Mühacir müxalifətçinin ailəsinə təzyiq edilir

Hazırda Avropa ölkələrinin birində mühacirətdə olan fəal İsmayılov Vüqarın ailə üzvlərinə təzyiq edilir. 

Vüqar İsmayılovun anasının turaninfo.az-a verdiyi məlumata görə, mülki geyimli şəxslər və ərazinin polisləri Vüqar İsmayılovun ailəsinə təzyiq edir, onun fəaliyyəti haqqında maraqlanırlar.

Vüqar Ismayılovun anası T.İsmayılovanın əməkdaşımıza verdiyi açıqlamasında bildirib ki, oğlu məcburiyyət qarşısında ölkəni tərk edib: “Yaşadığımız mənzil fevralın 5-dən polis mühasirəsindədir. Vüqarın aktiv siyasi fəaliyyəti hakimiyyət nümayəndələrini ciddi şəkildə narahat edir. Xüsüsən 2 fevral 2018-ci ildə Parisdə Azərbaycan Respublikasının səfirliyinin önündə keçirilən aksiyadan sonra hakimiyyət qəzəblənmişdi. Bu aksiyadan sonra ailəmizə olan təhdidlər səngimək bilmir. Vüqar ölkəni tərk edib, lakin ailəmizi yenə narahat edirlər. İstəyirlər ki, Vüqar geri qayıtsın və onu həbs etsinlər.” 

Xaçmaz şəhər icra hakimiyyəti, polis və xüsusi xidmət orqanları müxalifətçi gəncin ailəsini həbs etməklə hədələyirlər. Hakimiyyət orqanları Vüqar İsmayılovdan Facebook-a yerləşdirdiyi və ölkədə baş verən özbaşınalıqları əks etdirən videoları silməyi tələb ediblər. Vüqar İsmayılov bu təhdidləri önəmsəməsə də onun Voogarix Beethon niki ile istifadə etdiyi Facebook səhifəsi şikayət nəticəsində bağlanılmışdır. Qeyd edək ki, Azərbaycan hakimiyyəti represiyaları daha da şiddətləndirib. Daha öncə də xaricdə yaşayan insanların ailələrinə təzyiqlər olmuşdu. Fransada yaşayan Məhəmməd Mirzəlinin ailə üzvləri də təzyiqə məruz qaldıqlarını deyiblər. Onun da yeznəsi həbs edilib. Ondan əvvəl isə atası saxlanılmışdı. İlham Əliyev 15 ildir Azərbaycan Respublikasının prezidentidir. Beynəlxalq təşkilatlar onun hakimiyyəti dövründə tənqidi səslərin boğulduğunu, müxalifətçi şəxslərin və yaxınlarının siyasi təqiblərə məruz qaldığını bildirir.

Загрузка...
Загрузка...