"NORVEÇİN ATDIĞI BU ADDIM BAŞLANĞICDIR..." - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
58
1  
0  

“Digər ölkələr də Norveçin bu addımını təkrarlayacaq”

“Şəxsən mən onu bilirəm ki, İlham Əliyev bu məsələdən təəssüf edir”

“Azərbaycan hökuməti Skandinaviya ölkələri ilə münasibətləri yoluna qoymağa çalışmalıdır”

“Bunlar Azərbaycanın müstəqiliyinin də əldən getməsinə, Qarabağın da ermənilərə verilməsinə təəssüf etməzlər”

“Əgər Norveç Azərbaycandan öz səfirliyini geri çəkibsə, Azərbaycan da öz səfirliyini geri çəkməyə məcburdur”

Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlamaq, əvəzində Gürcüstanda səfirlik açmaqla bağlı qərar qəbul etdikdən sonra hər iki ölkə arasında diplomatik qalmaqal yarandı. Baxmayaraq ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev “Trend”ə müsahibəsində bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmədiklərini demişdi: “Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”. Amma Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva mətbuata açıqlamasında “Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur” dedi. Əslində, Norveç hökumətinin bu qərarı da, H. Hacıyevin bunu sıradan olan adi bir hal hesab etməsi və “təəssüf doğurmur” deməsi özü də təəssüf doğurur. Çünki Norveçin Azərbaycanda fəaliyyətdə olan səfirliyini bağlayıb, Gürcüstanda səfirlik açması Azərbaycan üçün heç də yaxşı hal deyil. Bu, Azərbaycanı Gürcüstana dəyişmək və qonşu ölkəyə verilən önəmin göstəricisidi. Norveç xarici işlər naziri Eriksen Soreydenin “Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır” deməsi də bunu subut edir.

Norveç Krallığının Azərbaycanda səfirliyini bağlamaq qərarı Azərbaycan tərəfindən adekvat addımla qarşılandı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzaladı ki, bu da həmin ölkələrlə Azərbaycanın diplomatik əlaqələrinə son qoydu. Bundan sonra isə adıkeçən ölkələrlə Azərbaycanın diplomatik əlaqələrinə Norveçin Ankaradakı səfirliyi məsul olacaq. Ancaq Bakıda Norveçin baş konsulluğu fəaliyyət göstərəcək.

“Artıq Avropa Azərbaycana qarşı çox ciddi siyasi sanksiyalar tətbiq etməyə başlayıb”

Noveç hökumətinin Azərbaycandakı səfirliyini bağlaması və Azərbaycan hökumətinin də Norveçdəki səfirini geri çağırması ilə bağlı Azərbaycn Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, bu, bir diplomatik skandaldır: “Çünki Norveç səfirliyinin Azərbaycandan Gürcüstan köçürülməsi ilə bağlı verdiyi bəyanat bu məsələnin Azərbaycana qarşı diplomatik-siyasi sanksiya olduğunu ifadə edir. Yəni ortalığa çıxan məna bundan ibarətdir. Həmin qərarın qəbul edilməsində Azərbaycanın Avropadan uzaqlaşması, onun dəyərlərinə hörmət etməməsi, Avropa qarşısındakı öhdəlikləri yerinə yetirilməməsi əsas götürülür. Əksinə, Gürcüstanın daha çox Avropaya inteqrasiya etməsi, Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etməsi və öz azadlığı uğrunda aktiv mübarizə aparması əsas götürülüb. Bu, onu göstərir ki, artıq Avropa Azərbaycana qarşı çox ciddi siyasi sanksiyalar tətbiq etməyə başlayıb. Baxmayaraq ki, Norveç Avropanın Azərbaycanla çox ciddi iqtisadi əlaqələri olan bir neçə ölkəsindən biridir. Xüsusən bu əlaqələr “Əsrin müqaviləsi” çərçivəsində işlədilirdi. Bu işi Norveç şirkəti “Statoil” görürdü. Neftin miqdarının azalması “Statoil”in buradakı fəaliyyətinin məhdudlaşmasına, dolayısı ilə bu qərarın qəbul edilməsinə səbə olub. Yəni Norveçin burada iqtisadi maraqları azaldığına görə də bu addımı atıb. Amma gün kimi aydındır ki, burada əsas məsələ Azərbyacanın Avropaya inteqrasiyasında ləng addımlar atması, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi önəmli rol oynayıb. Mən düşünürəm ki, bu, kiçik bir məsələ deyil. Çünki Skandinaviya ölkələri Avropanın ən nüfuzlu ölkələridir. Bunların demokratiya mövqeləri ilə digər ölkələr də çox ciddi hesablaşır. Çox güman ki, bunun arxasınca digər ölkələrin də buna oxşar analoji addımlar atmasını gözləmək lazım gəlir”.


