​Mərhum müğənninin qatil oğlu bəraət hökmündən narazıdır – Yeni xəbər

Baxış sayı: 
84
1  
0  

 
Bakıda qətl törətməkdə təqsirli bilinən Tuncay Vəliyev və Fərman Ocaqquliyev barələrində olan məhkəmə hökmündən apelyasiya şikayəti veriblər.
 
Teleqraf.com xəbər verir ki, hər iki təqsirləndirilən şəxs apelyasiya şikayətlərində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisləri də apelyasiya şikayəti verərək təqsirləndirilənlərin cəzasının ağırlaşdırılmasını istəyiblər.
 
Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib, hakim Namiq Məmmədovun icraatına verilib.
 
Məhkəmənin ilkin baxış iclası oktyabrın 14-nə təyin olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Ocaqquliyev 19 il, Tuncay Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Tuncay Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verilib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
 
Xatıraldaq ki, prokuror çıxışında hər iki şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
İttihama görə, ötən il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, Rəşad Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
 
İstintaq araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər hadisə yerində olan Taleh Məmmədzadəyə də xəsarət yetiriblər.
 
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı müəyyən edilib. Bu, Fərman Ocaqquliyevdir.
 
Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 221.1-ci (xuliqanlıq) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən arkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
 
Xatırladaq ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur.
 
Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...