"Müxalifətin tutduğu mövqe beynəlxalq ictimaiyyəti bizdən xeyli uzaqlaşdırıb" - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
112
1  
0  

"Bu gün mitinqlərin keçirilməsinə zərurət hiss etmirəm"
 
"Görünən budur ki, Qərbin Azərbaycanda demokratikləşməyə marağı azalıb"
 
"Müxalifət özünün davranışlarıyla iqtidarla beynəlxalq qurumlar arasında aparılan danışıqlarda tərəf olmaq statusunu itirib"
 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə müxalifətin parlament seçkilərinə hazırlığı, düşərgə daxilində yeni siyasi blokun yaranma ehtimalı, liderlərin bölgələrə səfər etməmə səbəbləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarında sərgilədiyi mövqe və digər mövzularla bağlı söhbətləşdik.
 
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotazrbaycanda_qisa_mddtd_yeni_siyasi_blok_t...)
 
"İndi iqtidar ölkədə hansı anti-demokratik addım atırsa-atsın nə beynəlxalq təşkilatlar, nə də Azərbaycandakı diplomatik korpus bu məsələyə reaksiya verir"
 
- Bildiyiniz kimi, bu il ərzində həm Milli Şura, həm də Qarabağ Komitəsi mitinq keçirmək üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin yanvarın 19-u istisna olmaqla, qalan bütün müraciətlərə "yox" cavabı verilib. Məsələnin maraqlı tərəfi ondadır ki, bundan sonra yenidən mitinq qərarı verilir. Sizcə, bu taktikanın əhəmiyyəti varmı? Ümumiyyətlə, bu cür hallar insanların mitinqə olan inamını azaltmırmı?
 
- Təbii ki, mitinqlərin keçirilməsinin əhəmiyyəti var. Lakin bu taktikanın heç bir əhəmiyyəti yoxdur. Açığı deyim ki, bu cür hallar demokratik proseduranı gözdən salır, müəyyən mənada xalqın demokratik proseduraya marağını, həvəsini azaldır. Belə bir məşhur məsəl var: "Yalançının evi yandı, heç kim inanmadı". Yəni vaxt gələr ki, Azərbaycanda mitinqlərə ehtiyac olar, hökumət də öz növbəsində, icazə verər, lakin bu cür oyunlar səbəbindən heç kim mitinqə gəlməz. Şəxsən mən bunu mitinq oyunu hesab edirəm. Əgər doğrudan da mitinq keçirmək zəruridirsə, o zaman bu barədə qərar qəbul edən tərəf mütləq mitinq keçirməlidir. Yox, əgər zəruri deyilsə, onda mitinq kimi ciddi demokratik proseduranı müəyyən bir siyasi qrup oyunlarının hədəfinə çevirmək olmaz. Yəni əgər sən mitinqin vacib olduğuna inandığın üçün mitinq keçirmək barədə müvafiq quruma müraciət edirsənsə, o zaman hökumətin bunu qadağan etmək ixtiyarı yoxdur. Get, mitinqini keçir, burda qanunsuz heç nə yoxdur. Əksinə, sənin mitinqinə icazə verməyən hökumətin hərəkəti qeyri-qanunidir. Bu halda sual olunur: Əgər sən Azərbaycan Konstitusiyasına uyğun addım atırsansa, onda əks tərəfin anti-konstitusion addımına niyə tabe olursan? Ona görə də bu cür vəziyyətlərdə bəzi adamlar addım atıb sonra fikirləşir, mənsə deyirəm ki, gəlin fikirləşək, daha sonra addım ataq. Məsələn, mitinq haqda qərar qəbul etdikdən sonra hökumət icazə verməsə nə olacağını fikirləşirəm. Nə o gücüm var ki, gedib qeyri-qanuni mitinq keçirim, nə də buna ehtiyac var. Onda mitinq haqda qərar vermirəm. Bəziləri deyir ki, vaxtilə ADP az qala hər gün mitinq keçirirdi, indi niyə keçirmir? Çünki bu gün mitinqlərin keçirilməsinə zərurət hiss etmirəm. Bir tərəfdən əhalinin böyük hissəsi mitinqlərdə iştirak etməkdə maraqlı deyil, digər tərəfdən hökumət mitinqlərə icazə vermir və mitinqə gələnlərə qarşı hər cür repressiya tətbiq edir. Bundan başqa, əvvəlki illərdən fərqli olaraq beynəlxalq ictimaiyyət Azərbaycandakı demokratik gəlişmələrə bir o qədər də həssas münasibət nümayiş etdirmir. Halbuki əvvəllər bir mitinqin icazə verilməməsinə görə Azərbaycan iqtidarına 50 yerdən təzyiq olunurdu. Lakin indi iqtidar ölkədə hansı anti-demokratik addım atırsa-atsın nə beynəlxalq təşkilatlar, nə də Azərbaycandakı diplomatik korpus bu məsələyə reaksiya verir. Görünən budur ki, Qərbin Azərbaycanda demokratikləşməyə marağı azalıb.
 
