Məşhur rok müğənnisi GİZLİNLƏRİ AÇDI: “Bakı biletlərimizi xeyriyyəçi aldı” - FOTO

Baxış sayı: 
116
1  
0  

“Kapitalizmin ağır qanunlarının hökm sürdüyü dövrdə yaşayırıq. Əlinizdəki qələmdən içdiyiniz suya qədər hər şey puldur. Hətta söhbət üçün ayrılan bu məkan da pulla tutulub. Bəli, xoşbəxtliklə pul arasında bir balans var. Yaşadığımız dünyanın qanunları pul qazanmağı tələb edir. Amma mən var-dövlətlə xoşbəxt olmadım, anladım ki, çox pul səadət gətirmir”.
 
Bu sözləri xeyriyyəçi kimi tanınan rok müğənnisi Haluk Levent Publika.az-a verdiyi müsahibəsində deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda xeyriyyə konserti verən ifaçı çıxış öncəsi suallarımızı cavablandırıb.
 
- Haluk bəy, xoş gəlmisiniz. Bu, Bakıya artıq üçüncü gəlişinizdir. Bütün səfərlərin səbəbi eyni olsa da, bu dəfə məqsəd başqadır. Xərçəng xəstəliyindən əziyyət çəkən həmyerlimiz, Sura Nadirova üçün Bakıda xeyriyyə konserti verəcəksiniz. Odur ki, bu məsələ ilə bağlı duyğularınızı öyrənək.
 
- Əsl məqsədim Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlığı daha da möhkəmləndirmək və daha çox bir-birimizə sarılmaqdır. Rəhbəri olduğum AHBAB xeyriyyə dərnəyi təxminən 3 ildir ki, fəaliyyət göstərir, Türkiyədə bizə müraciət edən insanlara əlimizdən gələn yardımları etməyə çalışırıq. Əlimizdə olan imkanlarla problemlərini həll edirik.
 
Bir neçə ay əvvəl azərbaycanlı bir qızımız bizimlə əlaqə saxlayıb yardım istədi. Sura lenfoma xərçəngi olduğunu söylədi. Onun müalicəsi üçün bir çox yollar düşündük. Qızımız əməliyyat olunmalı idi, xəstəxana xərcləri yüksək idi. Ona Türkiyədə yardım edə bilərdik, amma qərara gəldim ki, o qız üçün Bakıda xeyriyyə konserti verim. Beləliklə konsertdə toplanan pullar Suranın müalicəsinə xərclənsin. Bu məqsədlə də Baklya üz tutdum.
 
İdeyanı sosial şəbəkələr vasitəsilə elan etdikdən sonra “Nargis Fondu” bizimlə əlaqə saxlayıb konsertin təşkil olunmasına hər cür dəstək olacağını bildirdi. Yeri gəlmişkən, gəldiyimizdən bəri bizi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm.
 
- Sizi həm rok ifaçısı, həm xeyriyyəçi kimi tanıyırıq. Maraqlıdır ki, bunlardan hansı sizə daha yaxındır?
 
- Hər şeydən əvvəl insan olmaq lazımdır. Əgər bunu bacarsanız, istənilən halda öndəsiniz. Vicdanlı insan olmağa çalışıram, hamımızın çatışmazlıqları var, özümü hələ bütöv və kamil hiss etdiyimi deyə bilmərəm. Musiqi mənim iç dünyamı ifadə edə bildiyim bir yoldur, insan olmaq isə həyatdakı əsas vəzifəmdir. Hesab edirəm ki, insan ola bilmək bütün dəyərlərdən alidir.
 
- Minlərlə sənətçi var, amma onların çox az hissəsi xeyriyyə ilə məşğul olur. Necə düşünürsünüz incəsənət nəyə və ya kimə xidmət etməlidir?
 
- Hər hansı əsərin cəmiyyət və sənət naminə yaradılması müzakirə mövzusudur. Sənətin cəmiyyətə xidmət etməsinin tərəfdarıyam. “Sənətimlə cəmiyyətə necə faydalı ola bilərəm”sualı ilə bu yola başlamışam. Bu, insanın dünyagörüşü və həyata münasibəti ilə sıx bağlıdır. Mən belə xoşbəxt olur və onun izi ilə gedirəm, başqası başqa formada xoşbəxt olur. Artıq xeyriyyə dərnəyimin 300 minə yaxın üzvi var. Bu xəyalımı reallaşdırmaq özümü mənə lazımlı hiss etdirir. Bu da mənə yetir...
 
