Nizami rayonunda qaydaları kim müəyyənləşdirir – Qanunlar, Arif Qasımov, yoxsa “Vesta Construction” MMC?

Baxış sayı: 
32
1  
0  

Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binada yaşayan sakinlər artıq neçə aydır təşviş içindədirlər. Onlar uzun illər yaşadıqları və heç bir narazılıqlarının olmadığı binanın bir gün gözləri qarşısında söküləcəyindən narahatdırlar.
 
Ovqat.com-a öz ərzi-gileylərini bildirən bina sakinlərinin narahatlıqları üçün ciddi əsasları da var.
 
Ona görə yox ki, həmin bina qəzalı vəziyyətdədir. Əksinə, 1970-ci ildən sonra inşa olunan bina tam sağlamdır və sovet dövründə təcrübə məqsədilə zəlzələlərə qarşı müqavimət gücü yüksək texnologiyalara əsasən tikilib. Sakinlərin bildirdiyinə görə, bina hətta 8 ballıq zəlzələyə belə tab gətirə bilər.
 
Onların yuxusunu ərşə çıxaran başqa səbəb var: “Vesta Construction” adlanan bir şirkət həmin binaya göz tikib. Dəfələrlə bina sakinlərinə könüllü olaraq yaşadıqları mənzili tərk etmələrini və şirkətlə razılaşmağı tələb edib. Əks halda, Rayon İcra Hakimiyyəti və Fövqəlazdə Hallar Nazirliyi ilə məsələni çözüb binaya qəzalı raportu alacaqları ilə onları təhdid ediblər. Bu təhdiddən qorxuya düşən sakinlərin üz tutmadığı, döymədiyi qapı, məktub yazmadığı ünvan qalmayıb. Şikayətlərinə cavab aldıqları tək ünvan isə Nizami rayon İcra Hakimiyyəti olub.
 
İcra başçısının birinci müavini Qərib Məmmədovun sakinlərin vəkili İntiqam Haciyevə yazdığı məktubda deyilir:
 
 
 
“Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə nəzərdə tutulmuş Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, söküntüsü nəzərdə tutulan 131 yaşayış binasına daxil olub-olmaması barədə müraciətinizə Rayon İcra Hakimiyyətində baxılmışdır.
 
Nəzərinizə çatdırırıq ki, Mehdi Abbasov küçəsi 6A saylı bina sözügedən qərarla nəzərdə tutulan 131 binalara daxil edilməmişdir”.
 
İcra Hakimiyyətindən aldıqları bu məktub belə sakinləri toxdatmayıb. Çünki “Vesta Construction” şirkəti bu məktubu hesaba alana bənzəmir. Sakinləri tez-tez narahat edən şirkət bu məktubdan sonra belə bütün mənzillərə elan paylayıb. Elanda hətta onlara razılaşmaq vaxt da qoyulub: “Xahiş edirik, 05.09.2019-cu il tarixindən 10.09.2019-cu il tarixinədək şirkətin ofisinə yaxınlaşasınız”.
 
 
 
Xəbərdarlıq elanında nə qədər “xahiş edirik” yazılsa da, sakinlər bu xahişin altında ciddi təhdid motivləri görürlər. Çünki şirkətin dəfələrlə şifahi xahişlərinə kəskin rədd cavabı veriblər, bununla belə, onlara bir də yazılı şəkildə müraciət ünvanlanıb. Əgər evlərini şirkətə satmaq niyyətində deyillərsə, onlardan hansı səbəbdən ofisə yaxınlaşmaq, razılaşmaq tələb olunur?
 
Doğrusu, bu sual bizi də çox maraqlandırdığından şirkətin 055-211-82-94 nömrəli telefonuna zəng etdik. Bütün israrlarımıza baxmayaraq, adını deməyən şirkət nümayəndəsi sakinlərə inanmaqdansa, həmin binanın sökülməsi nəzərdə tutulan tikililər siyahısına düşüb-düşməməsilə (!) maraqlanmağımızın daha doğru olacağını bizə xatırlatdı. Rayon İcra Hakimiyyətinin yazılı şəkildə bu suala cavab verdiyini şirkət nümayəndəsinin növbəti məsləhəti isə daha heyrətamiz idi:
 
-Onda zəhmət çəkib mətbuata yox, məhkəməyə müraciət etsinlər.
 
-Yəni siz doğrudanmı sakinlərin iradəsinə zidd olaraq o binanı sökmək istəyirsiniz? - Nə yazıq ki, bu sualımız cavabsız qaldı.
 