“Norveç Azərbaycandan öz səfirliyini geri çəkibsə, Azərbaycan da öz səfirliyini geri çəkməyə məcburdur”

“O ki qaldı Norveçdən Azərbaycan səfirliyinin geri çağırılmasına, bu, artıq zərurətdən irəli gələn bir şeydir. Əgər Norveç Azərbaycandan öz səfirliyini geri çəkibsə, Azərbaycan da öz səfirliyini geri çəkməyə məcburdur. Çünki diplomatik əlaqələr ikitərəflidir. Əgər diplomatik əlaqələr birtərəfli qaydada pozulursa və yaxud aşağı, konsulluq səviyyəsinə endirilirsə, Azərbaycan da məcburdur ki, səfirlik fəaliyyətini aşağı, konsulluq səviyyəsinə endirsin”, - deyə S. Cəlaloğlu qeyd etdi.

“Bu qərarın qəbul edilməsi Azərbaycana ciddi problemlər yaradacaq”

S.Cəlaloğlu nəzərə çatdırdı ki, Noveç və İsveçlə Azərbaycan arasında çox ciddi iqtisadi əlaqələr var: “ Düzdür, Finlandiya ilə belə əlaqələr yoxdur. Həm də Norvec və İsveçdə külli miqdarda Azərbaycan vətəndaşları yaşayırlar, çoxusu vətəndaşlıq alıblar. Yəni bu qərarın qəbul edilməsi Azərbaycana, xüsusən də Noveçdə və İcveçdə yaşayan azərbaycanlılarla bağlı ciddi problemlər yaradacaq. Ona görə də Azərbaycanla bağlı Avropda qəbul edilmiş hər hansı qərara müəyyən hücumlar təşkil etmək əvəzinə, bu cür qərarların meydana gəlməsinə səbəb olan faktları aradan qaldırmaq, problemləri həll etmək lazımdır, nəinki Norveç bir qərar qəbul edib deyə kiməsə tez hücum etmək doğru deyil. Vaxtilə Norveçin burada bir səfiri var idi. Bizim hamımızın tanıdğı Steinar Gil idi. O, bizim hamımızın dostu idi və həqiqətən də Azərbaycanın maraqlarını birmənalı şəkildə müdafiə edirdi. O, həm Qarabağ, həm də insan hüquq və azadlıqları məsələsində prinsipal mövqe nümayiş edirirdi. Onun Dağlıq Qarabağla bağlı möveyini hökumət heç vaxt əsas götürmürdü. Amma insan hüquq və azadlıqları ilə bağlı ona hücumlar təkil edirdi. İndi də üstündən illər keçib, Norveç səfirliyi yerini dəyişir, Azərbaycanla diplomatik əlaqələrini aşağı səviyyəyə salır, yenə baxırsan ki, Steinar Gilin ünvanına hücumlar başlayıb. Bütün bunlar hamısı qeyri-ciddi davranışlardır. Neçə ki, hökumət özündə nöqsanları görməyəcək, Azərbyacan bu cür beynəlxalq təziyiqlərə məruz qalacaq”.

“Azərbaycan-Ermənistan məsələlərində Norveçin, İsveçin, Finlandiyanın mövqeyi dəyişəcək”

