​Müstəqil Azərbaycan üçün yaranan, əqrəbi həmişə qabağa gedən qəzet

Baxış sayı: 
59
4  
0  

 
Noyabrın 10-u “Yeni Müsavat”ın doğum günüdür. Qəzetin 30 yaşı tamam olur. “Yeni Müsavat” sözsüz ki, Azərbaycanda azad mətbuatın ilk qaranquşlarındandır. Qəzet bu 30 ildə şərəfli bir yol keçib, mətbuat tariximizə öz silinməz möhürünü basıb, həqiqi mənada bir örnək yaradıb.
 
“Yeni Müsavat” hətta müstəqil Azərbaycandan 2 yaş böyükdür. Məntiqidir. Çünki o, müstəqil Azərbaycanda yaranmayıb, müstəqil Azərbaycan üçün yaranıb, milli-azadlıq hərəkatının bətnindən doğaraq mücadilə verib. Bu gün də o, müstəqilliyimizin və suverenliyimizin keşiyində duran aparıcı ictimai-siyasi təsisatlardandır, medianın uzaq və ağır vuran topudur.
 
Şəxsən mənim üçün fəxrdir ki, ötən 30 ilin 21 ildən çoxu gözümün qabağında keçib – günə gün. “Yeni Müsavat”ın 500-cü, 1000-ci, 2000-ci, 5000-ci, 7000- ci saylarına imza atıb arxada qoymuşuq. İki yubileyim bu qəzetdə keçib. “Yeni Müsavat” doğrudan da bizlərdən ötrü ikinci ev kimidir...
 
Özünü tərif kimi çıxmasın, qəzet 30 ildə az qala əsrə bərabər yol qət edib, dar günün, haqsızlığa uğrayanların ünvanı olub. İndi də öz ictimai funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışır. Onun başqa bir özəlliyi odur ki, yenə də o, ictimai-siyasi proseslərə yön verib gündəm yaratmağı bacaran qəzetdir. Proseslərin arxasınca gedən yox, proses və hadisə yaradan mətbu orqandır.
 
“Yeni Müsavat”a 30 yaslı müdrik də demək olar. Zira, mübarizələrdən keçərək mətinləşənlərin, bərkiyib yetkinləşənlərin yaşı soruşulmaz, onların gördükləri işə baxılar. Bu mənada “Yeni Müsavat” həm də yaşından xeyli böyük qəzetdir.
 
Bəllidir ki, qəzet 30 yaşına heç də hazır və hamar yolla varid olmayıb. O da bəlli ki, çətinliklər qalır. Ölkədə tənqidi sözün arealının daha geniş olmasına ehtiyac var. Bunu ən azından Azərbaycana zəruri olan köklü iqtisadi-siyasi islahatların fəlsəfəsi diktə edir. Bu yolu keçmiş ölkələrin təcrübəsi isə göstərir ki, islahatlar prosesinə tənqidi medianın real dəstəyi olmazsa, ictimai şəffaflıq təmin edilməzsə, proses uğursuzluğa məhkumdur. Şübhə yox ki, “Yeni Müsavat” Azərbaycandakı siyasi sistemin “təzədən format edilməsi” prosesinə də öz layiqli töhfəsini verəcək...
 
Bəzən deyirlər ki, çap mediası virtual mediaya uduzur və gec-tez sıradan çıxacaq. Operativlik baxımından belədir. Əsrimiz yüksək texnologiyalar, çeviklik əsridir. Amma print mediası, qəzet də ölkənin canlı, yazılı tarixidir. Tarixi yaşadan əvəzsiz qaynaq, qiymətli bir mənbədir. Virtual media belə missiyaya malik deyil.
 
“Yeni Müsavat” Azərbaycanın ən yeni müstəqilik tarixini əks etdirən və gələcək nəsillərin də istifadə edə biləcəyi çox zəngin bir mənbə, tarixi salnamədir. Eyni zamanda, daima öyrəniləcək media məktəbidir. Çünki deyildiyi kimi, “Yeni Müsavat” keçilmiş yolu keçməyib, əksinə, arxasınca bir çoxunun rahat gəldiyi təzə və etibarlı yol açıb, mətbuatımızın “buzqıran”ı rolunu oynayıb.
 
“Yeni Müsavat” nəhayət, öz məxsusi dəst-xətti olan, daima yeniliyə can atan və çox vaxt da onu tapan qəzetdir. Yaxşılıqları yadda saxlayıb pislikləri unudan, geriyə deyil, həmişə qabağa baxan qəzetdir. Əqrəb bürcündə doğulan nəşr olaraq əqrəbi həmişə qabağa gedən qəzetdir...
 
Şübhəsiz “Yeni Müsavat” yazılı mətbuatın, mediamızın generalı Rauf Arifoğlunun ən uğurlu layihəsidir və hələ uzun illər xalqa, oxucuya xidmət missiyasını davam etdirəcək. Çünki gəminin sükanı peşəkar əldədir, hədəflər düzgün seçilir.
 
Qəzetə də ən birinci uzunömürlülük, sonra isə yeni zirvələr fəth etməyi, kollektivlər, hakimiyyətlər dəyişsə də strateji kursa, yəni əlahəzrət xalqa, oxucuya sadiqlik arzulayırıq. Bir də adındakı Müsavat dəyərlərinə - azərbaycançılığa, demokratiya və mənəvi-dini dəyərlərə sadiqlik diləyirəm.
 
Yubileyimiz mübarək! Yola davam...

Загрузка...
Загрузка...