​Ölkədə pambıq yığımı başlayıb, kombaynlar isə yararsız vəziyyətdədir

Baxış sayı: 
52
1  
0  

Aytəkin Məmmədova:““Aqrolizinq” yağı dəyişdirməli deyil”
 
Vahid Məhərrəmov: ““Arqolizinq” təcili olaraq ləğv olunmalıdır”
 
Dünən Sabirabad rayonunun Zəngənə kəndindən olan fermer Əfras Əsgərov “feysbuk” səhifəsində “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin və “Aqrolizinq” ASC-nin fəaliyyətsizliyini aydın göstərən bir status paylaşıb. Fermer Əfras Əsgərovun sözlərinə görə, bir-iki günə kütləvi şəkildə kombaynla pambıq dərimi başlamasına baxmayaraq, “Azərpambıq ASK”-nın Sabirabad filialının kombaynları hələ ki, hazır vəziyyətdə deyil. “Aqrolizinq”-in bunlara satdığı kombaynın mühərrik yağını dəyişmək müşkül məsələyə cevrilib. “Aqrolizinq” yağ dəyişməyi unudubmuş, “Azərpambıq” isə yağ tapa bilmir. Dərim başlamamış mövsümə hazırlıq aydın görünür”.
 
Ə. Əsgərov onu da qeyd edib ki, buna görə əsəbləşib və şəkəri qalxıb: “Yəqin bundan sonra günümüz belə kecəcək “
 
“Artıq o kombaynlar şirkətin öz şəxsi mülküdür”
 
Sahibkar Ə. Əsgərovun sosial şəbəkədə yaydığı şikayəti ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aytəkin Məmmədova “Hürriyyət”ə dedi ki, “Aqrolizinq” “Azərpambığ”a verilən kompbaynları həmin şirkətin balansına verib: “Yəni artıq o kombaynlar şirkətin öz şəxsi mülküdür. O kombaynların mühərrikinin yağının dəyişməsi onların işidir”.
 
““Aqrolizinq” o texnikanı “Azərpambığ”ın balansına keçirib”
 
““Azərpambıq” Kənd Təsərrüfatı Nazirliyinin balansında deyilmi” sualına A. Məmmədova belə cavab verdi: “Mən bilmirəm “Azərpambıq” Kənd Təsərrüfatı Nazirliyinə tabedir, yoxsa yox. Amma “Aqrolizinq” yağı dəyişdirməli deyil. Çünki “Aqrolizinq” o texnikanı “Azərpambığ”ın balansına keçirib. Artıq “Azərpambığ”ın balansında olduğu üçün özü maraqlı olmalıdır ki, pambıq dərimi yaxınlaşır, kombaynları texniki baxışdan keçirməlidir, nasaz kombaynları saz vəziyyətə gətirməlidir. “Aqrolizinq”in səlahiyyətində deyil ki, “Azərpambığ”a verilən texnikaların yağını dəyişsin, yaxud nasazıslığı varsa, aradan qaldırsın. Bu kompaynlar artıq Aqrolizinq”in balasnsından çıxarılıb, “Azərpambığ”a necə verilibsə, onu o cürə qəbul edib. Əgər kombaynın mühərrikinin yağı yoxdursa, deməli, bu balansa veriləndə yağ verilməmiş kimi balansa otuzdurulub. Yəni bu işə “Aqrolizinq”in heç bir aidiyyatı yoxdur”.
 
“Bunun birbaşa “Aqrolizinq”ə aidiyyatı yoxdur”
 
“Bütün hallarda kənd təsərrüfatına Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir” dedikdə A. Məmmədova qeyd etdi: “Aqrolizinq”in balansında olan bütün texnikalar saz vəziyyətdədir, dərimə hazırdır. Amma pambığın alınması, yığılması ilə məşğul olan hansı şirkətlərə ki, kənd təsərrüfatı təyinatlı texnikalar verilib, həmin o şirkətlər özləri bilavasitə məsuliyyət daşımalıdırlar ki, dərim öncəsi texnikaları saz vəziyyətə gətirsinlər. Ola bilər ki, Kənd Təsərrüfatı Nazirliyi nəzarət eləsin, amma bunun birbaşa “Aqrolizinq”ə aidiyyatı yoxdur”
 
“Hər bir kombayn üçün yarım milyondan çox dövlət vəsaiti xərclənilib”
 
