"Neçə ki, gec deyil, Prezident bu sahəyə şəxsən diqqət etməli və..." - Həyəcan təbili...

"Müşrtərisini satan, qorxaq, savadsız, tənbəl, məsuliyyətsiz vəkillərlə yanaşı olduqca savadlı, prinsipial, cəsur və ləyaqətli vəkillərimiz də az deyil"
 
 
31 oktyabr 2017-ci il Azərbaycanın qanunvericilik tarixində qara ləkə kimi qalacaq.
Həmin gün Konstitusiyamıza, beynəlxalq hüquq normalarına və insan haqlarına zidd olan qanun qəbul edildi: Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin nümayəndə kimi məhkəmələrdə başqa şəxsləri təmsil etməsi qadağan edildi.
 
Məqsədim minlərlə hüquqşünasın məslək hüququndan məhrum edilməsi, bu qanunun qəbulu ilə bağlı yaranacaq sosial problemlərdən, məhkəmələrin üzləşəcəyi çətinliklərdən, xüsusilə də, əslində guya vətəndaşlarımızın “keyfiyyətli hüquqi yardım almaq hüququnu” təmin etmək bəhanəsilə qəbul edilmiş bu qanunun, tam tərsinə, vətəndaşlarımızı müdafiə hüququndan məhrum edəcəyindən yazmaq deyil.
Diqqətinizi, bu qanunun qəbulu ilə bağlı iş yükü dəfələrlə artacaq vəkillərimizin problemlərinə yönəltmək istəyirəm.
 
Əziz həmvətənlər!
 
Xarici filmlərdə tez-tez görürsünüz: saxlanılan adam ilk olaraq “mənim vəkilimi çağırın” deyir. Həbs ediləndən sonra vəkil tutmaq haqqında düşünmür. Hər bir vətəndaşın şəxsi, ailə vəkili var və həmin vəkil adam problem yaşayana qədər tutulur. Şəxsin, ailənin bütün mülki, inzibati, saxlanıldıqda və ya həbs edildikdə isə, cinayət-prosessual  problemlərini vəkil həll edir.
 
Bizdə isə hələ də bu adi gerçəyi anlamayan yüz minlərlə adam var. 
 
Niyə? Niyə bizdə vəkilə münasibət belədir? Niyə vəkil əməyinə etibar edilmir?
Saçımızı vurdurmaq üçün, dırnaqlarımızı rəngləmək üçün  şəhərin o başına gedir, istənilən qədər vaxt və vəsait sərf edirik. Heç bir dəyəri olmayan saça, dırnağa bu qədər vaxt və vəsait sərf edənlər nədən hüquqlarına vaxt ayırmır, vəsait xərcəmirlər?
Çünki ölkəmizdə vəkilin kömək edə biləcəyinə inam yoxdur. Niyə?
Çünki ölkəmizdə müstəqil məhkəmə sistemi və ədalət yoxdur. Vəkil yazıq neyləsin?!
Azərbaycanda müşrtərisini satan, qorxaq, savadsız, tənbəl, məsuliyyətsiz vəkillərlə yanaşı olduqca savadlı, prinsipial, cəsur və ləyaqətli vəkillərimiz də az deyil.
Hakimiyyət, həqiqətən də bu ölkədə yaşayan insanların “keyfiyyətli hüquqi yardım almaq hüququ”nu təmin etmək istəyirsə, ilik növbədə iki problemi həll etməlidir.
 
1. Məhkəmələrdəki rüşvət sistemi aradan qaldırılmalı, məhkəmələrin müstəqilliyi sözdə yox, əməldə təmin edilməli, müdafiə hüququnu həyata keçirməyə mane olan normalar ləğv edilməli və ya  dəyişdirilməlidir.
2. Vəkillərin maddi, sosial problemləri həll edilməlidir.
 
