M.Ə.Rəsulzadə sosializm-marksizm haqqında

Baxış sayı: 
100
1  
0  
Azərbaycan Milli qurtuluş hərəkatının görkəmli ideoloqu M.Ə.Rəsulzadənin zəngin irsini oxuduqca maraqlı məqamlarla qarşılaşmaq mümkündür.Onun dərin savadı, ideoloji nəzəriyyələri dərindən öyrənib təhlil etmək savadı heyrət doğurur.Oxuculara təqdim etdiyim “İxtilalçı sosializmin iflası və demokrasinin gələcəyi” movzusunda olan çıxışndan bir hissəni  oxuculara təqdim edirəm. 
 
Nəsiman Yaqublu, professor, tarix elmləri doktoru,
“Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri
 
Sosializmdə marksizm
 
Sosializm Marksdan başlamaz. İnsan mədəni bir cəmiyyət halında yaşadığı andan etibarən, sosializm fikri ilə aşina olmuşdur. Daha qədim Yunanıstan sosializm məfkurəsini bilirdi. Yunan filosoflarından Əflatun (Platon) ideal dövləti xüsusi mülkiyyətdən azadə bir iştirak əsası üzərinə təsəvvür ediyordu. Ondan sonra cahan mütəfəkkirləri arasında sosializm fikri ilə məşğul olan nəzəriyyəçilər çox olmuşdur. Sosializm tarixi Ouen, Furye, Sen-Simon, Prudon və sairə kibi böyük idealistlərin çox hərarətli dəvətlərini, çox müxəyyəl təsəvvürlərini təsbit etmişdir. Bu mücahidlər bəşəriyyətin zərurətdən xilas olacağını, paranın ortadan qalxacağını, insanın istədiyi kibi çalışıb, istədiyini bulacağını təsəvvür ediyorlardı; işbu ədalət, üxüvvət və müsavat dünyasının biran əvvəl vücuda gəlməsi üçün idealistik propaqandalara təvəssül ediyor, sosializmin gələcəyinə romantik bir etiqadla inanıyorlardı.
Bununla bərabər sosializm Marksın zühuruna qədər cahanşümul bir mahiyyəti iktisab etməmiş, sosializm mötəqidlərinə xəyal ilə uğraşan “utopist”lər kibi baxılmışdı. Marksın bütün qiyməti bu xəyala elm sosu verməkdir. O, buna müvəffəq oldu. Marksdan əvvəlki sosializmə xəyali sosializm, onun təsis etdiyi sosializmə isə elmi sosializm denildi ki, digər təbiri də marksizmdir.
Marksizm yalnız dünya tərəqqisinin, kapitalizm inkişafının sosializmə müntəhi və dünya cənnətinin təhəqqüq edəcəyini iddia etməklə iktifa etmədi. O, bu tarixi sirrin nə surətlə hüsula gələcəyi həqqində bir nəzəriyyə təsis etdi. Hegelin tarixi idealizmə tətbiq elədiyi təarüz dialektik qanununu tarixi maddəçiliyə tətbiq edərək o, dini, ictimai və siyasi müəssisələrin sabit bir şey olmayıb daima təhəvvül etdiyini və bu təhəvvüldə fikirdən ziyadə maddənin, hətta münhəsirən maddənin, amili-müəssir olduğunu iddia elədi.
Koyu materialist olan Marksa görə cəmiyyət yekparə bir vücud deyildir. O, müxtəlif siniflərdən ibarətdir. Bu siniflər istehsaldakı mövqelərinə görə təyin edib yekdigəri ilə rəqabət və hətta mücadilə etməkdədirlər. İctimai hər sistem müəyyən bir sinif hakimiyyəti üzərinə qaimdir. Kapitalizm sistemini təmsil edən sinif burjuadır. Sosializm sistemini təhəqqüq etdirəcək sinif də əmələdir. Marks “proletariat” ismi ilə başqa muzdurlardan təfriq etdiyi kapitalist sənayeindəki əmələyi idealizə edər.
Marks və arkadaşı Engelscə millət kibi dövlət də daimi bir müəssisə deyildir. Bunlar kapitalizmlə məşrut birər məfhumdurlar. Onlarca, millət və dövlətlər arasındakı mücadilələr belə, bir millət və dövlət içindəki sinif mücadilələri kibi iqtisadi mənfəət ixtilaflarının birər ifadəsidir. Millətlər yox, yalnız siniflər vardır. Zərurət dünyasının malzəməsi olan dövlətin də, millətin də ortadan qalxması üçün bu müəssisələrlə əlaqəsi olmayan “proletarya” sinfinin zəfərinə lüzum vardır. Bu zəfər isə gələcək. “Əmələ diktaturası” elan olunacaqdır. Diktaturayı təsis edən əmələ isə tədricən dövlət müəssisəsini inhilal etdirəcək və hürriyyət dünyası vücuda gələcəkdir. Bunun üçün Marks Hegelin xilafına olaraq əsri dövləti idealizə etməz, biləks onu inkar edər. Marksca əsri dövlət kapitalistlərin diktaturasından ibarətdir. Əsası zülm və qasiblik üzərinə qurulmuş bir binadır. Bu bina yıxılmalıdır. Bunun üçün o, siniflərin təsanüdünü rədd, mücadilələrini qəbul və təqdis edər. Əsri cəmiyyətin bünyəsində qoyulan sinif mücadiləsini yumşaltmaq istəyən ictimai islahatçılar marksizmə görə “qasiblərin qəsbə uğraması” gününü təxir edən və bununla yeni məsud həyatın doğmasını müşkülləşdirən zavallı utopistlər və idareyi-məsləhətçilərdir. Marks ilə arkadaşı Engels bilxassə nəşriyyata başladıqları ilk dövrdə sosialist inqilabının biran əvvəl hülul edəcəyini bəkliyor və bu ümid ilə əmələyi təşkilata dəvət ediyorlardı.
 