Картинки по запросу Vahid Məhərrəmov
 
Sahibkar Ə. Əsəgərovun narazılığı ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə “Hürriyyət”ə dedi ki, “Asan” xidmətdən qeyri-peşəkarlar gəldilər Kənd Təsərrüfatı Nazirliyinə, “Aqrolizinq”-ə doluşdular: “Kombaynı yalnız mövsümdə işlətmirlər. Kombaynın mövsümdən sonra təmizlənməsi, yağlanması, hansı detalları ki, sıradan çıxa bilər, onun dəyişdirilməsinin üzərində xeyli işlər gedir. Bunlar çox bahalı kombaynlardır. Hər biri üçün yarım milyondan çox dövlət vəsaiti xərclənilib. Belə qeyri-ciddi yanaşma yalnız ondan xəbər verir ki, bunlar birincisi, “asan işə” öyrəniblər, ikincisi, qeyri-peşəkardırlar. Ümumiyyətlə, bu sahələrə spesifik adamlar cəlb olunmalıdır. Belə naşı adamları gətirib burada məsuliyətli işə cəlb etmək əlbəttə, bir zaman özünü göstərməliydi, ancaq daha tez göstərdi. Bunlar bu yaxınlarda bu işə cəlb olunublar. Artıq demək olar ki, taxılçılığı da pis vəziyyətə qoydular. Yalandan deyirlər ki, 40 günlük işi 20 günə gördülər. 40 günlük işi 20 günə görə bilməzlər. Ona görə ki, Azərbaycanda biçin Aran bölgəsindən başlayır, dağ ətəyi zonaya, ondan sonra, dağ zonasına keçir. Bunlar nəyinsə hesabına taxılı tez yetişdirdilər? Deməli, taxıl yox idi və bir çox ərazilərdə də heç biçini həyata keçirmədilər. Bizim apardığımız monitorinq də onu deməyə əsas verir ki, bu il 30% taxıl istehsalı azalıb, amma bunlar iddia edir ki, taxıl istehsalı artıb. Prezidentə məlumat vermişdilər ki, guya, 40% artıb. Yalnız avqust ayında (hələ Azərbaycan tarxində heç vaxt belə hal olmamışdı) 200 min ton, 40 milyon dollarlıq buğda idxal olunub. Bu, ondan xəbər verir ki, ölkədə taxıl yoxdur”.
 
“Niyə kəndlilər, fermerlər hökumətin təşkil etdiyi kompaniyada ziyana məruz qalmalıdır?”
 
“İndi də pambıqla bağlı bu vəziyyətdir. Əslində, pambıq yığımı avqustun 15-də başlamalıyıdı. Amma bunların gətirdiyi pambıq sortu gec yetişəndi. Bu, haradasa dekabr, yanvar ayında yetişəcək. Söhbət tam yetişmədən gedir. İkincisi də avqustun 15-dən 35 gün keçib, bu gün senytabrın 20-dir, bunlar yenə pambıq yığımına hazır deyil. Pambıq yığımına, pambığı su ilə təmin etməkdə, fermerlərə, kəndlilərə yaxşı məsləhət verməkdə bunlar hazırlıqlı deyillər. Nə bacarırlar, nə iş görürlər? Hara baxır kənd təsərrüfatı naziri? Hara baxır kənd təsərrüfatı nazirinin müavinləri? Hara baxır Prezident Administrasiyasının Aqrar şöbənin müdiri və orada məsul olan məmurlar? Niyə kəndlilər, fermerlər hökumətin təşkil etdiyi kompaniyada ziyana məruz qalmalıdır? Niyə onların əməyi zay olmalıdır? İstehsal etdiyi məhsul vaxtında yığılmamalıdır? Axı, bu işi Prezident Administrasiyası, Prezident özü təşkil edib. Prezident özü təşkil etdiyi kompaniyadır, yoxsa insanlar son vaxtlar pambıq əkməyə bir o qədər də maraqlı deyildilər. Əgər bu kompaniyanı Prezident təşkil edibsə, niyə indi kənara çəkiliblər? Niyə bu işlə məşğul olan yoxdur?”,-deyə ekspert sual etdi.
 
“Torpaq sahiblərinin əksəriyyəti qeyri-peşəkarlardır”
 
