Nə qədər ki, bu xalq var, Sən də yaşayacaqsan!

Baxış sayı: 
49
1  
0  

Məmməd Araz 85 yaşı tamamladı. Hələ neçə 85-lər, 205, 305-lər irəlidədir. Onda bizlər olmayacağıq. Amma Sən yaşayacaqsan, Məmməd əmi!

“Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində otururduq. Mən “Mədəniyyət” qəzetində məsul katib, o isə “Təbiət” jurnalının baş redaktoru idi.

Otaqlarımız da aralı deyildi, beş addımlıqda yerləşirdi. Demək olar ki, hər gün görüşər, gəldən-getdən danışardıq. Təzə şeirlərindən verər, biz də böyük məmnunluqla çap edərdik. Qəzetin baş redaktoru, rəhmətlik Şahmar Əkbərzadənin tapşırığına əsasən Məmməd əminin şeirlərinin çapını yubada bilməzdik. Təqdim etdiyi günün sabahısı şeirlər artıq səhifədə idi. Məmməd Araz kimi nəhəng şairin şeirlərinin hər hansı qəzetdə getməsi ilk növbədə həmin mətbu orqanın nüfuzu demək idi.

Bu günədək yadımdan çıxarmadığım bir ağayanalığı da vardı Məmməd əminin. Heç qonorar istəməzdi, deyərdi ki, mənə çatacaq pulu qəzetin əməkdaşları arasında bölüşdürün. Halbuki, elə yazıçı, şairlərimiz vardı ki, materialının çapından iki-üç gün sonra redaksiyaya zəng edərək qonorarının vaxtını-vədəsini soruşardı…

Məmməd-Araz

Məmməd Araz şəxsiyyətinin zənginliyinə parlaq nümunə olan bu böyüklüyün daxilində həm də əlçatmaz bir sadəliyin işığını görürdük. İnana bilmərəm ki, o, kiminsə qəlbinə toxunacaq bir işə yol vermiş olsun. İntriqalar, dedi-qodular onluq deyildi. Bəlkə də bu məsələdə Məmməd Araz yeganə şəxslərdəndir ki, ömrünün heç bir anında heç bir qrupda iştirakçı olmayıb. Bir dəfə özü ilə söhbət zamanı bunu xüsusi ilə vurğuladı və nahaqdan ona maneçilik edənlərin hikkələrinə, mənasız hərəkətlərinə qətiyyən baş qoşmadığını dedi. Hətta sağlamlığına zərər vursa belə bu cür kənar kin-küdurətlərə heç bir vaxt qarşılıq verməyib.

Böyük Məmməd Arazla yaxşı münasibətlərimiz yaranmışdı. Yəqin bu da Allahın bir lütfü idi ki, mənə qismət eləmişdi. Əlbəttə, yaxşı dost idik, deyə bilmərəm. Əgər müasir Azərbaycan poeziyasının bu dahi şairi ilə yaş fərqi olmasına baxmayaraq bir dostluğum olsaydı, bunu özüm üçün böyük şərəf hesab edərdim. Sadəcə ortada şirin bir ünsiyyət vardı.

Günlərin bir günündə müəllimə çalışdığı Bakı Humanitar Fənlər Gimnaziyasında Məmməd Arazla məktəblilərin görüşünü təşkil etməyi xahiş elədi. Söz vermədim, çünki səhhətilə bağlı Məmməd müəllimə əziyyət vermək istəmirdim. Lakin xanımımın bunu çox arzuladığını hiss etdim. Qəlbini qırmayıb tərəddüd içərisində olsam da, Məmməd Arazdan görüşə razılıq verməsini xahiş etdim. Böyük şair məni evdəkinin yanında peşiman etmədi. Nəhayət, görkəmli şairimiz rəhmətlik Tofiq Bayram, Məmməd Araz və bəndəniz məktəbə getdik. Möhtəşəm bir görüş oldu. Şairin görüşdən məmnun qaldığını hiss edərkən özüm də sevindim.

Məmməd əmi, yubileyin çox mübarək! Səni doyunca təbrik edirəm. Qarşıda hələ çox yubileylərin olacaq. Nə qədər ki, bu xalq var, Sən də onunla birlikdə olacaqsan, Məmməd əmi!

Allah amanında!!! Hələlik!!!

 
Загрузка...
Загрузка...