"Neft bazarında ciddi çalxalanma var" - NATİQ CƏFƏRLİ

Baxış sayı: 
241
1  
0  

"Rusiya aylardı ki, özünü və dünyanı neftin 30 dollar olmasına hazırlayır"
"Əgər qiymətlər doğrudan da 30 dollar civarında olsa və 2 il elə qalsa, Azərbaycan iqtisadiyyatı diz üstünə çökəcək, manat ciddi dəyər itirəcək"
"Neft bazarında ciddi dalğalanma, hətta çalxalanma var. Nəhayət ki, OPEC və Rusiyanın süni yolla qiyməti artırmaq cəhdləri də arxada qaldı. Bu çox önəmli məsələdir, ətraflı izaha ehtiyacı var. OPEC və Rusiya 2016-ci ilin sentyabrın sonunda hasilatı azaltmaqla bağlı qərar verdilər. Qərara görə 2016-cı ilin noyabrında kartel və Rusiya hasilatı 33,24 mln. bareldən, 32,5 mln. barelə salmağı razılaşdırdılar. 2016-cı ilin semtyabrın əvvəlində neftn qiyməti 47 dolar idi, ayın sonunda bu qərar verilən kimi neft 49 dollara qalxdı və sonra OPEC və Rusiyanın sözlü müdaxilələri, sonradan hasilatın azaldılması ilə bağlı kvotaların 1,8 mln. barelə qədər artırmaları, sözləşmənin hər il uzadılması neft qiymətlərinin yüksəlməsinə səbəb oldu". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.
Onun sözlərinə görə, 3,5 ildir ki, OPEC və Rusiya qiymətləri süni şəkildə şişirtməklə məşğul idilər:"Amma bunun əks effekti də oldu: 2016-ci ilin sentyabrında ABŞ-da neft hasilatı günlük cəmi 8,6 mln. barel idi, qiymətlər yüksəlişə keçən və “slans” neftinin maya dəyəri aşağı düşən kimi ABŞ-da neft bumu yenidən başladı – bu gün ABŞ günlük 13,1 mln. barel neft hasilatı ilə dünya birincisi oldu. Qısası, OPEC və Rusiya süni yolla bazarda 1,8 mln. barel neft azaltdılar, əvəzinə tək ABŞ bazara əlavə 4,5 mln. barel neft çıxartdı. Bundan başqa Kanada neft hasilatını artırmağa başladı, çünki hər iki ölkə bilirlər ki, neft erası sona çatmaq üzrədir. Sual yaranır: İndi nədən Rusiya OPEC anlaşmasını pozur? Rusiya anladı ki, OPEC-lə birgə süni şəkildə qiyməti artırmaq üçün hasilatı aşağı saldıqca bazar payını itirir və ABŞ “slans” istehsalçılarına nəfəs verir, beləliklə də orta və uzun vadədə yenə neft bolluğuna görə qiymət zatən düşücək. Rusiya aylardı ki, özünü və dünyanı neftin 30 dollar olmasına hazırlayır, düşünür ki, qiymət 30 dollar olub 2 il qalsa ABŞ-da “slans” istehsalçılarının bir çoxu bankrot olacaq, nəticədə daha dayanıqlı və iqtisadi əsaslara söykənən yüksək (təqribən 50-60 dollar arası) qiymət formalaşıb uzun zaman qalacaq. Amma məsələ budur ki. “slans” istehsalçıları çox çevikdilər, qərar verib, buruq qurub hasilata başlamağa cəmi 15-20 gün lazımdı. Yəni, qiymət 50 dollardan yuxarı çıxan kimi yenidən “slans” bumu yaşanacaq və qiymət yenidən ucuzlaşacaq".
İqtisadçı ekspert hesab edir ki, bu gün qiymətlərin ucuzlaşmasına yayılan koronavirus da ciddi təsir edib: "Dünyada iqtisadi aktivlik azalıb, turizm bazarı çöküb, istehsal və ixrac dibə gedir. Məsələn, fevral ayında Çində avtomobil satışları 80% azalıb, dünya turizm dövriyyəsi 34% çöküb, sərhədlər bağlanır, iş yerləri qapadılır – bütün bunlar neft istehlakını azaldan faktorlardır. Bəziləri düşünürlər ki, virus təhdidi azalan kimi qiymət artacaq, amma OPEC+ anlaşmasının ləğvi bazara əlavə 2 mln. barel neft çıxarda bilər ki, bu da qiymət artımının qarşısını alan əsas faktor olacaq. Daha bir məsələ odur ki, İranla anlaşma baş tutsa, Liviyada vətəndaş müharibəsi bitsə, Venesuelada siyasi böhran sona çatsa dünya bazarına bu 3 ölkədən əlavə olaraq 5 mln. barel neft çıxarıla bilər ki, bu da qiymətlərin uzun zaman aşağıda qalmasına səbəb olacaq. İndi gələk bizim məmləkətəmizə: Rusiyanın neft-qazdan asılılığı bizdən 2 dəfədən çox azdır, dünyada neftdən ən çox asılı olan 3 ölkədən biri Azərbaycandır. Əgər qiymətlər doğrudan da 30 dollar civarında olsa və 2 il elə qalsa ölkənin iqtisadiyyatı diz üstünə çökəcək, manat ciddi dəyər itirəcək. Xarici ticarətdə mənfi saldo yaranacaq, ölkədən valyuta qaçışı artacaq, büdcənin formalaşmasında çətinliklər olacaq, bank sektoru növbəti depressiyaya düşəcək, devalvasiya qaçılmaz olacaq".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...