NATO öz əsas rəqibinin ətrafında “alov çənbəri”ni daraldır

Baxış sayı: 
128
1  
0  

 
Kremlin buna müqavimət imkanları isə o qədər də ümidverici görünmür… Bu proses uğurla yekunlaşarsa, Rusiya NATO-nin hərbi mövcudluğunu “öz kürəyində” daha ciddi şəkildə və daim hiss etməli olacaq…
Vaxtilə dünya ikiqütblü sistemin şərtlərinə uyğun idarə edilirdi. Beynəlxalq hərbi-siyasi məkanda bütün problemlər və maraqlar məhz ikiqütblü dünyanın doğurduğu ziddiyyətlərdən qidalanırdı. Hər şey qarşıdurma çərçivəsində üstünlük qazanan tərəfin diktəsinə uyğun cərəyan edirdi.
 
Bir tərəfdə ABŞ və Qərb, digər tərəfdəsə, keçmiş SSRİ aparıcı supergüc rolunu oynayırdı. ABŞ Qərb dünyasını kommunizm kabusundan müdafiə şüarı altında NATO-da birləşdirmişdi. Hətta SSRİ-nin mümkün hərbi aqressiyasına qarşı ehtiyat variantlar da hazırlanmışdı.
 
Məsələn, İtaliya, Türkiyə, Almaniya, Fransa kimi bəzi ölkələrdə mövcud dövlət mexanizmlərinə paralellik təşkil edən gizli və hər şeyə müdaxilə etmək səlahiyyətlərinə sahib sistem də qurulmuşdu. Hesab olunurdu ki, SSRİ-nin hücumu dövlətin mövcudluğuna son qoyarsa, həmin “dərin parallel sistem” işğala qarşı gizli müqavimət hərəkatını təşkil edə biləcək.
 
Sonradan SSRİ dağıldı və “dərin parallel sistem” də öz əhəmiyyətini itirdi. Almaniya və Fransa “dərin parallel sistem”in öz missiyasından yayınaraq, mafiyalaşmaya meylləndiyini vaxtında aşkara çıxardı. Və qısa müddətdə bu sistem - NATO-nun “ərköyün övladları”nın şəbəkəsi sıradan çıxarıldı.
 
Ancaq İtaliya və Türkiyə kimi ölkələr bir qədər gecikdiklərindən sonradan bir sıra ciddi problemlərlə üzləşdilər. Bununla belə, İtaliya məşhur “Qladio” əməliyyatıyla NATO-nun “dərin sistemi”ni çökdürdü, Türkiyədə isə bu proses hələ də davam etməkdədir.
 
Yəni, ikiqütblü dünyanın ziddiyyətləri onilliklər ərzində davam edən əlavə problemlər də yaratmışdı. Buna əlavə olaraq, “soyuq müharibə”nin ağır nəticələrini də qeyd etmək olar. Çünki bir tərəfdə ABŞ və Qərbi təmsil edən NATO, digər tərəfdəsə, SSRİ-nin ətrafında qruplaşan sosialist düşərgəsi ölkələrinin “Varşava Müqaviləsi” dünyanı sürətlə silahlanmaya məhkum etmişdi. Hər iki tərəf yeni silahların kəşfinə və istehsalına fantastik məbləğlər xərcləyirdi.
 
Artıq SSRİ və onun liderlik etdiyi “Varşava Müqaviləsi” çoxdan dağılıb. Rusiya üçün isə eyni situasiya dəyişməz olaraq, qalmaqdadır. Çünki Kreml Rusiyanı SSRİ-nin varisi elan edib. Bununla da keçmiş SSRİ-nin beynəlxalq siyasət məkanındakı bütün missiyalarını öz üzərinə götürüb.
 
 
Ancaq SSRİ-dən qalma beynəlxalq missiya Rusiyaya faydadan daha çox zərər verir. Hər halda, dünyanın supergüclərindən biri olmuş keçmiş SSRİ ilə müqayisədə Rusiya daha zəif dövlət təsiri bağışlayır. Ona görə də “SSRİ-nin şineli” Rusiyanın əyninə böyük olmaqla yanaşı, Kremlin beynəlxalq hegemonluq iddiaları da reallaşmamış qalır.
 
Eyni zamanda, Rusiya vaxtilə hegemon olduğu regionlarda təsir gücünü də artıq tədricən itirməyə başlayıb. MDB məkanı demək olar ki, Kremlin nəzarətindən çıxmaqdadır. Postsovet məkanı dövlətlərinin inkişaf edərək, güclənməsi Rusiyanın onlara təsir imkanlarını məhdudlaşdırır.
 
Ancaq problemlər yalnız bununla da bitmir. Belə ki, Rusiya özünün sərhədləri ətrafındakı situasiyaya nəzarət və ehtiyac olanda müdaxilə etmək şanslarını da əldən verməyə başlayıb. Xüsusilə də Kreml Rusiyanın Qərb sərhədlərində - Şərqi Avropa regionunda demək olar ki, “ipləri əlindən qaçırmaq” üzrədir.
 
