“Ölkədə indiyə qədər aparılan siyasətin mahiyyəti dəyişməlidir” - HƏSRƏT RÜSTƏMOV

Baxış sayı: 
61
4  
0  

Həsrət Rüstəmov: “Bir YAP-çının çıxıb, yerinə başqa bir YAP-çının  təyin olunması dəyişiklik demək deyil”
 
 “İqtidar Azərbaycanın dördüncü dünya ölkələri səviyyəsində qalmasına razı olmamalıdır”
 
Artıq Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində (ADP) iştirakı ilə bağlı rəsmi qərar verib və namizədlərin irəli sürülməsi proseduru rəsmiləşdirilib. ADP ilkin olaraq 28 nəfərin namizədliyini irəli sürüb, ancaq  qeyd olunub ki, siyahının artması ehtimalı da var. Maraqlıdır, siyahı elan olunandan sonra siyahıya namizədlər əlavə olunub? “Hürriyyət”in bu və  digər suallarını Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov cavablandırdı.
 
- Hələlik siyahıya namizədlər əlavə olunmayıb, amma bəzi rayon təşkilatlarından arzu edənlər haqqında məlumatımız var. Əgər təklif gəlsə, bundan sonra onların namizədliyini Məclisin Rəyasət Heyəti təsdiq edə bilər. Hələ konkret hallar yoxdur, müəyyən arzular var. Əgər onlar öz fikirlərini dəqiqləşdirsələr, namizədliklərini verə bilərlər. Hətta partiya adından bitərəf namizədlər də verə bilər. Bu arzuda olan ADP-yə münasibəti olan tanınmış adamlar, partiyanın ideoloji platformasını, siyasətini qəbul edən şəxslər partiya sıyahısından öz namizədliklərini irəli sürmək üçün müraciət edə bilərlər. Hələ vaxta var.
 
- Partiyadan namizədliyini irəli sürən şəxslərdən ilkin olaraq MSK-ya sənədləri təqdim olunanlar var?
 
- Sənədlərin hələ heç biri DSK-ya təqdim olunmayıb. Çünki biz partiya şəklində müraciət etdiyimizə görə, seçkilərə uyğun partiyanın nizamnamə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunub, o təsdiq olunandan sonra, artıq biz yerli DSK-lara namizədlərin lazım olan sənədlərini təqdim edə biləcəyik. Bu isə həftənin birinci günü gözlənilir.
 
- Namizədliyi irəli sürülən şəxslərdən neçə nəfərin təbliğat-təşviqat mərhələsinə qalacağını güman edirsiniz?
 
- Hazırda hamısına ümid edirik.  Çünki onların hamısı təcrübəli insanlardır. Seçki ilə bağlı dəfələrlə kampaniyalarda iştirak ediblər, beynəlxalq təlimlərdə olublar. Seçki ilə bağlı müxtəlif nəzəri və praktik biliklərə sahibdirlər. Ona görə də güman edirəm ki, prosesi sona qədər aparacaqlar. Bizim iradəmizdən asılı olmayan xüsusi hallar, maneəçiliklər baş verməsə, nəzərdə tutulan namizədlərimizin hamısı təşviqat kampaniyasına qədər gedəcəklər.
 
- Həsrət bəy, bundan öncə də namizədliyinizi vermisiniz. İmza toplama, istərsə də təbliğat və təşviqat kampaniyasının həyata keçirilməsində nə kimi maneələrə məruz qalmısınız? Bu dəfə də belə halların təkrar olunacağını düşünürsünüzmü?
 
 - 3 dəfə namizədliyimi vermişəm, bu artıq dördüncüdür. Əvvəllər  maneələr çox olub, hətta imzalarımızı saxta hesab ediblər. İmzaları elə adamlardan toplamağa məcbur olmuşuq ki, o adamlar sonra gəlib məhkəmələrdə öz imzalarını təsdiq eləmək iqtidarında olsun. Əvvəl imzalar da çox idi, indiki kimi 500 imza deyildi. Ona görə,  kampaniya çətin idi. Həmin o çətinliklərdən sonra müxalifətin apardığı mübarizə, beynəlxalq səylər nəticəsində namizədlik kampaniyası xeyli sadələşdirildi. Hazırda elə bir problem görmürəm, amma maneələr həmişə olub.  Ola bilər, yenə də olsun. Olsa, yenə də biz öz mübarizəmizi aparacağıq, heç bir narahatçılıq olmayacaq.
 
- Dediniz 3 dəfə namizədliyinizi vermisiniz, mandatınız  tanınmasa da, onların hansındasa qələbə qazanmısınız?
 