- Tanımadığınız yüzlərlə insana qucaq açırsınız. Başqalarının problemlərinə başımız o qədər qarışır ki, bəzən özümüzü unuduruq. Maraqlıdır ki, öz ailənizə mənəvi baxımdan ehtiyac duyduqları sevgi və nəvazişi verə bilirsiniz?
 
- Gecə-gündüz çalışan insanlar mütləq ki ailəsinə ayırmalı olduğu vaxtdan oğurlayır. Əgər oğurlamırsınızsa, bir yerdə nə isə qırılıb. Əlbəttə ki, daha çox yanlarında olmaq lazımdır... Məsələ ondadır ki, bütün dünyanın uşaqlarını öz övladım olaraq görürəm. Dünyanı öz ailəm olaraq qəbul edirəm. Bir müddət sonra yardım etdiyimiz insanları doğmalarımızdan ayırmırıq.
 
- İnsan eqoizminin yırtıcı instiktlərini üstələdiyi bir dövrdə qarşılıqsız sevməyi və yardımsevərliyi necə və kimdən öyrənmisiniz?
 
- Özünü sevmək və eqoizm fərqli mövzulardır. Özünü sevən kəs insanlığın əsl mahiyyət və dəyərini də dərk edir. Özümü sevirəm, lakin hələn tamamlanmamışam. Hədəflərim var, yalnız onları yerinə yetirdikdən sonra özümə sevginin ilahi qatlarında əyləşməyi rəva biləcəm.
 
- Azərbaycandan yardım üçün sizə müraciət edənlər çoxdur?
 
- 2 il əvvəl Ankarada yaşayan azərbaycanlı bir ailə müraciət etmişdi, 2 uşağın da müalicəyə ehtiyacı var. “AHBAB” dərnəyinin Ankara təmsilçiləri bu ailə üçün ev tutdu, evi lazimi əşyalarla təchiz etdik, bir illik kirayəsini ödədik. Bu ailənin evində olub saatlarla söhbət etdim. Tənəffüs aparatına bağlı olan uşağa xərçəng diaqnozu qoyuldu. Onu Ankara xəstəxanasında yenidən əməliyyat etdik, amma uşaq çox zəif olduğu üçün vəfat etdi. Bir qədər sonra ailə yenidən Azərbaycana qayıtmağa qərar verdi. Qucaqlaşıb vidalaşdıq... Təəssüf ki, o uşağı xilas edə bilmədik, amma inanıram ki, Suranı sağalda biləcəyik.
 
- Azərbaycanlı izləyicilərdən gözləntiləriniz nədir?
 
- Konsert çox qısa müddətdə təşkil edildi, belə olan halda çox adam gəlməyə bilər. Hər qədər adam gəlməyindən asılı olmayaraq, Suranın əməliyyatı baş tutacaq. Bu barədə heç bir problem yoxdur. Konsertsiz də iş adamlarından, oran-burdan Suranın əməliyyat pulunu toplamaq imkanım var idi. Lakin Bakıya gəlişimin mənası olmasını istədim. Demək istədim ki, xərçəngdən əziyyət çəkən bir qızımız var və birlikdəyik.
 
- Azərbaycan musiqisi Türkiyədə çox sevilir. Siz kimləri dinləyirsiniz?
 
- Azərbaycanda tanıdığım dəyərli sənətçilər çoxdur, adlarını çəkmək istəmirəm ki, çünki unutduqlarım məndən inciyə bilər. Əslində Azərbaycan nəğmələrini Türkiyədə məndən yaxşı bilən yoxdur, bu məsələdə təvazökar olmayacam, illər boyu sizin mahnılarınızı dinləmişəm. Yeri gəlmişkən, növbəti albomumda çox gözəl bir Azərbaycan bəstəsi olacaq. Adını deməyim, qoy sürpriz olsun. Duet oxumaq planım yoxdur, önəmli olan iki ölkə arasındakı körpü yaratmaqdır. Dostluq və qardaşlığımız sadəcə siyasi xadimlər arasında qalmasın, istəyirəm ki, həqiqətən can olaq, həmişə birlikdə və yan-yana dayanaq. Xalq arasındakı körpüləri sağlamlaşdırmaq lazımdır. Bakıya evimiz kimi baxırıq. Amma bunu demək yetmir. Getmədiyin bir kəndə “O bizim kəndimizdir” demək azdır, kəndə gəlmək və tanış olmaq lazımdır.
 
- AHBAB dəryənin üzvləri arasında hansı sənətçilər var?
 
