"Nazirin siyahısına görə Cümhuriyyət əsgərinə plov, küftə bozbaş verilirdi"- AÇIQLAMA

 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi ilə bağlı silsilə yazı və açıqlamalarını davam etdirir. Bu dəfə Cümhuriyyət hökumətinin hərbi sahəyə, ordu quruculuğuna verdiyi böyük diqqəti təsdiqlədəcək bir detalı təqdim edəcəyik.
 
Daha doğrusu, arxiv bilicisi, araşdırmaçı, İncəsənət və Ədəbiyyat Arxivinin direktor müavini Aslan Kənan sayta açıqlamasında çox maraqlı bir faktı xatırladıb. Bu fakta əsasən, biz Cümhuriyyətin əsgərə və ordu quruculuğuna nə qədər böyük önəm verdiyini görə bilərik. Təsəvvür edin,  yeni qurulan, xarici təhdidlərlə, daxili çaxnaşmalarla mübarizə aparan, maliyyə resurslarını formalaşdırmayan gənc ölkə əsgərin qayğısına necə qalırmış:
 
“Cümhuriyyətin mədəniyyət sahəsində hər hansı tədbirlər planı hazırladığını əks etdirən sənədlərlə tanış olmamışam. Ümumiyyətlə, o dövrün tələbinə uyğun olaraq mədəniyyət amili ikinci plana keçmişdi. Çünki ağır şəraitdə qurulan gənc dövlət ən birinci özünün hərbi müdafiəsini təşkil etməli, vəziyyəti sabitləşdirməli idi. Çünki kənardan hərbi və siyasi müdaxilələr çox olurdu. Bolşeviklər, daşnaklar, ingilislər, hətta gürcülər də... Belə şəraitdə əsas diqqət hərbi məsələlərin üzərinə yönəldilmişdi. Başlıca görüləsi iş bu idi. Ona görə də parlament və hökumət ən çox hərbi məsələlərlə bağlı qərarlar qəbul edib.
 
Hərb naziri Səməd bəy Mehmandarovun xalqa etdiyi müraciətlərlə tanış olmuşam. İnandırım sizi, Mehmandarov orada elə müraciət edir ki, əsgərə, hərbi qulluqçuya elə dəyər verir ki, inanmıram, sovet vaxtında bu cür münasibət göstərilə. Cümhuriyyətə qədər çar hökuməti azərbaycanlıları əsgərə aparmırdı. Hərbi xidmətə gedən azsaylı müsəlman gənclərinə isə yuxarıdan aşağı baxır və onları incidirdilər. Bu səbəbdən də, Cümhuriyyət qurulandan sonra hərbi səfərbərlik elan edildi. Bu zaman gənclərin çoxu ya getmədi, ya da boyun qaçırdı. O zaman Mehmandarovun xalqa çox gözəl bir müraciəti oldu. Əsgərin geyim tərzindən tutmuş, qidalanmasına qədər hər şeyin yüksək səviyyədə olacağını göstərən çıxış idi. Mehmandarov hərbi qulluqçulara, əsgərlərə veriləcək yeməklər siyahısında plovundan tutmuş, küftə bozbaşına qədər təamlar var idi. İnanmıram ki, sovet dövründə əsgərə o cür qayğı göstərilə. Amma təəssüf ki, bu cür dövlət az yaşadı”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...