"Azərbaycan müxalifətinin Avropa İttifaqı ilə yeni saziş üzrə aparılan danışıqlarla bağlı heç bir məlumatı yoxdur"
 
- Sərdar bəy, Qərb dövlətlərinin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana marağının azalmasında kimi günahkar hesab edirsiniz?
 
- Bəlkə də bunun ən böyük günahkarı biz özümüzük. Çünki biz Qərbin təklif etdiyi demokratikləşmə yol xəritəsinə əməl etmədik, o yolla getmədik. Onlar neçə dəfə bizə dedilər ki, iqtidarla dialoqa getmək, bu və digər addımları atmaq lazımdır, lakin hər dəfə içimizdəki radikallar, Azərbaycanda siyasi situasiyanın dəyişməsini istəməyənlər bu təkliflərə qəti şəkildə etiraz edib, onları qəbul etməyiblər. Odur ki, mən Qərbi qınamıram. ABŞ neçə dəfə deyib ki, biz Azərbaycanda demokratikləşməni tədricən edə bilərik, inqilab edə bilmərik. Bunun üçün də mövqeyimizdə müəyyən korrektələrin edilməsi məsləhət görüldü. Lakin bu zaman bizim tərəfimizdən kimsə "Asacam, kəsəcəm" tipli bəyanatlarla radikal şəkildə çıxış edirdi. İndi də bu tip ritorikadan istifadə olunur. Belə ki, "Hakimiyyətə gəlsək, filankəsi həbs edəcəyik, filankəsi öldürəcəyik" deyirlər. Beynəlxalq ictimaiyyət bu ritorika ilə sənə dəstək verər?! Heç ölkə ictimaiyyəti də dəstək verməz. Odur ki, bizim yeni siyasi blok yaratmaqda əsas məqsədimiz dünyanın demokratik qüvvələrinin Azərbaycanda demokratiyaya dəstək verməsinə yenidən zəmin hazırlamaqdır. Çalışacağıq ki, ABŞ, Almaniya və Avropanın digər dövlətləri Azərbaycanda demokratiyaya dəstək versin. Onlar görsələr ki, doğrudan da ölkədə dinc demokratik mübarizə aparan qüvvələr var, o zaman demokratiyaya dəstək verəcəklər. Yoxsa radikal şüarlarla, gecə-gündüz hökumətə xitabən "asacam, kəsəcəm, həbs edəcəm" deməklə Qərbin dəstəyini qazanmaq mümkün deyil. Axı, bu hökumət faktiki olaraq Azərbaycanı idarə edir. Buna görə də ABŞ və Avropa hakimiyyətdə olan rəsmi tərəfi təhdid edən qüvvələri dəstəkləmir. Həm də bu, heç Qərbin də maraqlarına uyğun deyil. Bu baxımdan, mənə elə gəlir ki, müxalifətin siyasi ritorikası və tutduğu mövqe beynəlxalq ictimaiyyəti bizdən xeyli uzaqlaşdırıb. Yəni bizə dəstək verməkdən uzaqlaşdırıb. Bizim siyasi blok yaratmaqda məqsədimiz odur ki, həmin dəstəyi yenidən qazanaq. Çalışırıq ki, beynəlxalq ictimaiyyət yenidən Azərbaycanda demokratikləşməyə dəstək versin. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar gedir. Lakin buna baxmayaraq, Azərbaycan müxalifətinin bu danışıqlarla bağlı heç bir məlumatı yoxdur. Əvvəllər isə hətta ən xırda məsələ ilə bağlı bizə hesabat verirdilər. Çağırıb deyirdilər ki, filan məsələ ilə əlaqədar danışıqlar belə oldu və bu barədə bizim fikrimizi öyrənirdilər. Amma bu gün Azərbaycan müxalifəti bu danışıqlardan kənardadır. Çünki müxalifət özünün davranışlarıyla iqtidarla beynəlxalq qurumlar arasında aparılan danışıqlarda tərəf olmaq statusunu itirib. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz əvvəlki vəziyyətə qayıtmalı və yenidən demokratik institutların, beynəlxalq qurumların dəstəyinə nail olmalıyıq.
 