Birinci problemə, onun həlli yollarına toxunmayacağam. Yuxarıdakılar bunu hamıdan yaxşı bilirlər.
Bu yazıda vətəndaşlarımızın diqqətini vəkillərin və müdafiə hüquqlarımızın acınacaqlı durumuna yönəltmək istəyirəm.
Əziz həmvətənlər, özü müdafiəyə möhtac olan, maddi baxımdan sıxıntılar çəkən vəkil başqasına keyfiyyətli hüquqi yardım göstərə bilərmi? Təbii ki yox.
Bizim hakimiyyət tez-tez guya vəkilliyə qayğı göğstərməsi, vəkilliyə maddi-texniki baxımdan dəstək verməsi barədə bəyanatlar səsləndirir.
Əslində isə, dövlətin vəkilliyə tək bircə köməyi lazımdır: ölkədə qanunçuluğu bərpa etmək, qanunların işləməsinə şərait yaratmaq, məhkəmələrdən rüşvəti yığışdırıb, vəkillərin əməyinin nəticələrini puç edən ortamı dəyişmək. Vəssəlam. Bundan sonra vəkillərin maddi durumu öz-özünə düzələcək və evindəki sosial problemlərdən narahat olmayan vəkilin bütün fikri müştərisini satmağa, ondan aldığı məlumatları müstəntiqə, prokurora, hakimə ötürməklə haram pul qazanmağa yox, müştərisinin hüquqlarının keyfiyyətli medafiəsinə yönələcəkdir.
Bəs vəkillərimizin indiki maddi durumu necədir?
Vətəndaşlarımıza aydın olsun deyə, yuvarlaq rəqəmlərdən istifadə edəcəyəm.
Təsəvvür edək ki, bir vəkil bir ayda 1000 (min) manat pul qazanır. Onu da vətəndaşlarımızın bilməsini istəyirəım ki, dövlət vəkillərə əmək haqqı vermir, əksinə, vəkillər vətəndaşlardan aldıqları qonorar hesabına, onların əməyinin nəticələrini zay etməsinə baxmayaraq, dövlətə vergi verirlər.
Həmin 1000 manatdan 20 faiz Dövlət Sosial Müdafiə Fonduna tutulur.
Qaldı 800 manat.
Həmin 800 manatdan 14 faiz, yəni, 96 manat gəlir vergisi tutulur.
Qaldı 704 manat.
Həmin 704 manatdan 2 faiz, yəni 14 manat, xəstəlik və ya müxtəlif üzürlü səbəblərdən işləyə bilməyən vəkillərə yardım məqsədilə, Vəkillər Kollegiyasının depozitinə keçirilir.
Qaldı 690 manat.
Həmin 690 manatdan 42 manat Vəkillər Kollegiyasının hesabına, 140 manat isə Hüquq Məsləhətxanasının hesabına  keçirilir.
Qaldı 508 manat.
Bu 508 manatdan telefon danışıqlarına, yazışmalara,  yollara, dəftərxana ləvazimatlarına, kommunal xərclərə, məhkəmə və həbsxana yerlərindəki əməkdaşlara edilən “hörmət”lərə çəkilən xərcləri çıxdıqdan sonra vəkilə nə qədər qaldığını özünüz hesablayın.
Dövlət əmək haqqı verdiyi məmurlarla, əmək haqqı ilə təmin etmədiyi, əksinə ona gəlir gətirən vəkillərə vergi siyasətində  fərqli yanaşmalıdır.
Vəkil daha çox qazanıb ailəsini normal keçindirmək üçün daha çox iş götürməlidir ki, bir ata, bir ər kimi ailəsi qarşısında öz funksiyalarını yerinə yetirə bilsin.
Vətəndaşlarımız, bəlkə də, bilmirlər, vəkil əməyi üzücü, əsəbi, gərgin və uzanan xarakterlidir. Bir işin uğuru ilk növbədə o işin hazırlıq mərhələsindən asılıdır. Vəkil zəruri olan sübutları toplamaq üçün müxtəlif idarələrə sorğular göndərir, müxtəlif vəzifəli şəxslərlə görüşməli olur, bəzən də özündən savadsız və səviyyəsiz adamların qəbul otaqlarında saatlarla gözləməli olur. Cinayət işlərinə çıxanda isə, saxlanılan, həbsdə olan şəxslə həbsxana həyatını faktik olaraq bölüşür.
 