“Bir şeyi başa düşmək lazımdır ki, bu gün dünyanın ən güclü dövləti Amerika olsa da, ən böyük iradlar Amerika prezidenti və Amerikanın xarici siyasəti ilə bağlıdır. İstər Türkiyə, Rusya, İran və Çin, istərsə də Avropa ölkələri Amerika rəhbərinə öz qınaqlarını bildirirlər. Azərbaycan hökumətinə hər hansı bir dövlətdən, təşkilatdan bir qınaq gələndə o qınaqları təhlil etmək, problemləri həll etmək əvəzinə, dərhal əks hücum edir. Bu, isterikaya çevilir. Faktiki olaraq proses pisləşməyə doğru gedir. Düşünürəm ki, Azərbaycan hökuməti tezliklə Norveç hökuməti ilə danışıqlar aparmalı, yaranmış problemlərin həlli istiqamətində real addımlar atmalı və Skandinaviya ölkələri ilə münasibətləri yoluna qoymağa çalışmalıdır. Çünki Azərbaycanın nə qədər çox dostu, sıx münasibətdə olduğu ölkələr olacaqsa, Dağlıq Qarabağ məsələsində bizim mövqeyimiz bir o qədər güclü olacaq. Təsəvvür edin ki, Avropa ölkələrinin bir çoxu Azərbaycandan səfirliklərini çəkdi, diplomatik əlaqələri pozdu, konsulluq səviyyəsinə endirdi, onda Dağlıq Qarabağ məsələsində biz necə Avropadan dəstək ala bilərik?! Bunlar hamısı Azərbaycanın əleyhinə olan qüvvələrə çevriləcəklər. İndi Norveç səfirliyini Gürcüstana köçürdürsə, baxın, Azərbaycan-Ermənistan məsələlərində Norveçin, İsveçin, Finlandiyanın mövqeyi necə dəyişəcək. Bu da Azərbaycanın strateji maraqlarına ziddir. Azərbaycan hökuməti hər şeyə hakimiyyətdə olanların fərdi və qrup maraqlarından çıxış edib, münasibət bildirir. Amma bunun uzağa gedən nəticələrini düşünmürlər. Düşünmürlər ki, diplomatik münasibətlərin aşağı səviyyəyə endirilməsi həm də Azərbaycanın strateji maraqlarının müdafiəsində bu ölkələrin mövqelərinin dəyişilməsinə gətirib çıxardacaq. Bu, çox ciddi bir məsələdir. Qarabağ kimi bir problemi olan ölkə bütün dünyanı öz arxasına almaq əvəzinə, mümkün qədər bu cür nüfuzlu dövlətlərin təqdirini qazanmaq əvəzinə, elə beynəlxalq davranış nümayiş etdirir ki, hamı bundan üz çevirir. Bu da Azərbaycan dövləti üçün çox ciddi nəticələrə gətirib çıxara bilər. Mənə elə gəlir ki, tezliklə bu məsələni həll etmək lazımdır”,-deyə ADP sədri əlavə etdi.

“Sən dövləti necə təmsil edirsən ki, təəssüf etmirsən?”

