Nəcməddin Sadıqov Gəncə şəhərini niyə bombalamaq istəyib? - ŞOK FAKTLAR

Baxış sayı: 
37
1  
0  

Ondan yalnız işğal olunmuş rayonların sakinləri, şəhid ailələri deyil, hərbçilər də narazıdır
 
(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/rusdilli_generalin_qaranliq__kecmisinden_mdh...)
 
Xatırladaq ki, ötən sayımızda dərc olunan “Rusdili” generalın “qaranlıq keçmişi”ndən müdhiş faktlar” başlıqlı yazı dərc etmişdik. Həmin məqalə ictimaiyyətdə rezonans yaradıb və general Nəcməddin Sadıqov haqqında redaksiyamıza məlumatlar daxil olmaqla davam edir. Kəlbəcərdən məcburi köçkün düşən, uzun illərdən bəri isə Şəmkir rayonunda məskunlaşan 1943-cü il təvəllüdlü Kərimov Həmid bildirir: “21 mart 1993-cü ildə həyəcan və qorxu altında bahar bayramını (Novruz) Kəlbəcərdə qeyd edib məcburi köçkün düşmüşük. Şəmkirə 1500 nəfər gəlmişdik. İndi burda kəlbəcərlilərdən az qalıb. Ermənilər bizimlə açıq döyüşdə (üz-üzə) qələbə çala bilməzdilər. Çünki biz yüksəkliklərdə yerləşmişdik. Kəlbəcər ilə qonşu olan Laçın rayonu da daxili çəkişmələrin, sapı özümüzdən olan baltaların və Nəcməddin Sadıqov kimi generalların məkrli niyyətlərinin (planlarının) qurbanı oldu. Bizim ailə rayonu tərk edəndə 7 baş mal-qaram, 60 qoyunum, 5 xalçam və xeyli ev əşyalarım qaldı. Mənim yük maşınım var idi, 40 nəfər həmyerlimi Şəmkirə gətirmişəm. Şəmkirlilər bizi yaxşı qarşıladılar. Bizə yardım edib, həm də mənəvi dayaq oldular. Sahibkar Rafail Çoban oğlu məni və bir neçə ailəni işlə təmin etdi”.
 
Bakı şəhərində məskunlaşmış Kəlbəcərdən məcburi köçkün düşən 1956-cı il təvəllüdlü, universitetlərin birində müəllim işləyən A.Ş. (soyadı redaksiyaya məlumdu) bildirir: “Kəlbəcərin işğalı rəsmi olaraq 02 aprel 1993-cü ildə qeyd olunub. Lakin 22 mart - 01 aprelə kimi düşmən Kəlbəcərə girməyib. Bu müddət ərzində general Nəcməddin Sadıqov özünə yaxın və inandiği (etibar etdiyi) hərbçilərlə rayonun 150 qəsəbə və kəndindən xalça-palaz, mal-qara, hətta toyuq-cücəyə kimi yığdırıb, özünə qənimət götürüb”.
 
Bakıda məskunlaşmış bir neçə nəfər kəlbəcərlilər (redaksiyaya adları məlumdur) N.Sadıqovun kəlbəcərliləri öz ata-baba yurdundan məcburi köçkün salmaq üçün təxribat xarakterli (panika yaratmaq, hədə-qorxu gəlmək, vətəndaşları təhqir etmək və s.) əməllərindən danışdılar.
 
Ürək sızladan, qəlb ağrıdan bir olayı da bu yazıya əlavə etməyi özümə mənəvi borc bildim. Bu hadisəni (bu torpağa bağlılığı) mənə 1993-cü ildə Kəlbəcərdən qaçqın düşmüş, hal-hazırda Şəmkir rayonunun Dəllər qəsəbəsində məskunlaşan 1936-cı il təvəllüdlü mühəndis–şair “Kəlbəcərsiz dünyam” adlı şeirlər kitabının müəllifi Cabbarəli Kəlbəcərli (Əsədov) ürək ağrısı ilə bir neçə il əvvəl danışmışdır. Şair Cabbarəli dedi: “1993-cü ildə Kəlbəcəri tərk edəndə 83 yaşlı atam Əli öz atına minib kəndimizin (Laçın kəndi) dağlarına çəkildi. Xəstə anam, biz övladları nə qədər yalvarsaq da, atamız öz fikrindən dönmədi və dedi: “Mən Kəlbəcərsiz, kəndimiz Laçınsız heç yanda yaşaya bilmərəm”.
 
Şair danışdıqca atası Əlini xatırlayaraq həyəcanlanır, gözü yaşarırdı. Neçə illərdir bu ailənin gözü yolda, qulağı səsdədir. Ancaq hərbi əməliyyatlarda uduzan N.Sadıqov kimi generallar vəzifə pillələrində liftlə qalxmış, Azərbaycan övladlarının qanı bahasına (şəhidlərimizə Allah rəhmət eləsin) var-dövlət toplamış, layiq olmadıqları imtiyazlar əldə etmişlər. Məlumatlı şəxsin (adı redaksiyaya məlumdur) bildirdiyinə görə, N.Sadıqovun Azərbaycanda və xarici dövlətlərdə də obyektləri var. Bakıda 7 mərtəbəli villası, Dağıstanda heykəli var. Hətta onun adına Dağıstanda təqaüd təsis olunub. Həmin təqaüd imkansız və yaxşı oxuyan tələbələrə verilir. Özünü toxunulmaz və əvəzolunmaz hesab edən, Azərbaycan dilində danışmaq istəməyən bu özündən razı müştəbeh və məkrli generalın özü kimi də Şuşanı qoruya bilməyən general Elbrus Orucov və onun qardaşı Laçın kimi dostları olub. Bu polkovnik briqada komandiri olmaqla bərabər hər iki rayonun komendantı olub. Laçın və Kəlbəcəri h/h komandiri Qənizadənin vasitəsilə düşmənə təhvil veriblər.
 
Məlumatlı bir neçə şəxs isə bildirir ki, Nəcməddin Sadıqov Surət Hüseynova görə Gəncəni bombalatdırmaq istəyib. Lakin pilot (hərbi təyyarəçi) Şəmkir rayonunun Dəllər–Cəyir kənd sakini Elxan Verdiyev onun əmrini yerinə yetirməyib. Məkrli general N.Sadıqov təlim uçuşları zamanı onun təyyarəsini vurdurub. Şəhid Elxan Verdiyev Qarabağ müharibəsi başlayanda Rusiyada hərbi pilot kimi xidmət edirmiş. O bir qırıcı təyyarəni qaçırdıb. Qarabağ müharibəsində fəal iştirak edib.
 
Acınacaqlı olduğu qədər də heyrətləndirici bir olayla üz-üzəyik. Sanki bütöv bir ölkə “toxunulmaz və əvəzolunmaz generalın” şıltaqlığına 27 il dözüb, onun qeyri-qanuni hərəkətinə (fəaliyyətinə) göz yumub. O da öz məkrli planlarını həyata keçirib. Yoxsa bu general öz sahibinin tapşırıqlarını və planlarını hələ tam yerinə yetirməyib?! Ona görə də bir 27 ildə o, Azərbaycan ordusunda rus dilində şəxsi heyəti söyə-söyə xidmət etməlidir?!
 
N.Sadıqovdan yalnız işğal olunmuş rayonların sakinləri, şəhid ailələri deyil, hərbçilər də narazıdır. Mövzunu nəzərdə saxlayacağıq.
 
Bəhlul Orucoğlu,
 
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Загрузка...
Загрузка...