 
 
Əslində sakinləri ən çox narahat edən səbəblərdən biri də elə “Vesta Construction” şirkətinin bu qanuntanımazlığıdır. Bildirildiyinə görə, qarşılarındakı 2-mərtəbəli binaları söküb yerində göydələnlər ucaldan şirkət hələ də evini yıxdığı (sözün hələ ki müstəqim mənasında) vətəndaşlara mənzil verməyib. “Qarşıdakı göydələnin yerində əvvəl 2 ikimərtəbəli bina vard. Birində 16, digərində isə 32 ailə yaşayırdı. Həmin binaları söküb indiki göydələnləri tikdilər. Bu göydələnlərdə 270 mənzil yerləşir. Amma o mənzillərdən sadəcə 3-nü evlərini sökdükləri ailələrə veriblər. Onlardan biri şəhid ailəsidir və xeyli şikayətlərdən sonra mənzil ala bilib. Digərləri isə əlavə pul ödəyərək mənzil sahibi olublar. Qalanlarına indi heç zorla köçürdükləri mənzilin kirayəsi də verilmir”, -şikayətçilərdən biri belə deyir.
 
Qeyd edək ki, “Vesta Construction”-un mənzil sahiblərindən əlavə ödənişlər istəməsi barədə məlumatlar zaman-zaman dövri mətbuatda da hallanıb. Məsələn, əksər mətbu orqanlardan şikayəti dərc olunan Elşən Məmmədov tam olaraq bütün öhdəliklərini yerinə yetirdiyi halda, mənzilinə giriş hüququndan məhrum edilib. Şirkətin "MY HOME" pilot layihəsindən ev alan şikayətçinin dediklərindən:
 
 
 
"Özünü "Vesta Construction”şirkətinin icraçı direktoru kimi təqdim edən Ömər adlı şəxs açarlarımı vermək üçün 1500 manat məbləğində sayğac adı altında "şirinlik” istəyir. Mən bu qədər vəsaitimin olmadığını, 200-300 manat vermə imkanım olduğunu desəm də, razılaşmır. O, mənə Nizami icra hakimiyyətinə güvəndiyini, heç kimdən qorxmadığını bəyan etdi”.
 
(https://www.cumhuriyyet.net/gundem/117230-vesta-constuction-vətəndaslari-narazi-salir-giley.html)
 
Məsələ burasındadır ki, “Vesta Construction” şirkətindən narazı qalanların şikayətinə Nizami rayonunda qulaq asan bir Allah bəndəsi də yoxdur. Elşən Məmmədov da bunu iddia edir. Dediyinə görə, Daxili İşlər Nazirlinin 102 xidməti müraciət edən şikayətçini ordan 25-ci Polis bölməsinə yönlədirirlər:
 
“Ancaq 25-ci Polis bölməsinin sahə müvəkkili Asəf Zeynalov bu cinayətə göz yumur, heç bir tədbir görmür”.
 
 
 
Mənzil hüququ tapdalanan digər vətəndaş isə Nərgiz xanımdır (familiyası göstərilmir). Onun dediklərindən:
 
“Mən bir ildən çoxdur ki, “Vesta Costruction” şirkətindən Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “My Home” binalarından nəğd şəkildə mənzil almışam. Hətta əlavə 1500 manat sayğaç pulu ödəmişəm. 1 il 2 ay müddətində evimin təmirinə mane oldular. Çətin də olsa, təmirə başladım, indi də kommunikasiya xətlərini kəsirlər ki, mənzilimin təmirini başa çatdıra bilməyim.
 
Həmin şirkətdən mənzil alan sakinlər də eyni problemə görə hər gün binanın qarşısında etiraz aksiyası keçirirlər”.
 
Nərgiz xanım evlərinə su verilişindən də narazıdır: “Su pulunu ödəməyimə baxmayaraq, susuz qalmışam. “Vesta Construction” şirkətinin rəhbəri Ceyhun adlı şəxs isə sakinlərin bu probleminə etinasız yanaşır.”
 
Maraqlıdır ki, vətəndaşların şikayətini qulaq ardına vuran “Vesta Construction”-a layihələr Nizami İcra Hakimiyyəti tərəfindən böyük təmtəraqla verilmiş, rayon sakinləri ilə görüşən icra başçısı şirkətin şəninə xeyli tərifnamələr səsləndirmişdi. Mətbu orqanların yaddaşından hələ də silinməyən həmin məlumatlardan birini təqdim edirik:
 
 
 
“Bakıda qəzalı binaların sökülərək, əvəzində müasir binaların tikintisinə start verilir.
 
Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qeyd edilib ki, 50- 60-cı illərdə rayon ərazisində inşa edilən və hal-hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək hündür mərtəbəlilərlə əvəz olunacaq.
 
İcra başçısı Arif Qasımov qeyd edib ki, dövlət tam olaraq bu tikintiləri nəzərət edəcək:
 
"Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz. Mənzillərin təhvil verilməsinə qədər dövlət nəzərət edəcək. İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub””.
 
Bəs elədirsə, Rayon İcra Hakimiyyəti indi niyə “Vesta Construction” şirkətinin özbaşınalığına “dur” demir? Olmaya, şirkətin vətəndaşların başına gətirdiyi oyunlardan xəbərsizdir?
 
 
 
Mehdi Abbasov küçəsi, 6V saylı binada yaşayan Bədəlov Arif müəllimin dedikləri bu ehtimalı alt-üst edir. Şikayətçinin bildirdiyinə görə, icra başçısı bir gün rayon sakinləri ilə görüşmək üçün onun işlədiyi məktəbə təşrif buyurub. Arif müəllim də o iclasda iştirak edib və problemi icra başçısına şəxsən çatdırıb: “İcra başçısı da mənə dedi ki, bu məsələyə biz baxmırıq. Bina sizinlə şirkət arasında razılaşma əsasında sökülə bilər”.
 
Sual olunur: Cənab icra başçı, 2017-ci ildə Nizami rayonunun sakinləri qarşısında mətbuata çıxıb “dövlət nəzarətindən” danışmağınız nədir, 2019-cu ildə vətəndaşa “biz bu işə qarışmırıq” dediyiniz nə? Ümidvarıq ki, Cənab Arif Qasımov bu sualımıza qaneedici cavab verəcək, biz də ümid yeri bilib mətbuata üz tutan sakinləri məlumatlandıracağıq. Hələlik isə sakinlərin narahat edən əsas mətləblərə keçək.
 
Yuxarıda da vurğuladığımız kimi, “Vesta Construction” şirkətinin əvvəl sökdüyü binaların sakinlərini indiyədək evlə təmin etməməsi Mehdi Abbasov 6A sakinlərinin də kürkünə birə salır. Əməkdaşımızla söhbətləşən sakinlərdən Büllur adlı vətəndaş haqlı olaraq soruşur:
 
“Bizim binada 78 ailə yaşayır. Evi sökəndə ailələri harasa köçürməlidirlər. İndi bizim yaşadığımız ərazidə ən ucuz mənzillərin qiyməti 300 manatdır. Aya vuranda bu, 23.400 manat edir. Deməli, şirkət bir il ərzində bu binanın sakinlərinə 280 min 800 manat pul ödəməlidir. Bu 3 ildə yarım milyon manatdan çox pul edir. Şirkət hansı səbəbdən bu qədər pulu çölə atır? Niyə əvvəldən tikdiyi binada mənzil verərək bu məsrəfdən qurtulmaq istəmir?”
 
 
 
Sakinlər şirkətin binaları şəhərsalma qaydalarına uyğun tikilmədiyindən də narahatdırlar. İnsafən, bu qayğılarının da kifayət qədər əsasları var. Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın mətbuata verdiyi açıqlamaya görə, Şəhərsalma qaydalarında hundür binalar arasındakı məsafənin iki binanın hündürlüyünün yarısı qədər olması nəzərdə tutulur: “Ərazidə iki qoşa binanın hər birinin hündürlüyü 100 metrdirsə, deməli, onlar arasındakı məsafə azı 100 metr olmalıdır”.
 
“Vesta Construction” şirkətinin Nizami rayonunda tikdiyi binaların arasındakı məsafə isə 5-6 metr də deyil. Ən pisi isə odur ki, bina tam şosse yoluna bitişik tikilib. Nəticədə Mehdi Abbasov küçəsində yaşayan şagirdlər orta məktəbə şosse yolunun üzəriylə gedə bilərlər. Bu da onları hər gün təhlükə ilə üz-üzə qoyur.
 
Ərazidə çəkdiyimiz foto-şəkillər də sakinlərin bu narahatlıqlarını təsdiqləyir.
 
 
 
Nizami rayon şagirdləri bu şosse yolu ilə məktəbə gedirlər
 
Sonda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışını Nizami rayon İcra Başçısına, “Vesta Construction” şirkətinə və onun himayədarlarına xatırlatmaq yerinə düşərdi:
 
“Paytaxtda bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına... Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.
 
Dövlət başçısının dediyinə görə, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir: “Binalar heç bir qaydaya riayət olunmadan bir-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.

Загрузка...
Загрузка...