“Azərbaycan XİN Norveç səfirliyin bağlanmasına təəssüf etdiyini bildirir. Amma Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bunu sıradan olan adi bir hal hesab edir və deyir ki, bu, bizdə hər hansı təəssüf doğurmur. Bu fərqli yanaşma nədən irəli gəlir” sualına S. Cəlaloğlu belə cavab verdi: “Faciə burasındadır ki, Azərbyacanın bu cür məmurları var. Ona görə də bir ölkə özünün diplomatik münasibətlərini aşağı səviyyəyə endirir. O, deyir ki, bu, bizdə təəssüf doğurmur. Çünki bu adam bunun uzağa gedən nəticələrini, Azərbaycana hansı zərbə vurdğunu düşünmür. Səfirliyin bağlanması ilə bağlı verilən bəyanatın mahiyyətinə varmır. Bunlar Azərbaycanın müstəqiliyinin də əldən getməsinə, Qarabağın da ermənilərə verilməsinə təəssüf etməzlər. Bunların bir dənə təəssüf edəcəyi şey odur ki, öz qrup maraqlarına zərbə olmasın. Sən dövləti necə təmsil edirsən ki, təəssüf etmirsən? Onda Xarici İşlər Naizliyi niyə təəssüf edir? Çünki Xarici İşlər Nazirliyi çox yaxşı bilir ki, bu, nə deməkdir. Baxmayaraq ki, o adam Prezident Aparatının Xarici Siyasət şöbəsinin təmsilçisidir, görünür, o adamın xarici əlaqələrdən, diplomatiyadan başı çıxmır və bu cür addımların siyasi dillə nə ifadə etdiyni başa düşümr. Ona görə də təəssüf etmir. Bu, o adamın öz yerində olmadığını və Azərbaycan dövlətinin adından danışmaq səlahiyyətinə hazır olmadığını göstərir. Bu adam dövlətçilik şüuruna malik deyil ki, sənin dövlətinə qarşı belə bir diplomatik sanksiya tətbiq edilir, sən deyirsən ki, bu, bizdə təəssüf doğurmur. Onda Qarabağın, Azərbaycan ərazilərinin ermənilərin işğalında qalmasına da təsssüf doğurma da. Həmişə deyirsiniz ki, biz Cənubi Qafqazda aparıcı dövlətik. Necə olur ki, o aparıcılığın mərkəzi Gürcüstana doğru meyllənir?! Norveçin atdığı bu addım başlanğıcdır. Digər ölkələrin də atdığı addmlar Norveçin bu addımını təkrarlayacaq. Yəni faktiki oraq Avropa Gürcüstanı özü üçün Cənubi Qafqazda mərkəz seçib. Buna görə də Gürcüstana hər cür qayğı göstərəcəklər, dəstəkləyəcəklər, ümumi müdafiəsini təmin edəcəklər və sonda Gürcüstan Avropanın tam səlahiyyətli bir üzvü olacaq. Əvəzində isə Azərbaycan Yaxın Şərq ölkələri kimi dışlanacaq, formal münasibətlər saxlanacaq. Sən bundan təəssüf etmirsən? Bu, o deməkdir ki, sən milləti, dövləti düşünmürsən. Şəxsən mən onu bilirəm ki, İlham Əliyev bu məsələdən təəssüf edir. Yenə də deyirəm bu, kiçik bir məsələ deyil. Norveç Azərbaycanda səfirliyini açan ilk ölkələrdən biridir. Həm bu səfirlik üç ölkəni əhatə edir. O ölkələr kiçik olsa da, dünyada bu ölkələrin çox böyük rolu var. Avropanın idarə olunmasında bu ölkələrin önəmli rolu var. Norveç dünyanın ən inkişaf etmiş ölkəsidir. 4 milyon əhalisi var, 180 milyard dövlət büdcəsi var. Sən Norveçi nə hesab edirsən? Dünyanın ən böyük investor dövlətlərindən biridir. Dünyanın neft sənayesinin əsas cihazqayırması Norveçin payına düşür. Və yaxud İsveçi nə hesab edirsən? Dünya banklarının hamısı buradadır, dünyanın maliyyə mərkəzi sayılır. Eləcə də Finlandiya olsun. Deyir, “İnsanın nə qədər çox dostu olsa azdır, nə qədər az düşməni olsa çoxdur”. Yəni nəyə görə bütün dünya ölkələri səninlə əlaqə saxlamasın? 3 dövlət səninlə münasibətləri aşağı səviyyəyə salır. Sən dövlət təmsilçisi kimi deyirsən ki, bu, bizdə təəssüf doğurmur. Deməli, sən onda heç öz nüfuzun, hörmətin haqqında düşünmürsən”.

“Bu qərar verilibsə, inanmıram”

“Bundan sonra, Azərbaycan-Norveç arasında münasibətlərin normallaşmasına inanırsınızmı” sulını isə S.Cəlaloğlu belə cavablandırdı: “Yox, mən düşünmürəm. Artıq bu qərar verilibsə, inanmıram. Görünür, bunun arxasınca da Avropa ölkələri bu və ya başqa şəkildə addım atacaqlar. Ola bilsin Avropa Şurasının, Avropa Birliyinin mərkəzləri, digər Avropa strukturları Gürcüstana köçürülsün. Azərbaycan isə yaxın Şərq ölkələrinin çərgəsində olan bir dövlət kimi görünsün. Hansı ki, onların hamısının taleyi gözümüzün qabağındadır. Hikmət deyir ki, mən təəssüflənmirəm, vaxtilə Səddam Hüseyn də elə deyirdi”.

“Hikmət Hacıyev “mən təəssüflənmirəm” deməyib, “bu, bizdə təəssüf doğurmur”, deyib. Yəni dövlətin adından danışır” dedikdə isə ADP sədri vurğuladı ki, o, dövlətin adından danışa bilməz: “Dövlətin adından yalnız prezidentin danışmaq ixtiyarı var. Bir də dövlətin adından məhkəmələr qərar verə bilər. Hər yerindən duran “mən Azərbaycan dövlətinin adından belə deyirəm” deməsi gülünc bir şeydir. Bu səlahiyyət həddini aşmaqdır, prezident səlahiyyətlərini mənimsəməkdir. Onun ixtiyarı yoxdur dövlətin adından danışsın. Çünki, Konstitusiyaya görə, dövlətin adından danışmaq səlahiyyəti prezidentə, parlamantə və məhkəmələrə verilib”.

Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...