- Əlbəttə ki, bizə əl uzadan sənət adamları var. Rəhbəri mən olsam da, bu günə qədər dəstək istədiyimiz heç bir məşhur “yox” deməyib. Bir neçə dəfə məşhurlara səsləndik ki, gəlin rəhbər sizin olun, mən də dincəlim. Yorulursan, tək çatdırmırsan.
 
- Haluk bəy, tez-tez pulsuz konsertlər verirsiniz. Bəs maliyyə məsələlərini necə həll edirsiniz?
 
- Konsertlərdən pul qazanıram, lakin bu tərz xeyriyyə tədbirlərindən qonorar ummuram. Konsertdən gələn bütün pullar birbaşa xəstəxanaya getsin deyə, Bakıya biletləri də ordakı bir xeyriyyəçi aldı.
 
- Qızınız da sizin kimi yardımsevərdir?
 
- Hələ 11 yaşı var, uşaqdır. Uşaqlarda yardımsevərlik bəlli olmur, uşaq dünyası xəyallardan ibarətdir. Önəmli olan o xəyalları böyüdükdən sonra yerinə həyata keçirəkdir. Uşaq olanda hamımız dünyanı qurtarmağa can atırdıq, amma böyüyüb kirləndirdik.
 
- Müsahibələrinizin birində çoxlu borcunuz olduğunu, hətta 2089-cu ilə qədər ödəyib bitirə bilməyəcəyinizi demisiniz.
 
- Bu zarafatla deyilmişdi. Problemlərimi həll etmişəm, indi həm ölkəm, həm də dünya üçün gözəl işlər görməyə çalışıram.
 
- Başqa hansı xeyriyyə layihələriniz var?
 
- Layihə adamı deyiləm, gözlənti deyə bilərik. Türkiyədə gənclər arasında narkotik maddə istifadəçilərinin sayı getdikcə daha da artır. Məktəb və litseylərdə sintettik maddə istifadəsi çoxalıb. Bununla bağlı “Uyuşmayalım” adlı bir çox məktəblərin qatıldığı 100 konsertlik layihə həyata keçirməyi planlaşdırırıq.
 
- Digər ölkələrin vətəndaşlarına da əl uzadırsınız?
 
- Əlbəttə! Məsələn, kolumbiyalı rəqqaslar bir aya yaxın Türkiyədə pis vəziyyətdə qalmışdı, vətənlərinə qayıtmağa biletləri yox idi. Biletlər çox baha idi deyə heç kim yardım etmirdi, AHBAB dərnəyi məsələyə əl qoydu. İş adamları və Türk Hava Yolları ilə danışıqlar aparıb ortaq qərar çıxardıq. Beləliklə onları ölkələrinə yola saldıq. Sonra Kolumbiya dövlət başçısı bizə təşəkkür məktubu yollamışdı. Eyni zamanda Yeni Zenlandiyadan təşəkkür məktubu almışıq.
 
- Konsertin əsas səbəbkarı - Sura ilə görüşmək imkanınız olub?
 
- 5 gün əvvəl evinə qədər getmişdim. Dedim ki, narahat olma, hər şey çox gözəl olacaq. İlk əməliyyatı baş tutub, iki həftə ərzində də ilik köçürülməsi baş tutacaq.
 
- Ötən həftə Bakının qonağı olan aktyor Oqtay Kaynarca Bakıdan ev almaq arzusunu dilə gətirmişdi. Sizin belə istəyiniz yoxdur ki?
 
- Ev almasam, nə olacaq gedib dostlarında və hoteldə qala bilərsən. Evin önəmi yoxdur. Hər şeyimlə səmimi və açıq olmağı sevirəm, bər-bəzəkli cümlələrdən uzağam. Biz canıq, önəmli olan budur.
 
- Pul bir xeyriyyəçi üçün nə ifadə edir?
 
- Kapitalizmin ağır qanunlarının hökm sürdüyü dövrdə yaşayırıq. Əlinizdəki qələmdən içdiyiniz suya qədər hər şey puldur. Hətta söhbət üçün ayrılan bu məkan da pulla tutulub. Bəli, xoşbəxtliklə pul arasında bir balans var. Yaşadığımız dünyanın qanunları pul qazanmağı tələb edir. Amma mən var-dövlətlə xoşbəxt olmadım, anladım ki, çox pul səadət gətirmir.
 
- Allaha inanırsınız?
 
- İnanclı insanam...
 
Aytən Məftun
 
Pərviz Həşimi

Загрузка...
Загрузка...