"Azərbaycan vətəndaşları İslam haqda ətraflı və həqiqi biliyə malik olmadığından istənilən təriqətin təsiri altına düşür, nəticədə yad ölkələrin xidmətçilərinə çevrilir"
 
- Yəqin məlumatınız var ki, son günlər ali və orta məktəblərdə dini dərslərin keçiriləcəyi ilə bağlı bir sıra informasiyalar yayılmaqdadır. Necə düşünürsünüz, buna lüzum varmı?
 
- Bugünlərdə bir deputatın çıxışına qulaq asdım. Deyir ki, mən bunu düzgün hesab etmirəm və Təhsil Nazirliyi də bunu istəmir. Təhsil Nazirliyi ölkədə rusdilli məktəblərin sayını artırır və bununla da Azərbaycanda Rusiyanın imperiya maraqlarının bərpası ilə məşğul olur. Ona görə də həm Təhsil Nazirliyinin, həm də həmin deputatın müstəqil Azərbaycan dövlətinin mahiyyətindən xəbəri yoxdur. Əgər Azərbaycan dövlətinin rəmzlərindən olan bayrağımızın rənglərindən biri İslamı tərənnüm edirsə, sən necə dövlət təhsil müəssisələrində dini təhsil verməyə bilərsən?! Hətta keçmiş SSRİ zamanında universitetlərdə ateizm adında dərs keçilib. Sovet hökuməti ateizm adlı dərs keçdikdə, niyə kommunistlərin nəvələri buna etiraz etmirdi? Niyə demirdilər ki, tədris müəssisəsində bu cür dərs keçilməməlidir?! Ateizm dinin əleyhinə idi. İndi isə biz öz dinimizə qayıtmışıq. Bu halda nədən dinimizin lehinə olan dərsi keçməyək?! "Bizə dini təhsil lazım deyil" deyənlərin hamısı ateizmi əzbər biliblər, əla qiymət alıblar. Hesab edirəm ki, ali və orta məktəblərdə dini dərslərin keçirilməsi zərudidir. Çünki Azərbaycanda yaranan problemlərin bir çoxu dini dəyərləri - halal-haramı, yaxşı-pisi, sosial həyatda iştirak məsələsini, Allah yolunda mübarizəni mənimsəməməyimizlə bağlıdır. Bu biz bu dəyərlərdən o qədər uzağıq ki, qardaşımız acından ölür, yaxud da gözümüzün qabağında həmvətənimiz bərbad vəziyyətə düşür, lakin vecimizə deyil. Yəni hamı digərlərini soymaq, talamaq istəyir. Çünki İslamın dəyərlərindən uzağıq. Bundan başqa, Azərbaycan vətəndaşları İslam haqda ətraflı və həqiqi biliyə malik olmadığından istənilən təriqətin təsiri altına düşür, nəticədə yad ölkələrin xidmətçilərinə çevrilir. Əgər vətəndaşlar öz dini haqda ətraflı məlumata malik olsa, İslamın gözəlliklərini bilsə, heç vaxt avantüraya getməz. Əgər dövlət özü dini təhsili təşkil etməzsə, o zaman dindarlar gedib xaricdə təhsil alar və həmin dövlətin təmsilçisinə dönərlər. Odur ki, Azərbaycanda həm orta məktəblərdə, həm də universitetlərdə dini təhsil olmalıdır. Ölkə vətəndaşı bilməlidir ki, İslam cəmiyyətində yaşayır və İslam dini Azərbaycan xalqının mədəniyyətinin tərkib hissəsidir. Demirəm ki, hamı mütləq namaz qılıb oruc tutmalıdır. Düzdür, bunlar İslamın vacib əməllərindəndir. Lakin vətəndaşların ən azından İslamın əsas dəyərləri haqda məlumatı olmalıdır. Nəzərinizə çatdırım ki, bu gün Avropanın bir çox təhsil ocağında İslam dini tədris olunur. Azərbaycan isə İslam dövləti olduğu halda, burda dini təhsil verilə bilməz?! Nəyə görə dini təhsil bəzi adamları bu qədər qıcıqlandırır? Mənə elə gəlir ki, əksinə biz gecikmişik. Belə ki, Azərbaycanın müstəqilliyi elan edildiyi gündən dini təhsilə başlanılmalı, ateizmin bütün əsasları aradan qaldırılmalı idi. Eyni zamanda, vətəndaşlar yad dini təriqətlərə qarşı bilikləndirilməli idi. Odur ki, mən bunu çox vacib və dövlətçilik üçün olduqca önəmli addım hesab edirəm. Fikrimcə, mütləq dini təhsil verilməlidir. Avropanın bütün ölkələrində yeddinci gün uşaqları kilsə məktəblərinə göndərirlər. İndi biz demirik ki, məscidə göndər. Deyirik ki, orta və ali məktəblərdə dini təhsil verilsin, uşaqlar İslam haqda məlumat əldə etsinlər. Axı, bunun nəyi pisdir? İnsanın biliyi genişlənir, daha geniş məlumata sahib olur.
 