V. Məhərrəmov vurğuladı ki, bunlar peşəkar, əməksevən, kəndlinin əməyinə qiymət verən adamlar deyillər: “Bunlar təsadüfi adamlardır. Təsadüfən vəzifəyə gəliblər və kənd təsərrüfatını çox bərbad hala salıblar. Əvvəlki yenə heç olmasa belə işləri bacarırdı, peşəkar olmasa da. Bunlar nə iş görürlər? Nəyə o boyda xanımları, cavan qızları ətrafına yığıb? Biri aqrar tədarüklə məşğuldur, bir müavindir. Bu qeyri-peşəkarlarla nə iş görmək olar? Bir yandan fermerlər də qeyri-peşəkardır. Avropa ölkələrində demək olar ki, bitkiçiliklə məşğul olanlar aqronomlardır, heyvandarlıqla məşğul olanlar baytar həkimi və zootexniklərdir. Bizdə aqronomlar sıradan çıxıb və torpaq sahiblərinin əksəriyyəti qeyri-peşəkarlardır. Kənd Təsərrüfatı Nazirliyinə vəzifəyə gətirilib, nə nazir, nə müavin aqronomdur, nə orada bir sanballı aqronom gözə dəyir. Bu formada kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Boş-boş sözlərdir danışırlar ki, 13% artım olub. İstehsalla bağlı özlərindən rəqəm uydururlar, şişirdirlər. Onların yerlərdə qurumları var, onları Aqrar İnkişaf Mərkəzləri adlandırıblar. O mərkəzlər əvvəllər Kənd Təsərrüfatı İdarələri idi. Bunlar gələndən sonra belə yarlık asıblar. Bunlar yerlərdə rəqəmlərin şişirdilməsi ilə məşğuldurlar. Yerli statistika idarələri ilə anlaşırlar. Quzu verir, nə verir özü bilər. Anlaşırlar rəqəmləri şişirdirlər. Belə təssürat yaradırlar ki, guya, istehsal artıb”.
 
“Qeyri-peşəkar nə bilir, yağ dəyişmək nədir, necə dəyişməlidir”
 
“Hansısa kombaynın mühərrik yağını dəyişmək belə çətin məsələdir ki, bu, müşkülə çevrilir” sualına V. Məhərrəmov belə cavab verdi: “Dediyim kimi, qeyr-peşəkardırlar. Siz küçədən keçən kənddən gəlmiş bir adamı ofisinizə gətirin deyin ki, bu kompyuteri sənə verirəm, yazın, gələndə görəcəksiniz əlləşib, heç nə etməyib. Qeyri-peşəkar nə bilir, yağ dəyişmək nədir, necə dəyişməlidir, haradan bilir. Bilənlər də baş qoşmur ki, nəyinə lazımdır. Rüşvəti alan rəhbər, o biri də məsuliyyəti öz üzərinə götürüb. Çox sadədir”.
 
“Heyvandarlıq məhsulları həmişə tələb olunur”
 
V. Məhərrəmov onu da nəzərə çatdırdı ki, son vaxtlar Azərbaycanın istehsal etdiyi pambığın qiymətində də ucuzlaşma var: “Hazırda Azərbaycan mahlıcının qiyməti 1240 dollar olub. Keçən il bu vaxtlar 1540 dollar olub. Dünya bazarında qiymət düşüb. Mən bunlara deyirdim ki, bu sahəni çox da geniş götürməyin, heyvandarlığı məhv etməyin. Heyvandarlıq məhsulları həmişə tələb olunur. Özü də ciddi qiymət enməsi baş vermir. Amma pambıqçılıqda belədir. Keçən il tələbatdan xeyli çox, 27 milyon ton xam pambıq istehsal olunub. Ona görə də qiymətləri düşüb. Təklif artıb, tələbat isə artmayıb”.
 
“O kombaynlar işlək vəziyyətdə satışa çıxarılmalıdır”
 
Məhərrəmovun sözlərinə görə, “Aqrolizinq”-in ləğv edilməsi ilə bağlı 3-4 il bundan qabaq, hər il təkrar hökumətə təkliflər verilib: “İndi də onu bu formada ləğv edirlər. Deməli, özlərinin şirkətləri var. Bu, “Aqrolizinq”-in filiallarını yavaş-yavaş ələ keçirir. Heç bir iş dəyişməyəcək. Elə bil Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin başına qoyurlar. Yəni burada papaq dəyişir, adam dəyişmir. Eləcə də bunların işində “Aqrolizinq” uzun müddətdir ki, öz üzərinə düşən vəzifəni öhdəsindən gələ bilmir və yaxud da gəlmir, dövlət büdcəsini talan edirlər. Yəni “Arqolizinq” təcili olaraq ləğv olunmalıdır. Ümumiyyətlə, heç kimə heç bir xidmət göstərməməlidir. Onun əvəzinə, ola bilsin hansısa sahibkar özü öz arzusu ilə istəyir, o xidməti həyata keçirsin, onlara imkan yaratmaq lazımdır ki, rəqabət mühiti olsun. Onda belə hallar olmayacaq. Əgər kombayn sahibkarın olarsa, o, yağını vaxtında dəyişər. Tender keçirilməlidir, o kombaynlar işlək vəziyyətdə satışa çıxarılmalıdır. 1 il, yaxud 6 zəmanət verilməlidir və sonradan kim o kombaynı əldə edibsə, ona elə həmin ərəfədə təlimatlar verilməldir ki, o, ondan istifadə eləyə bilsin. Mexanimzi işə sala biləcək avadanlıqların hamısını göstərməlidirlər, haradan yağ boşaldılır, hara yağ əlavə edilir”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...