MOSKVA “QAZ”A BASIR - Kreml İrəvana Yeni il sürprizi hazırlayır

Baxış sayı: 
70
3  
1  

Moldovaya satdığı mavi yanacağı ucuzlaşdıran Rusiya forpost Ermənistana eyni lütfü göstərməyə tələsmir - səbəb; Paşinyan çəkiclə zindan arasında qalıb...
 
Ermənistan baş naziri Nikol Paşinyanın facebook-dan erməni xalqına son canlı müraciəti əslində hakimiyyətdə olduğu ilyarımda reallaşmayan vədləri maskalamaq cəhdi idi. Gerçək belədir ki, inqilabçı baş nazir ermənilərə “qızıl dağlar” bəxş edə bilməyib. Ölkədə “iqtisadi inqilab” deyilən bir şey də baş verməyib. Əhalinin dolanışığı yenə ağır olaraq qalır, ölkədən kütləvi köç dayanmayıb. Xarici sərmayələrdən isə hələ də xəbər yoxdur. Problemlərin problemi olan Dağlıq Qarabağ konfliktinin həlli də ki daha mürəkkəb duruma salınıb.
 
Lakin hazırda Paşinyan hökuməti üçün 1 nömrəli məsələ havaların soyuması ilə əhalinin əsas ərzaq təminatına və istiliyə olan ehtiyacı təmin etmək, bu zaman həyati vacib məhsullar və xidmətlərin qiymətinin artmasına imkan verməməkdir. Çünki baş nazirin daxildəki reytinqi bu qiymətlərdən və əhalinin qışdan necə çıxacağından birbaşa asılıdır. Bu isə olduqca qəliz məsələdir.
 
Ələlxüsus ona görə ki, Rusiyanı Ermənistanla birləşdirən və ərzaq yüklərinin daşındığı əsas avtomobil yolu - Gürcüstan yolu (Yuxarı Lars) havaların soyuması ilə əlaqədar artıq vaxtaşırı bağlanır. Üstəgəl, Ermənistana satılan Rusiya qazının qiyməti ilə bağlı hələ də İrəvanla Moskva arasında anlaşma əldə olunmayıb. Məsələ ilə bağlı ən yüksək səviyyədə - iki baş nazir və Putinlə danışıqlar da İrəvan üçün müsbət sonuclanmayıb.
 
Bu il dekabrın 31-də isə müqavilənin vaxtı bitir və o yenilənməlidir. Ehtimal var ki, Rusiya qazın qiymətini qaldıracaq. Yada salaq ki, 2019-cu il yanvarın 1-də Ermənistana verdiyi təbii qazı 15 dollar qaldırıb və hazırda qiymət min kub metr üçün 165 dollardır. Mavi yanacaq isə enerji daşıyıcısı olduğu və istilik-elektrik stansiyaları da qazla işlədiyi üçün bu artım dərhal ərzaq məhsullarının  qiymətlərində və kommunal ödəmələrdə, bütövlükdə əhalinin güzəranında neqativ planda özünü göstərəcək.     
 
*****
 
Artıq Ermənistan əhalisində, hətta ekspert camiyəsində Yeni ilin yaxınlaşması ilə qazla bağlı əndişə artmaqdadır. İşğalçı ölkədə təlaş var ki, təbii qazın qiymətindən adətən iqtisadi yox, siyasi təzyiq rıçaqı kimi istifadə edən Moskva bu dəfə də fürsəti əldən verməyəcək.
 
Hərçənd Paşinyan bu ilyarımda Moskvanın “cızığı”ndan çıxan hansısa addım atmayıb, buna cürət etməyib. İnqilab öncəsi verdiyi hay-küylü anti-Rusiya vədlərinə rəğmən, o, faktiki, sələfi Serj Sərkisyanın kursuna qayıdıb, Rusiyaya vaxtaşırı içilən sədaqət andları da öz yerində. Hətta sonuncuya xoş gəlmək üçün, Paşinyan Rusiya missiyanın tərkibində Suriyaya humanitar qrup göndərib - hansı ki, ABŞ-ən sərt reaksiyasına səbəb olub. Bununla belə, Paşinyan iqtidarına qarşı Kremlin qaz təhdidi və ya şantajı öz aktuallığını saxlamaqdadır.
 
