Müxalifət üçün növbədənkənar parlament seçkiləri şansı...

Baxış sayı: 
330
0  
0  

 
Azərbaycan dövlət başçısı növbədənkənar prezident seçkiləri təyin etdi. Bu seçkilər bəziləri üçün gözlənilməz olsa da, amma bir çoxları prezidentin bu qərarını gözləyirdi. Şəxsən bu sətirlərin müəllifi də dəqiq tarixini bilməsə də, Azərbaycanda aprel ayında növbədənkənar seçkilərin keçiriləcəyi haqda əminliyini dəfələrlə ifadə etmişdi. Bu yəqinlik ilk növbədə Rusiyada keçrilən prezident seçkilərinin mart ayında keçriləcəyi ilə bağlı idi. Sual oluna bilər ki, Rusiyadakı seçkilərdən bizə nə?! Əslində bu zəif arqument sayıla bilər. Ancaq unutmayın ki, Rusiyada, Putinin yaratdığı “demokratiya” Azərbaycanda da “kopirovka” edilərək, daha aşırı formada dövlətin idarə olunmasında tətbiq edilir.
 
Zənnimizcə, Azərbaycanda seçkilərin növbədənkənar keçrilməsinin bir neçə səbəbi var:
 
Əlbəttə, 2018-ci il prezident seçkilərinin keçrilməsinin zəruriliyi haqqında müxtəlif versiyalar irəli sürülür. Məsələn, “2025-ci ildə parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşə bilər”. Bu iddia ən aşağı səviyyəli arqument hesab oluna bilər.
 
Birincisi, həmin vaxt da parlament seçkilərini 6 ay irəli çəkmək olar.
 
İkincisi, əgər prezident seçkiləri önə çəkilibsə, parlament seçkilərinin də növbədənkənar keçriləcəyi heç kimdə şübhə doğurmasın!
 
Əslində, növbədənkənar seçkilərin keçriləcəyi ilə bağlı hələ 2 ay öncə deputat Zahid Oruc parlamentdə mesaj vermişdi. Lakin həmin dövrdə palamentin sədri, necə deyərlər, zamansız danışan Z.Orucun “ağzından vurmuşdu”. Lakin zaman deputatın “haqlı” olduğunu göstərdi.
 
Bəzi sosial şəbəkə istifadəçiləri hər hansı liderin həbsdə olması və mart ayında Qərbin təzyiqi ilə azadlığa çıxacağı haqda fikir bildirərək, məhz həmin namizədin oktyabrda keçriləcək prezident seçkilərində iştirakını əngəlləmək üçün bu qərarın verildiyini iddia edir. Təbii ki, bu fikir zəif arqument sayılmalı və hətta nəzərə alınmayacaq qədər olduğunu da deyə bilərik. Çünki növbədənkənar seçkilərin keçrilməsi zamanı əsasən xarici qüvvələrin - Rusiya və Qərbin Azərbaycana təzyiqlərinin az olduğu bir vaxta uyğun seçilib.
 
Bəli, seçkilərin məhz aprel ayına təyin olunması ən çox xarici faktorların təzyiqindən yayınmağa hesablanıb. Təkcə sizlərə iki seçkini nümunə gətirərək, öz fikrimi əsaslandırmağa çalışacağam.
 
2005-ci il parlament seçkiləri və 2013-cü il prezident seçkilərini xatırlayaq. Bu seçkiləri siyasilər yəqin ki, unutmayıblar! Əgər unudanlar və bilməyənlər varsa, sizə qısaca bildirim ki, 2005-ci ildə Qərbin tələbi ilə indiki dövlət başçısı bəyanat verdi ki, “müxalifətin parlamentdə qələbəsi heç də hakimiyyətin müxalifətə verilməsi demək deyildir”. Yəni bu, bir mesaj olaraq əslində Qərblə razılaşma idi ki, müxalifətə yer veriləcək və hazırkı iqtidar müxalifətlə əməkdaşlığa gedir. Lakin Rusiyanın təzyiqi və müdaxiləsi ilə iki nazir həbs olundu. Müxalifətə isə 35-45 yer verilməsi razılaşması cəmi 5-6 deputatla sonuclandı.
 
İkincisi: 2013-cü il prezident seçkiləri Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Milli Şura və “Milyarderlər İttifaqı”. Hansı ki, bu vasitədən istifadə edərək Azərbaycana düşünə bilmədiyimiz qədər zərbə vuruldu. Təbii ki, bu oyundan ruspərəst qüvvələr həm maddi, həm də mənəvi uduşla çıxdılar.
 
İndiki dönəmdə isə Rusiyanın başı ən cox özünün seçkilərinə və iqtisadi böhranla əlləşir. Təkcə bu deyil. Krım, Şərqi Ukrayna bölgəsi, Cənubi Osetiya, Abxaziya və biraz uzaqda - Suriyada hərbi qoşunların Əsəd rejiminin müdafiəsi ilə də məşğuldur. Bu kontekstdə ABŞ-Rusiya qarşıdurması nəticəsində Rusiya milyarderlərinə iqtisadi snksiyalar qoyulması haqqında qanun qəbul olundu. Həmin qanuna görə, milyarderlərin şirkətləri ilə iqtisadi əlaqə quran şirkətlər “qara siyahı”ya düşərək, dərhal iqtisadi sanksyalara məruz qalacaq.
 
Keçək ABŞ və Avropanın növbədənkanar prezident seçkilərinə münasibətinə. Verilən bəyanatlar seçkilərin Qərblə razılaşdığını göstərir. Bu razılaşma 25 illik hakimiyyətin islahatlara gedəcək vədi nəticəsində baş tuta bilər. Hakimiyyətin içində olan bəzi qüvvələr də yaxşı anlayır ki, qocalmış sistem bir gün çökəcək, təcili islahatlara getmək lazımdır.
 
Onu da xüsusi vurğulamalıyıq ki, indiyə qədər keçirilən seçkilərin demokratikliyi şübhə altındadır. Çünki 1995-ci ildən bu tərəfə keçrilən seçkilərdə müşahidəci, vəkil, səlahiyyətli nümayəndə və son parlament seçkilərində isə deputatlığa namizəd olaraq iştirak etmişəm. Sizə də bəllidir ki, məntəqə rəhbərləri və üzvləri seçkiləri saxtalaşdırmaq üçün hansı oyunlardan istifadə edirlər. Buna insanlığın ən iyrənc mənzərəsi desək, yanılmarıq. Çünki abırlı insan, bəzən də şəxsiyyət saydığın birisinin həmin gün əslində rəzil olduğu aydınlaşır.
 
Bütün bunlara rəğmən, heç də “qatar” getməyib, müxalifət biraraya gələrsə, seçkilərə ciddi təsir imkanı əldə edə bilər. Doğrudur, prezident seçkilərində müxalif düşərgənin qələbə şansı azdır. Amma, ən azı növbədənkənar parlament seçkiləri üçün bu birlik vacibdir.
 
Daşqın NURİYEV

Загрузка...
Загрузка...