Mühafizəçiləri incitməyən Brejnev, onlara qışqıran Raisa Maksimovna – İki baş katibin cangüdəninin memuarı

Baxış sayı: 
85
1  
0  

 
O, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin yeganə əməkdaşı olub ki, iki baş katibin, Leonid İliç Brejnevin və Mixail Qorbaçovun şəxsi mühafizəsinə rəhbərlik edib. Fərqli xarakterləri olan iki siyasi liderlə uzun illər işləmək Vladimir Medvedevə çox da asan başa gəlməyib. Xüsusilə də onun xidməti vəzifəsinə Mixail Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna müdaxilə edəndə...
 
DTK generalı Vladimir Medvedev 1937-ci ildə Moskva ətrafındakı Popoyu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Ordu sıralarından tərxis olunan Medvedev ilk əmək fəaliyyətinə çilingər köməkçisi kimi başlayıb. 1959-cu ildə ailə həyatı qurub. Qızı dünyaya gələndən sonra Medvedev daha yüksək maaşlı işə keçmək üçün DTK orqanlarında işləmək qərarına gəlib. Səkkiz aylıq yoxlamalardan sonra onu orqanda xidmətə qəbul ediblər.
 
Sıravi əməkdaş kimi xidmətə başlayan Medvedev qiyabi hüquq təhsili alıb. 1962-ci ildə kiçik leytenant zabit rütbəsi alan Medvedev DTK-nın 9-cu idarəsinə təyin olunub. 1967-ci ildə isə o, Leonid İliç Breynevin şəxsi mühafizəsi qrupuna daxil edilib. Bu qrupda onun vəzifəsi baş katibin nəvəsi Andreyi mühafizə etməkdən ibarət olub.
 
 
 
Sonra Vladimir Medvedyev Brejnevin şəxsi mühafizəsinin rəis müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib.
Medvedev öz xatirələrində Leonid İliçlə işləməyin rahat və problemsiz olduğunu vurğulayıb:
 
 
 
“Brejnevlə işləmək rahat idi. O, mühafizəçilərin bütün tələblərinə əməl edirdi. İstər yerli, istərsə də xaici səfərlərdə o, əvvəlcədən müəyyən olunmuş proqramdan kənara çıxmırdı. Qorbaçovdan fərqli olaraq Brejnev mühafizə əməkdaşlarına hörmətlə yanaşırdı. Brejnev yalnız bağda olarkən və ova gedərkən bizdən öz sərbəstliyini xahiş edirdi. Bəli, məhz xahiş edirdi. Çünki o, kobud rəftarı sevmirdi. Leonid İliç həmişə problemlərimizlə maraqlanırdı, həyat yoldaşı Viktoriya Petrovna isə bağda olduğumuz zaman diqqətini bizdən əsirgəmirdi. Ümumiyyətlə, bu ailə ilə işləmək çox rahat idi. Mənə əvvəlcə Brejnevin nəvəsi Andreyin mühafizəsi həvalə olunmuşdu. Bir dəfə balaca Andrey meşə gəzintisində sözümə baxmayıb sıx kolluqlara tərəf getdi, geri dönməyini tələb etsəm də, yenə sözümə baxmadı. Mən onun “yumşaq yeri”nə iki-üç dəfə vurub geri qaytardım, o isə, “babama deyəcəm, səni işdən qovsun” deyib məni hədələdi. Biz geri döndük, amma Andrey heç kimə heç nə demədi. Məni mühafizənin rəis müavini vəzifəsinə təqdim edəndə Leonid İliç “Andryuşanın dostunu deyirsiniz?” deyə soruşmuşdu və razılığını bildirmişdi...”
 
 
 
Brejnevin vəfatından sonra Vladimir Medvedev bir müddət həmin dövrdə Mərkəzi Komitənin katibi olan Mixail Qorbaçovun ailəsinin mühafizəsində çalışıb. 1984-cü ildə Qorbaçov Avstriyaya səfər edəndə Raisa Maksimovna elə təyyarədə Medvedevi sorğu-suala tutub. Medvedev sonralar həmin söhbətlə bağlı xatirələrini də bölüşüb:
 
“Raisa Maksimovna təyyarədə məni yanına çağırdı, yer göstərib əyləşməyimi xahiş etdi. O, Brejnevin dövründəki mühafizə işi ilə maraqlandı, xidməti personalın, mühafizəçilərin neçə nəfər olduğunu və bununla bağlı xeyli suallar verdi. Mən onda hiss edirdim ki, Raisa Maksimovna özünü ölkənin birinci xanımı yerinə hazırlayır. Düşündüyüm kimi də oldu, 1985-ci ildə Mixail Qorbaçov hakimiyyətə gəldi. Yeni baş katib birinci kürsüyə əyləşən kimi, 1978-ci ildən, yəni Qorbaçovun Mərkəzi Komitəyə təyin olunduğu vaxtdan onunla işləyən mühafizəçiləri, digər xidmət personalını bir nəfərə qədər hamısını işdən azad etdi. Hətta onların başqa işlə təmin olunmasına da köməkik göstərmədi. Baş katib seçildikdən 3 gün sonra DTK rəhbərliyi məni mühafizə rəisliyinə namizəd kimi Qorbaçova təqdim etdi. O, məni görcək bir az rişxəndli təbəssümlə fikrini bildirdi:
 