Götürdüyü işi keyfiyyətli aparması üçün, məhkəməyə qədərki hazırlıq mərhələsində vəkilə kifayət qədər vaxt lazımdır. Ailəsini dolandırmaq üçün isə vəkilə çox iş götürmək lazımdır. Çox iş götürəndə isə işləri keyfiyyətli aparmaq üçün vaxt çatmır. Vaxt çatmırsa, deməli keyfiyyətli hüquqi yardım da olmur. Bu məsələlər bir-birilə zəncirvari asılılıqdadır.
Ona görə də, dövlət vəkillərin problemlərini həll etməklə, dolayısı ilə, həm də vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmiş olardı.
 
Vəkillərimiz arasında yaşlanması ilə bağlı olaraq iş qabiliyyətini artıq çoxdan itirən vəkillərimiz də az deyil. Belələrinin özlərinin hüquqi və maddi yardıma ehtiyacları olsa da, Vəkillər Kollegiyası onlarla bağlı heç bir təsirli tədbir həyata keçirə bilmir. Əslində, onlar xətir-hörmətlə, təmtəraqlı şəkildə təqaüdə yola salınmalı, maddi problemləri həm də VK-nın maliyyəsi hesabına həll edilməlidir.
 Bu məsələdə hörmətli Prezidentin köməyinə də ehtiyac duyulur. Belələri Prezident təqaüdü ilə də təmin edilə bilər.
Yüzlərlə gənc vəkilin mənzil problemi var. Rayonlarda işləyən vəkillərimiz daha acınacaqlı durumdadır, onların çoxu evsiz, mənzilsizdir. Bu şəraitdə yaşayan və işləyən vəkillərdən hansı keyfiyyətli hüquqi yardımı gözləmək olar? “Ehtiyac qul eylər qəhrəmanı da”. Biz gənc vəkillərimizə sahib çıxmalıyıq ki, vəkilliyin gələcəyi daha da pis olmasın.
Hüquq məsləhətxanalarımız bərbad gündədir. 30-40 vəkil 50-60 kvadrat metrlik otaqlara doluşub. Müştərilərlə konfidensial söhbət etmək belə mümkün deyil. Ora girən vətəndaş elə ilk görünüşdən vəkilə olan inamını itirir: iş yeri belə vəziyyətdə olanların müdafiəsindən nə çıxar? Xarici vətəndaşlar isə, bilirsiniz ki, bu kimi atributlara daha çox diqqət edirlər. Savadlı, qabiliyyətli vəkilsənsə, niyə iş yerin bu gündədir, özün də acından ölürsən?
Respublikamızda minədək vəkil var. Onların arasındakı, artıq iş qabiliyyətini itirən yaşlıları və müxtəlif səbəblərdən işləməyən 200-300 vəkili çıxdıqda, qalır 700 vəkil. Bu isə o deməkdir ki, Respublikamızda hər 14 200 adama bir vəkil düşür. Bir vəkilin bu qədər adamla, sadəcə, salamlaşması üçün günlərlə vaxt lazımdır. Bəs hüquqi yardım göstərmək üçün sonuncu adama növbə nə vaxt çata bilər, yaxud da, vəkil bir gündə neçə adama məsləhət verə və məhkəməyə çıxa bilər, bunu da özünüz təsəvvür edin.
Xülasə, vəkillik acınacaqlı gündədir.
Bu isə o deməkdir ki, vətəndaşlarımızın keyfiyyətli hüquqi yardım almaq hüququ, sadəcə, deklarativ xarakter daşıyır və bu sahədə olduqca böyük problemlər var. Bu problemlər özünü tezliklə daha qabarıq göstərəcək.
 
Düşünürəm ki, neçə ki, gec deyil, hörmətli Prezident bu sahəyə şəxsən diqqət etməli, vəkilliyin problemləri nəzəriyyəçi alimlərin, praktik mütəxəssislərin, vəkillərin, hakimlərin iştirakı ilə  geniş müzakirə edilməli və əsaslı tədbirlər həyata keçirilməlidir.
 
1987-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının,
1995-1998-ci illərdə VK Rəyasət Heyətinin üzvü olmuş
Məmmədov Qurban Cəlal oğlu.

Загрузка...
Загрузка...