından xatirə əklili qoymuşlar.
 
Marşrut üzrə hərəkət edən nümayəndə heyəti bəzi cümhuriyyət öndərlərinin doğulduğu yerlərdən keçərkən (Qazaxda doğulan Mustafa bəy Vəkilovun, Gəncədən olan Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədovun, Ağdaşda doğulan, Şəfi bəy Rüstəmbəylinin, Şamaxıda doğulan Ziyvər bəy Əhmədbəyovun) xatirələrini yad etmişlər. Nümayəndə heyəti Göyçay şəhərinin yaxınlığında 1918-ci ildə şəhid olmuş Türk əsgərinin məzarını ziyarət edərək məzarın üzərinə gül dəstələri qoymuşlar. Daha sonra nümayəndə heyəti M.Ə.Rəsulzadənin qısa müddətli yaşadığı Lahıc kəndinə gəlmişlər. Burada onlar böyük öndərin xatirəsini yad etmişlər. Nümayəndə heyəti həmin gün Bakının 55 kilometliyində yerləşən Türk əsgərinin məzarını da ziyarət etmiş və əklil dəstələri qoymuşlar.
 
Nümayəndə heyəti 28 may 2018-ci il tarixdə Novxanıya gedərək orada M.Ə.Rəsulzadənin abidəsi önünə canlı gül dibçəkləri qoymuş, Əhməd bəy Ağayevin və Fətəlixan Xoyskinin məzarından götürdükləri torpağı abidə önünə səpmişlər. Nümayəndə heyəti saat 13 radələrində Bakıda İstiqlal küçəsində yerləşən Demokratik Cümhuriyyətin parlamenti yerləşmiş binanın yaxınlığında Cümhuriyyət abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoymuşlar. Bununla da Tiflis-Gəncə-Bakı marşrutu üzrə “Öndərlərin izi ilə” adlı tədbirlər proqramı başa atmışdır.







Загрузка...
Загрузка...