- 2000-ci ildə namizdəliyim partiya siyahısından olub, həmin vaxt biz 5 deputat yeri qazanmışdıq,  vermədilər. O vaxt proporsional seçki sistemi idi. Partiya siyahısında üçüncü yerdə idim, mənim mandatım olmalıydı. 2005-ci ildə isə 14 saylı Əzizbəyov seçki dairəsindən namizəd idim,  oradan ölkənin birinci xanımı namizədliyini vermişdi. Təbii ki, orada udmaq qeyri-mümkün idi. Digər partiya rəhbərləri məcazi mənada mənə deyirdilər ki, orada prezident, digər dairələrdə isə parlament seçkiləridir. Orada da mənə rəsmi protokola 2500 səs yazmışdılar, nə qədər səslər saxtalaşdırılmışdı. Orada bizə yaxın insanlar vardı, hamısı deyirdi ki, müxalifətə səs vermişik. Mən də “Azadlıq” blokunun vahid namizədi idim. Aydın məsələdir ki, orada da alınmadı. 2010 cu ildə isə 17 saylı seçki dairəsindən namizədliyimi vermişdim, orada da həddindən çox namizəd var idi, yaxşı kampaniya apara bilmədik. Orada da seçkiləri saxtalaşdırıb, Ülvi Quliyevi seçdirdilər. 2015-ci ildə isə mən iştirak etmədim. Bu il də partiyanın təklifi ilə namizədliyimizi  irəli sürmüşük.
 
- Bu dəfə seçkilərdə qələbə qazansanız, deputat mandatınızın tanınacağına ümid edirsiniz?
 
- Ümid yaxşı şeydir, müsəlman həmişə ümid etməlidir. Elə hesab edirik ki, Azərbaycanda baş verən hadisələr, siyasi hakimiyyət, o cümlədən bizim regionda baş verən hadisələr Azərbaycandan tələb edir ki, dünya ilə ayaqlaşmaq üçün demokratik addımlar atsın. Onun da birinci yolu müxalifətin parlamentdə səsinin daha gür gəlməsinə nail olmaqdır. Mən demirəm ki, parlamentə  tam demokratik seçki keçirilməlidir. Bu, irreal bir istəkdir. Hələlik bu, mümkün deyil. Çünki hazırda Azərbaycan hakimiyyətinin mahiyyəti hamıya bəllidir və o, hakimiyyətin bir qanadının tamamilə müxalifətin əlinə keçməsinə heç cürə razı ola bilməz, amma o, Azərbaycanın dördüncü dünya ölkələri səviyyəsində qalmasına da razı olmamalıdır. Çünki bu regionun digər ölkələri inkişaf edir,  bu cür olacaqsa, biz həmişə geri qalacağıq. Ona görə ki, iqtisadiyyat siyasətdən bilavasitə asılıdır. Mənə elə gəlir ki, bu şeyləri nəzərə almağın vaxtı çatıb. Elə hesab edirəm ki, iqtidar parlament seçkilərində bunu həyata keçirməlidir. O siqnallar var, iqtidarın öz nümayəndələri də dəyişikliklər haqqında siqnallar verirlər. Dəyişikliklər də bir YAP-çının çıxıb, yerinə başqa bir YAP-çının  təyin olunması demək deyil. Bu, dəyişiklik deyil. Dəyişiklik odur ki, ölkədə indiyə qədər aparılan siyasətin mahiyyəti dəyişsin. Yəni siyasi səhnəyə müxalifət də gəlsin, müxalifət də ölkədə səsini eşitdirə bilən səviyyədə parlamentdə təmsil olunsun. Ona görə elə hesab edirəm ki, dəyişikliklər mütləq olmalıdır. Əgər iqtidar  da özündə güc və müdriklik tapa bilsə, buna imkan verməlidir. Təbii ki, normal seçki olsa, xalq iqtidara yox, onun alternativinə səs verəcək. Xalq 30-40 il bir qrupun hakimiyyətdə qalmasına səs  verməz.
 
- Həsrət bəy, hazırda ölkədə seçki mühitini necə dəyərləndirirsiniz?
 
 - Hələ ki, seçki mühitində xüsusi bir qabalıq, zorakılıq yoxdur. Çünki hələ kampaniya da başlamayıb. Yaxın 10-20 gün ərzində seçkinin ilk mərhələsi olacaq, onda daha dəqiq dəyələndirmək olacaq. Elə hesab edirəm ki, seçkinin ilk mərhələsində çox ciddi təpkilər olmayacaq. Çünki hakimiyyət də maraqlıdır ki, seçkilərə çox qüvvə qatılsın. Sonrasını isə Allah göstərəcək. Elə hesab edirəm, onda da ciddi maneələr olsa, seçkidə iştirak edən siyasi qüvvələr birləşib, ona qarşı mübarizə aparmalıdır, kənarda durmaq olmaz.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...