*****
 
“Qazın qiymətini qaldırmaqla Kreml erməni cəmiyyətində ölkənin yeni hakimiyyətinin siyasətinə qarşı narazılığı gücləndirmək istəyir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə armenianreport.comdakı redaksiya məqaləsində deyilir.
 
Müəllif daha sonra yazır: “Havaların soyuması ilə cəmiyyətdə bununla bağlı söz-söhbətlər də artıb. Deyilənlərə görə, Rusiya 1 yanvar 2020-ci ildən qazın qiymətini indiki 165 dollardan 200 dollara, hətta daha yuxarı qaldıracaq. Təbii, baxmayaraq ki, hökumət öz təmkinini qoruyur və bizi əmin edir ki, qiymətin qalxması daxili tələbatda özünü göstərməyəcək, buna yalnız Paşinyanın beyinsiz fanatları inana bilər - hansıların sayı ki, yeri gəlmişkən, aydan aya azalır. Yerdə qalanların isə hamısı başa düşür ki, Kremlin Ermənistana münasibətdə qiymət siyasətini dəyişəcəyi təqdirdə qiyməti əvvəlki səviyyədə saxlamaq mümkün olmayacaq. Buna qarşı hakimiyyətin, sadəcə, zəruri resursları yoxdur”.
 
Məqalədə daha sonra bildirilir ki, Moskvanın “qaz dəyənəyi”ni işə salmaq istəyi onun açıq-aşkar hökumətdən, şəxsən Paşinyandan narazı olduğunun əlamətidir: “Hərgah, zahirən bunun üçün heç bir dəlil görünmür. Məsələn, az öncə İrəvanda olan Rusiya müdafiə naziri Sergey Şoyqu, rəsmi məlumatlara görə, bəyan edib ki, ”Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşı və müttəfiqi olaraq qalacaq". Ancaq bu, zahirən belədir. Əslində isə payızdan başlayaraq, Moskva qazın qiymətini qaldırmaqla hədələyərək, İrəvana təzyiq edir. Paşinyan isə hələ də Putinlə qazla bağlı anlaşa bilməyib. O cümlədən baş nazir Dmitri Medvedyevlə bağlı iki gün öncəki telefon danışığı nəticə verməyib. Halbuki məsələn, Moskva Moldovaya satılan qazı rusiyayönlü prezident Dodona görə 15 dollar ucuzlaşdırıb, yanvarın 1-dən isə daha 40 dollar ucuzlaçdıracaq. Paşinyana gəlincə, Putin ondan açıqca narazıdır. Qazın qiymətini qaldırmaqla Kreml erməni cəmiyyətində ölkənin yeni hakimiyyətinin siyasətinə qarşı narazılığı gücləndirmək istəyir".
 
Məqalə müəllifinə görə, Nikol Paşinyanın nəinki xarici siyasətdə, hətta daxildə də Rusiyanı qane edən siyasət aparmasına rəğmən, hələ də Moskvanın ondan narazı olmasının indi tək səbəbi Qarabağdır: “Moskva çox arzu edir ki, Azərbaycanı da Avrasiya Birliyinə və KTMT-yə gətirməklə Bakını daha sözəbaxan eləsin. Bunun üçün isə bir neçə rayonun azad edilməsi lazımdır. Paşinyan da anlayır ki, buna getsə, erməni xalqı tərəfindən iqtidardan süpürülüb atılacaq. Odur ki, indi o, çəkic və zindan arasındaki kimidir. Bəs kim günahkardır? Yalnız özü - qızğın qərbpərəstdən rusiyayönlü baş nazirə çevrilən Paşinyan. Bu gün onun öz sifətini saxlamaq üçün bir şansı var:  xalqın önünə çıxıb etirafda bulunmaq. Etiraf eləmək ki, Kreml onun boğazından yapışıb və ondan ”artsax"ı (dırnaqlar bizimdir - “YM”) verməyi tələb edir".
 
Bəlkə də belədir. Ancaq bu gün çəkic və zindan arasında olan təkcə Paşinyan yox, bütövlükdə illərdir Qarabağ illüziyası ilə yaşayan bədbəxt erməni xalqının özüdür.../musavat.com/

Загрузка...
Загрузка...