Ölkəmizə mebel idxalı artıb: Yerli istehsalın əsas problemi nədir? -REPORTAJ, FOTOLAR

 
Dövlət başçısının prioritet elan etdiyi sahələrdən biri də mebel istehsalıdır. Prezident İlham Əliyev hətta müşavirələrdən birində məmurları yerli mebellərdən istifadə etməyə çağırmışdı. Lakin qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlərin görüldüyü son iki il ərzində ölkəmizin mebel sahəsində idxaldan asılılığı nəinki azalıb, əksinə, artıb.
 
 
 
Açıqlanan son statistikaya görə, Azərbaycan mebel idxalını 16% artırıb. Ötən ilin müvafiq dövründə isə mebel və onun hissələri ümumi idxalda 1,19% pay təşkil edib. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13,447 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
 
 
 
Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu isə ötən ilin müvafiq dövründən 15,9%, yaxud da 1,842 milyon dollar çox olub. Hesabat dövründə mebel idxalının Azərbaycanın ümumi idxalında payı cəmi 0,93% olub. Qeyd edək ki, ötən ilin müvafiq dövründə mebel və onun hissələri ümumi idxalda 1,19% pay təşkil edib.
 
Bu isə çox ciddi rəqəmdir. Mebel və onun hissələrinin idxalının artmasının əsas səbəbi nədir? Niyə müvafiq məhsulların bir çoxunun yerli istehsalı yoxdur? Ölkəmizdə tələbat daha çox yerli, yoxsa xarici mebelədir?
 
 
 
Mebel satıcıları son illər tələbatın azaldığını dilə gətirirlər. Onların sözlərinə görə, iki-üç il öncə mebelə tələbat daha çox olub. Satıcılar ölkəyə mebel idxalının artmasının səbəbini gömrükdəki şəffaflaşma ilə əlaqələndirirlər. Digər bir səbəb isə odur ki, Azərbaycanda mebelin hazırlanmasında istifadə olunan taxta və laminat materialları istehsal olunsa da, parçası və digər bəzək detalları xaricdən gətirilir. Bu sahədə asılılıq demək olar ki, aradan qalxmayıb.
 
 
 
Adının çəkilməsini istəməyən satıcı Musavat.com-un əməkdaşına bildirib ki, Azərbaycanda mebel istehsal olunur, ancaq bir çox hissələri xaricdən gətirilir: “Mebelin əsas sütununu təşkil edən taxta və laminat materialı Azərbaycanda yetərincə istehsal olunur. Əsas zavodları isə Masallıdadır. Lakin eyni materiallar Rusiya, Türkiyə və Çindən də gətirilir. Xarici mareiallar keyfiyyət baxımından üstün olur. Çünki onlarda texnika daha güclü inkişaf edib və mütəxəssiləri çoxdur. Mebellərin digər hissələri, güzgü, parçalar, bəzək elementləri isə birmənalı olaraq idxal olunur. Ölkəmizdə bunların istehsalı yoxdur. Mebelləri hazır formada idxal edən əsasən böyük şirkətlərdir ki, bunlardan ən populyarı “Saloğlu” və “Embowood”dur. Ancaq onlarda qiymətlər də bizimkindən bahadır. Çünki eyni modeldə olan mebelin yerli istehsalı ilə xaricdən gətiriləni arasında ən azı ikiqat qiymət fərqi olur. Təbii ki, buna müvafiq olaraq keyfiyyət də idxal mallarında daha yüksəkdir”.
 
 
 
Digər satıcılar deyir ki, əhalinin əksər hissəsi maddi təminatına görə aşağı təbəqəyə məxsus olduğundan yerli mebellərə, yəni Bakıda sexlərdə yığılan mallara tələbat daha çoxdur: “Bu baxımdan son illər yerli istehsal da artmaqdadır. Yumşaq mebellərin ölkəmizdə baha olmasının səbəbi isə onun əsasını təşkil edən parça və içlik materiallarının Türkiyədən gətirilməsidir. Azərbaycanda mebel istehsalı üçün istfadə olunan parça növləri demək olar ki, istehsal edilmir. Bu baxımdan parçanın metrəsi 5-20 manat arasında dəyişir. Elə parça var ki, 40-50 dollara satılır. Yumşaq mebelin qiymətini də məhz parçanın qiyməti müəyyənləşdirir. Çünki xərclər arasında bu detal mühüm yer tutur. Eyni modeldə olan divan dəstinin qiyməti parçasından asılı olaraq qat-qat baha başa gələ bilər”.
 
 
 
Bu sektorun digər bir problemi isə yerli sexlərdə yetərli texnikanın və mütəxəssislərin olmamasıdır. Satıcılar deyir ki, Azərbaycanda əsasən standart , yəni dörkünc formalı stol və stullar istehsal olunur. Oval və ya bəzəkli formada olan mebellər isə Türkiyədən sifariş olunur: “Bu səbəbdən qiymətlər arasında da kəskin fərq mövcuddur. Məsələn, eyni materialdan olan dördkünc oturacaqlı yerli istehsal olan stul 30 manatdırsa, onun oval formada olan xarici istehsalı 100 manata başa gəlir. Qiymətlərdə ən azı 2-3 dəfə fərq yaşanır. Lakin səliqə, dizayn və keyfiyyət baxımından fərq ilk baxışdan özünü göstərir. Səbəb isə odur ki, bizdə avadanlıq yoxdur, texnoloji avadanlıqlar çatışmır, çox baha olduğu üçün alıb gətirə bilmirik”.
 
 
 
Qeyd edək ki, xaricdən idxal olunan mebellərin qiyməti 3000 manatdan başlayır. Yerli istehsal olunan yataq və qonaq dəstlərinin qiyməti isə materialından asılı olaraq 1200-2000 manat arasında dəyişir. Yerli istehsal olan divan dəstlərinin qiyməti isə parçasından və modelindən asılı olaraq 700-1500 manat arasındadır. Eyni məhsulun xarici istehsalı isə 1500 manatdan başlayır.
 
 
 
Mebel istehsalı ilə məşğul olanların əksəriyyəti orta sahibkarlar olduğu üçün bahalı avadanlıqların alınıb gətirilməsi onların imkanları xaricindədir. Bu sahənin inkişafı üçün iri mebel istehsalı müəssisələrinin yaradılmasına ehtiyac var ki, onlar xarici ölkələrdəki ən müasir avadanlıqlarla təmin olunsun və mebellərin bütün detalları ölkə daxilində istehsal edilsin. Həmçinin bu müəssisələrdə çalışmaq üçün xaricdə təcrübə keçmiş mütəxəssislərə tələbat da böyükdür. Bu baş tutarsa, həm ölkə, həm mebel sektoru, həm də alıcılar yaxşı şərtlər formalaşdıra bilər.
 
 
 
İqtisadçılar isə hesab edir ki, mebel idxalının artımını şərtləndirən əsas məsələ son zamanlar gömrük sistemində şəffaflığın artırılması ilə bağlı həyata keçirilən tədbirlərdir. Əvvəlki dönəmlərdə bu məhsulların böyük əksəriyyəti qeydiyyata alınmırdısa, hazırda qeydiyyata alınma prosesi xeyli şəffaflaşıb. Bu hal statistik göstəricilərə öz təsirini göstərib.
 
 
 
Nərgiz LİFTİYEVA

Загрузка...
Загрузка...