- Mən bunu yaxşı tanıyıram. Brejnevin mühafizəsinin rəisi olub. Ryabnikovu (Brejnevin əvvəlki mühafizə rəisini nəzərdə tuturdu) çıxmaq şərtilə bunlar hamısı araq içib kef etməklə məşğul olurdular...
 
Mən heç nə demədim. Amma bu sözlər mənə olduqca pis təsir etmişdi. Çünki mən ümumiyyətlə spirtli içki içmirdim. Bu ironiyalı münasibətə baxmayaraq Qorbaçov məni şəxsi mühafizəsinə rəis götürdü...”
 
 
 
Bu təyinatdan sonra Vladimir Medvedevin çətin günləri başlayıb. Raisa Maksimovna sözün əsl mənasında mühafizəçilərin gününü göy əsgiyə büküb. Vladimir Medvedev qələmə aldığı “Birincilərin arxasında” kitabında acı təəssüratlarını belə bölüşüb:
 
“Siyasi liderlər və onların ailələri üçün təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Bununla bağlı müvafiq qanunlar və təlimatlar da var. Bu sahədə kifayət qədər təcrübəsi olan bir şəxs kimi işimi nə qədər mükəmməl tutsam da, baş katib və onun xanımı hər addımbaşı mövcud təlimatı pozurdular. Qorbaçovlar ailəsi mühafizə əməkdaşlarını kobud ifadə etsəm, adam yerinə qoymurdular. Qorbaçov hər dəfə təhlükəsizlik tədbirlərini pozanda, mənə “artıq demokratiyadır” deyirdi. Ona təkrar-təkrar anladanda ki, sizin təhlükəsizliyinizə mən cavabdehlik daşıyıram və bu mənim vəzifə borcumdur, o, səsinin tonunu qaldırırdı:
 
 
 
- Volodya, sən həddini aşırsan, demək, artıq yerində deyilsən. Sənin fikrin var ki, baş katibə nə isə öyrədəsən?
 
Qorbaçovun bizə olan bu münasibətinə görə dəfələrlə ona sui-qəsd olundu. Məhz bu sui-qəsdlərə cəhd zamanı bizim peşəkarlığımız olmasaydı, indi yəqin ki, o da həyatda olmayacaqdı. Amma Qorbaçov bunu qiymətləndirmirdi.
 
Xarici ölkələrin birinə səfər zamanı mən əvvəlcədən Qorbaçovlar üçün ayrılmış iqamətgahı yoxlayırdım. Bu mənim birbaşa vəzifə borcum idi. Müşahidə etdim ki, iqamətgahla üzbəüz binalarda kameralar var. Buna görə də otağa tünd pərdələrin çəkilməsi ilə bağlı göstəriş verdim və bu dərhal icra olundu. Raisa Maksimovna iqamətgaha gəldi, pərdələri çəkdi və eyvana çıxmaq istədi. Mən qətiyyətlə ona başa saldım ki, eyvana çıxmaq olmaz, təhlükəsizlik tədbirlərinə görə bu qadağandır. Elə bu cümləni demişdim ki, birinci xanım şox əsəbi şəkildə üstümə qışqırdı:
 
- Sən kimsən ki, mən sənin icazənlə hərəkət edim? Sən özünü kim hesab edirsən?
 
O, pərdəni elə əsəbi şəkildə çəkdi ki, pərdə qırılıb onun əlində qaldı. Bu hadisəyə görə mühafizə qrupunda olan 4 nəfər işdən qovuldu.
 
 
 
 
 
Ən ağır vaxtlarımız Raisa Maksimovnanın əvvəlcədən planlaşdırılmamış məxfi görüşləri zamanı olurdu. O, məni qəfil çağırıb hansısa bir ünvana gedəcəyimizi deyirdi. Biz onun kiminlə görüşəcəyini, həmin məkanın təhlükəsizlik baxımından vəziyyətini bilmirdik. Ümumiyyətlə, bu görüşlərin hansı məqsəd daşıdığı da mənə qaranlıq qalırdı...”
 
Beləliklə, Vladimir Medvedev düz altı il Qorbaçovu və onun kaprizli xanımını mühafizə edib. Kreml oyunlarını müşahidə etməkdən yorulan və tükənən DTK generalı 1992-ci ildə tərxis olunaraq sonrakı həyatını yaradıcılığa həsr edib, memuarlar yazmağa başlayıb...
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...