Məsələ ondadır ki, Şərqi Avropa regionu vaxtilə Rusiyanın tam nəzarəti altında olub. İndisə bu regiona aid dövlətlərin əksəriyyəti – Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya, Xorvatiya, Slovakiya, Sloveniya, Albaniya NATO-nun tamhüquqlu üzvləridir. Bu sıraya NATO-ya üzv olaraq, hər imkanda Kremlin “üzünə ağ olmaqdan” çəkinməyən Baltikyanı ölkələri – Litva, Latviya və Estoniyanı da əlavə etmək olar.
 
Göründüyü kimi, Rusiyanın Qərb sərhədləri NATO ölkələri ilə əhatə edilib. Yəni NATO Rusiyanın Qərb sərhədlərini öz nəzarəti altına alıb. Baltikyanı ölkələri öz sıralarına qəbul etməklə isə NATO Rusiyanın xüsusi həssaslıq göstərdiyi postsovet məkanına da yerləşməyə imkan tapıb.
 
Təbii ki, ABŞ və Qərb Rusiya ətrafındakı bu yarımmühasirəni düşünülmüş ssenari üzrə planlı şəkildə reallaşdırıb. Əsas hədəf böyük ehtimalla Rusiyanı öz sərhədləri içərisinə həbs etməkdir. Çünki öz sərhədləri içərisinə qapadılmış Rusiyanın beynəlxalq siyasət məkanında real söz sahibi ola bilməsi çətin məsələdir.
 
Vaxtilə NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı ssenari gündəmə gətiriləndə bu planın məhz Rusiyaya qarşı düşünüldüyü şübhə doğurmurdu. Elə Kremldə də həmin ssenarinin Rusiya üçün yaradacağı arzuolunmaz vəziyyətin əhatə dairəsi nəzərə alınmışdı.
 
Ona görə də bu ssenarinin ilk hədəfi olan Gürcüstanın və Ukraynanın NATO-ya tanhüquqlu üzvlük müzakirələri Kremldə qəzəb doğurmuşdu, Rusiyanın Qara dənizdəki hərbi gəmiləri ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Hərbi qarşıdurmanın savaş həddinə çatması NATO-nu geri çəkilmək və hər iki ölkənin üzvlüyünü təxirə salmaq məcburiyyətində qoymuşdu.
 
İndi artıq NATO öz istəyinə çatıb. Rusiya ətrafında öz mövcudluğunu rəsmiləşdirib. Sadəcə, prosesin tam sona çatması üçün ssenarinin yekun mərhələsinin də reallaşdırılması qalır.
 
Məsələ ondadır ki, NATO üzv ölkələrdə öz hərbi bazalarını yerləşdirmək ənənəsinə malikdir. Bu baxımdan, Baltikyanı ölkələrdə və Rusiyanın Qərb sərhədlərini qapayan Şərqi Avropa regionunda NATO-nun hərbi bazalarının yerləşdirilməsi ilə bağlı planlar qətiyyən gözlənilməz deyil.
 
Hazırda Polşada 6 hərbi bazanın yaradılması üzrə prosesə start verilib. Rəsmi Varşava buna nəinki razıdır, hətta NATO-dan hərbi bazaların yerləşdirilməsi prosesinin sürətləndirilməsini də tələb edir. Və indi NATO-Rusiya gərginliyinin maksimum həddə çatması da məhz bununla bağlıdır.
 
Düzdür, vaxtilə Kreml NATO-nun Rusiya sərhədləri yaxınlığında hava hüçumundan müdafiə sistemləri quraşdıraraq, “təhlükəsizlik çətiri” yaratmasının qarşısını ala bilmişdi. Ancaq bunun qarşılığında Rusiya öz nüvə başlıqlı raket sistemlərinin dislokasiyasını Qərb sərhədlərinə doğru sürüşdürmək niyyətindən də imtina etməli olmuşdu.
 
İndi isə vəziyyət bir qədər fərqlidir. NATO Polşanın “israrlı tələb”lərini ön plana çəkərək, bu ölkədə 6 hərbi bazanın yerləşdirilməsində qərarlıdır. Rusiyanın buna müqavimət göstərmək imkanları isə o qədər də ümidverici görünmür. Və proses uğurla yekunlaşarsa, Rusiya NATO-nin hərbi mövcudluğunu “öz kürəyində” daha ciddi şəkildə və daim hiss etməli olacaq.
 
Belə anlaşılır ki, Rusiya hazırda öz sərhədləri içərisinə qapadılaraq, təklənmiş vəziyyətə düşmək üzrədir. NATO-nun “alov çənbəri”nin daralması dünyada əsas söz sahiblərindən birinə çevrilmək hədəfindən hələlik imtina etmək niyyətində olmayan Rusiyanın “əl-qolu”nu tamamilə bağlaya bilər.
 
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Загрузка...
Загрузка...