​Narkotacir “Damdayatan Nizam”ın qızının 4 uşağı var imiş - prokuror cəza istəyəcək

Baxış sayı: 
114
1  
0  

 
Külli miqdarda narkotik satışında ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrinin dövriyyəsində ittiham edilən 35 yaşlı Şəms Səmədovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi baş tutub.
 
Elan olunan sənədlərdən məlum olub ki, 4 uşaq anası olan Şəms Səmədova daha əvvəl də məhkumluq həyatı yaşayıb. 2016-cı ildə o, narkotik ittihamı ilə həbs edilib. Lakin hamilə olduğu və himayəsində daha 3 azyaşlı uşaq olduğu üçün hökmün icrası təxirə salınıb. O da məlum olub ki, Səmədovanın uşaqlarından ikisi əqli və fiziki qüsurludur.
 
Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başa çatıb. Növbəti prosesdə dövlət ittihamçısı Səmədovaya cəza istəyəcək.
 
Məhkəmə iclası yanvarın 23-də davam etdiriləcək.
 
Bildirək ki, Şəms Səmədovadan sonra onun bacısı 32 yaşlı Lamiyə Quliyeva da tutulub. Şəms özünü təqsirli bilmir. Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.
 
Xatırladaq ki, Şəms Səmədova bir qrup şəxslə əlbir olmaqda ittiham edilir. Digər şəxslər həbs edilən zaman narkotiki Səmədovadan aldıqlarını bildiriblər.
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il mayın 18-də keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.
 
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib.
 
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb.
 
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.
 
Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.
 
İlkin Muradov,
Musavat.com

Загрузка...
Загрузка...