Kommunist manifesti
 
Marks Adam Smit, Şarl Jid, List və sairə kibi yalnız yeni bir məktəb təsis etmiş böyük iqtisad alimi deyildir. O, eyni zamanda sosializmin mühəqqəq surətdə gələcəyinə və proletaryanın bir zərbeyi-inqilabla əsarətdən hürriyyətə atılacağına iman etmiş bir dahi idi. Cahan fikriyyatı üzərindəki əhəmiyyəti də bundandır. Bu sayədədir ki, o, digər iqtisad alimləri kibi yalnız kəndi şagirdləri və kəndinə mümasil mütəxəssislər arasında qalmayıb, aləmşümul bir şöhrətə malik, dinləri inkar edən yeni əmələ dininin peyğəmbəri olmuşdur. Bu dinin kitabı biliyorsunuz ki, “Kapital”dır. “Kapital”ın üç böyük cilddə söyləmək istədiyi Marksla Engels tərəfindən yazılan “Kommunist manifesti”ndə xülasə edilmişdir.
1848-də nəşr olunan və 1872-də təkrar nəşr edilirkən müəllifləri tərəfindən 25 sənə sonra olsa dəxi hökmündən bir sətrini olsun qeyb etmədiyi iddia edilən bu vəsiqə ixtilalçı marksizmin etiqad etdiyi əsasları qüvvətlə ifadə etməkdədir. Bu vəsiqəyə görə “həyati-bəşər bütün təfərrüatına varıncaya qədər dəyişməyə məhkumdur. Burada dini, əxlaqi, ictimai və siyasi bütün qanunları ilə şimdiki dünyaya elani-hərb edilmişdir. Tarixi irtibatların, ənənələrin hüdud və xüsusiyyətlərin kaffəsinə bir qələm çəkilmişdir. Bu yeni müəzzəm və hiddət qarşısında ailə, milliyyət, sinif fərqi ortadan qalxdığı kibi, vətən, dövlət və mülkiyyət məfhumları da zail olmalıdır. Proletarya bəşəriyyəti hər növ istismar, təzyiq və mücadilə külfətindən xilas etmək kibi müqəddəs bir vəzifə ilə müşərrəfdir”.
Manifestə görə bir tərəfdən sərmayələrin birikməsi, digər tərəfdən cəmiyyətin proletarizə edilməsi sayəsində çox çəkməz mütərəqqi Avropa dövlətlərindən birində, təxsis Almaniyada əmələ hakimiyyəti əlinə alır; “proletarya diktaturası”nı təsis edər və bu surətlə o, digər cahan əmələlərinə rəhbərlik edərək kapitalizm dünyasını devirər.
İxtilalçı sosializmin cahan cənnəti həqqində bəslədiyi ümid “Manifest”də olduğu qədər qüvvət, məntiq vüzuh və cəsarətlə başqa bir yerdə ifadə edilməmişdir.
 

 

 
Загрузка...
Загрузка...