NAXÇIVAN AZƏRBAYCANDAN AYRILIR? – Vasif Talıbovun Muxtar Respublikada “müstəqillik referendumu” keçirəcəyi haqda şayiələr yayılıb

Baxış sayı: 
386
2  
3  

 
Son vaxtlar sosial şəbəkələrdə Naxçıvanın Azərbaycandan ayrılaraq, “müstəqil dövlət” olacağı ilə bağlı xəbərlər yayılır. Öncə onu qeyd edək ki, bu informasiyanın təxribat xarakterli olması şübhə doğurmur. Üstəlik, bu haqda məlumat yayan şəxslərin sonradan öz statuslarını silməsi də informasiyanın qeyri-ciddi olması ilə yanaşı, məqsədli şəkildə gündəmə ötürüldüyünü deməyə əsas verir.
 
Məlumat üçün bildirək ki, rus dilində yayılan və bir-birinə oxşar olan statuslarda, guya, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Taqlıbovun yaxında “müstəqillik referendumu” keçirməyə hazırlaşdığı bildirilib. Hətta o da qeyd olunub ki, V.Talıbov bu məsələ ilə bağlı Türkiyədəki müəyyən dairələrlə də danışıqlar aparır, guya, Naxçıvan müstəqilllik əldə etdikdən sonra Türkiyə ilə birləşmə ehtimalı da var.
 
Qeyd edək ki, bu informasiyanın inandırıcılıq gücü sıfrın altında olsa da, təxribatçı şəbəkə yaydıqları dezinformasiyanın “mötəbərliliyini” hakimiyyət daxilində baş verən bir sıra proseslərlə pərdələməyə çalışır. İddia olunur ki, son vaxtlar Naxçıvan MR Ali Məclisinin sədri Vasif Taqlıbovla Azərbaycan hakimiyyətinin rəhbərliyi arasında ciddi narazılıq yaranıb. Bu səbədən, V.Talıbov yaxın dönəmdə Naxçıvanda referendum təşkil edərək, Muxtar Respublikaya “müstəqil dövlət” statusu qazandırmaq niyyətindədir. Məlumata görə, o, bununla həm “yuxarılar”dan qisas almağa, həm də özünün Naxçıvanın şəriksiz lideri olduğunu sübut etməyə çalışır.
 
O da vurğulanır ki, Naxçıvan MR Ali Məclisinin sədri ilə hakimiyyət rəhbərliyi arasındakı münasibətlər 9 fevral növbədənkənar parlament seçkilərindən sonra ciddi şəkildə gərginləşib. Söhbət ondan gedir ki, həmin seçkilərdə V.Talıbovun deputatlığa namizəd olan oğlunun Milli Məclisdə təmsil olunmasının qarşısı alınıb. Bildirilir ki, buna qədər də Vasif Talıbovla iqtidar rəhbərliyi arasında müəyyən narazılıq olsa da, amma oğlunun parlamentə düşməsinin qarşısının alınması onun “səbr kasası”nı daşırıb.
 
Məlumata əsasən, bundan öncə V.Talıbova Vitse-prezident postu söz verilsə də, sonradan müəyyən qüvvələr onun bu vəzifəyə gəlməsinin qarşısını alıb. Həmin vaxt Vasif Talıbov etiraz etdikdə, ona hakimiyyət daxilində gəncləşdirmə siyasəti aparıldığı deyilib və onun əvəzinə, oğlunun yüksək vəzifəyə gətiriləcəyi söz verilib. Buna rəğmən, 9 fevral seçkilərində oğlunun Milli Məclisə gedən yolunun önü kəsildiyindən, Naxçıvan MR Ali Məclisinin sədri artıq Bakıdan asılılığını aradan qaldırmaqla, hakimiyyət rəhbərliyi ilə “haqq-hesab” çəkmək fikrindədir.
 
Yuxarıda da qeyd etdiyimiz kimi, yayılan informasiya qeyri-ciddi və təxribat xarakterli olduğundan, bu məsələyə reaksiya verməmək də olardı. Lakin bizim məqsədimiz məlum təxribatların arxasında dayanan qüvvələrin kimliyini və onların çirkin niyyətlərini üzə çıxarmaqdır.
 
İlk öncə bu informasiyanın nə üçün cəfəng fikirlər toplusu olduğuna aydınlıq gətirək. Birincisi, Heydər Əliyev siyasi məktəbinin yetirməsi, böyük idarəçilik təcrübəsi olan Vasif Talıbovun heç bir halda bu cür yanlış addım atmayacağı kimsədə şübhə doğura bilməz. İkincisi, qardaş ölkə ilə münasibətlər, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər hazırda o dərəcədə yüksək səviyyədədir ki, Türkiyədə hansısa siyasi qüvvə Naxçıvanın Azərbaycandan ayrılması planının içərisində heç bir halda yer ala bilməz.
 
Odur ki, bu informasiyanın hansısa ağılsız, axmaq düşüncənin məhsulu olduğu birmənalıdır.
 
KƏNAN
 
P.S. Hesab edirik ki, hansı qüvvələr və kimlər tərəfindən yayılmasından asılı olmayaraq, bu cür təxribatların qarşısı vaxtında alınmalıdır. Odur ki, “Hürriyyət” olaraq xüsusi xidmət orqanlarına müraciət edir və dövlətimizin bütövlüyünə qarşı yönəlmiş təxribat xarakterli əməllər davamlı ola biləcəyi üçün, bunların qarşısının vaxtının alınması məqsədilə operativ tədbirlər görülməsini xahiş edirik.

Загрузка...
Загрузка...