​MTRŞ-nın Aparat rəhbəri cavab verdi: “Tezlik yox, radio Çingiz Mustafayevin adına olub”

Baxış sayı: 
104
2  
0  

 
Xəbər verdiyimiz kimi, Milli Tеlеviziya və Radiо Şurası "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz işçi tezliyə müsabiqə еlan еdib. Bu tezlik isə fəaliyyəti dayandırılan ANS ÇM radiosunun olub. Tezlik uğrunda rəqabət aparanlar arasında fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev da var. O, mətbuata açıqlamasında bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı elan etdiyi müsabiqəyə onlarla birlikdə daha 2 qurum müraciət edib.
 
Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsindən isə bildirilib ki, müsabiqəyə qatılan şirkətlərin adı dekabrın 12-dən sonra, yəni müsabiqəyə qeydiyyat başa çatdıqdan sonra açıqlanacaq.
Digər tərəfdən, bu məsələ ölkə ictimaiyyətində də birmənalı qarşılanmayıb. Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM - 102 FM radiotezliyinin müsabiqəyə çıxarılması Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olub. Bununla bağlı ziyalılar, elm xadimləri, yazıçı, jurnalist, bəstəkar, mədəniyyət xadimləri Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
 
Musavat.com-a danışan MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev bildirdi ki, ziyalıların müraciətində tezliyin satılması, ələ keçirilməsi kimi ifadələr işlədilib: “Qeyd edilib ki, MTRŞ 102 FM radiotezliyini satışa çıxarıb. Bu ifadə səhvdir. Milli Tеlеviziya və Radiо Şurası tezliyi müsabiqəyə çıxarıb. Dövlətin mülkiyyətində olan tezliyi satmaq olmaz. Tezlik dövlətə məxsusdur və bir neçə ildir ki, istifadəsiz qalıb. Biz də bu tezlikdən səmərəli istifadə olunsun deyə, onu müsabiqəyə çıxardıq. Müsabiqədə iştirak edənlər olacaq və kim o şərtləri yerinə yetirəcəksə, müsabiqənin qalibi olacaq. Hansı satışdan söhbət gedir, MTRŞ dövlət mülkiyyətini satışa çıxara bilərmi? Müsabiqənin şərtlərini yerinə yetirən şirkət qalib elan olunacaq, daha sonra lisenziyanı almaq üçün lazım olan dövlət rüsumunu ödəyəcək, lisenziya alacaq və ona uyğun da fəaliyyət göstərəcək. Onlar ödəniləcək dövlət rüsumunu bilmədən alqı-satqı kimi başa düşüblər. Lisenziya müddətsiz verilir və lazım olan şərtlərə cavab verən şirkət müddətsiz olaraq lisenziyaya sahib olur”.
 
A.Hacıyev onu da vurğuladı ki, Çingiz Mustafayevin adına radio olub, tezlik onun adına deyil: “Tezliyin Ç.Mustafayevə aidiyyatı yoxdur. Dövlətin mülkiyyəti olan tezlik boş qalıb və bu səbəbdən MTRŞ müsabiqə elan edib”.
 
Qeyd edək ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb, dekabrın 12-də bitəcək. 102,0 MHz də əvvəllər Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosunun tezliyi olub.
 
Nərgiz LİFTİYEVA,
 
Musavat.com

Загрузка...
Загрузка...