"Qarabağ məsələsində Ermənistan tərəfinin mövqeyini nəzərə almaq, buna ciddi şəkildə önəm vermək düzgün deyil"
 
- Ermənistanın baş naziri Nikol Paşinyan hələ də hansı prinsiplər əsasında danışıqlar aparacağını bəyan etməyib. Sizcə, bu, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyə malik olmadığını və ya Rusiyadan, o cümlədən Kremlin himayəsinə arxalanan "Qarabağ klanı"ndan ehtiyat etdiyini deməyə əsas verirmi?
 
- Ümumiyyətlə, Qarabağ məsələsində Ermənistan tərəfinin mövqeyini nəzərə almaq, buna ciddi şəkildə önəm vermək düzgün deyil. Çünki Dağlıq Qarabağ məsələsinin arxasında Rusiya dayanıb. Bu problemin həllində tərəflər isə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Rusiya, Fransa və ABŞ-dır. Bu dövlətlər Qarabağla bağlı hansı mövqeyə gələcəklərsə, Ermənistan da ona əməl edəcək. Paşinyan kimdir ki, bu məsələdə hansısa həlledici mövqeyə sahib olsun?! O özü də bilir ki, bugünkü Ermənistan da Azərbaycan torpaqlarıdır və həmin əraziləri ruslar ermənilərə verib. Ermənilər bilmir ki, ayaqlarının altındakı torpaq Azərbaycan türklərinin dədə-baba torpaqlarıdır. Sadəcə olaraq, onlar demoqoq kimi yaranmış vəziyyətdən istifadə edərək, çalışırlar ki, mövcud situasiyadan daha çox bəhrələnsinlər. Onlara indi elə gəlir ki, torpaq əldə edirlər. Halbuki Ermənistan dövlətinin mövcudluğunu təhdid edən zəmin hazırlayırlar. Yəni onlar Qarabağ məsələsinə nə qədər bağlanırlarsa, Ermənistan bir o qədər müstəqillikdən, dövlət kimi mövcudluqdan məhrum olacaq.
 
"Türkiyəyə qarşı etinasızlıq bütünlükdə türk dünyasına qarşı etinasızlıqdır"
 
- Türkiyə-Rusiya münasibətləri daha yüksək səviyyəyə qalxsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində təsirli rol oynaya bilərmi?
 
- İnanmıram ki, onların münasibətləri bundan yüksək səviyyəyə qalxsın. Çünki Türkiyə ilə Rusiyanın arasında elə təbii problemlər var ki, onlar asanlıqla həll olunmayacaq. Sadəcə olaraq, onların yaxınlaşması taktiki addımdır və müvəqqəti xarakter daşıyır. Bu səbəbdən də iki ölkə arasındakı yaxınlaşmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacağını güman etmirəm. Bildiyiniz kimi, ABŞ və digər Qərb dairələri Türkiyəyə qarşı yanlış siyasət aparır. Bu isə strateji müttəfiqlik ruhuna ziddir. Odur ki, rəsmi Ankaranın Moskva ilə yaxınlaşması bu siyasətə bir reaksiya, verilən adekvat cavabdır. ABŞ bilməlidir ki, Türkiyə dedikdə o, bütün türk dünyasını qarşısına almalıdır. Düzdür, bəzi türk dövlətləri bu gün dünya siyasətində o qədər də önəmli deyil, lakin perspektiv olaraq Türk Dövlətləri Birliyi çox nəhəng siyasi gücdür. Bu gücün avanqardı isə Türkiyədir. Odur ki, Türkiyəyə qarşı etinasızlıq bütünlükdə türk dünyasına qarşı etinasızlıqdır.
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...