“Mən yalnız Allahın varlığına inanıram...” - ““Yəhudi”, “xristian”, “müsəlman” deyilən bir anlayış yoxdur...”

Baxış sayı: 
51
1  
0  

Fəzail Mehdiyev: “Özümü nə ateist, nə də deist adlandırmaq istəmirəm”
 
“Mən yalnız kosmik idrakı qəbul edirəm, onun varlığına inanıram, inanıram ki, mənə hardansa o enerji ötürülür”
 
Həmsöhbətim sözün əsl mənasında maraqlı, bir qədər də təzadlı insandır. Ali savadlı ilahiyyətçi olan bu insan hazırda özünü deist adlandırır. Onun dinə, Tanrıya, ümumiyyətlə həyata baxışları çoxlarından fərqlənir.
 
Onun fikirləri, həyat fəlsəfəsi ilə razılaşanlar da var, fərqli düşüncəsinə görə onu top-tüfəngə tutanlar da. Amma savadı və təcrübəsi ona hər bir fikrini kifayət qədər əsaslı və məntiqli şəkildə anlatmaq imkanı verir. Bu səbəbdən hətta onu qəbul etməyən, onunla əks qütblərdə dayanan insanlar belə, bu insanın şəxsiyyətinə hörmətlə yanaşırlar. Bu hörməti o, öz təmkini və incə yumor hissi ilə qazanır, onun ironiyası belə heç kəsi təhqir etmir.
 
Onunla “Hürriyyət” in redaksiyasında görüşüb söhbətləşdik. Son dərəcədə sadə, səmimi, mədəni, məlumatlı, sözünün yerini bilən bir insan təsiri bağışladı mənə.
 
Düşünürəm ki, sözün əsl mənasında səmimi söhbət, səviyyəli mükalimə alındı.
 
Beləliklə, bayaqdan haqqında danışdığım eks ilahiyyətçı Fəzail Mehdiyevlə söhbəti hörmətli oxucularımıza təqdim edirik.
 
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/slinde_qurani-kerimi_ele_murdar_adamlar_oxuma...)
 
- Böyük dünyanın göz qamaşdıran gözəlliklərini və bu gözəlliklərin arxasında gizlənən çirkabı görüb, müxtəlif sınaqlardan keçdiniz və katarsis prosesi keçərək (daxilən təmizlənərək) yenidən getdiyiniz yerə, torpağa, doğma el-obanıza qayıtdınız. Demək, sizin üçün paklıq, bərəkət, geniş mənada həyatın özü torpaqdadır...
 
- Bəli. Farel adında bir balıq var, bizdə ona qızıl balıq da deyirlər. O balıq ona görə qiymətlidir ki, nə dənizdə, nə də okeanda yaşamır, onun yaşadığı yer çaylardır və çayın axarına doğru üzdüyü üçün tamlı olur.
 
Təbii ki, böyük meqapolislərdə yaşadığın zaman çox nəsnələrin şahidi olursan. Çünki böyük okeanlara dünyanın hər yerində sular axır, çirkab təmizə qarışır, heç okeanın duzu da bu çirkabı yuyub apara, paklaya bilmir. Amma çayın, gölün sərhədləri məlumdur, suyu göz yaşı kimi durudur, şirindir, pakdır, təmizdir, heç bir qarışığı yoxdur.
 
Mən lap gənc yaşlarımda o nəhəng okeanın içərisinə düşdüm. Bir müddət onun duzlu, çirkab sularında üzəndən sonra anladım ki, bura mənə aid deyil. Ümumiyyətlə, dünya mənə yaddır. Bəlkə də dünyaya ya tez gəlmişəm, ya da həddən artıq gec gəlmişəm, yaxud lazımi məkana düşməmişəm. Bəlkə də Afrika cəngəlliklərində yaşasaydım, dünya mənim üçün daha şirin olardı. Ya ola bilsin, Amerikada, Avropada doğulsaydım, həyatım daha mənalı, daha maraqlı olardı.
 
Ramiz Rövşənin məşhur şerində deyildiyi kimi: “Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox”. Yəni qalmışam bu “bəlkə”lərin arasında. Amma rahatlığımı, dincliyimi məhz o kiçik şəhərdə tapmışam. 1 sutkadır ki, Bakıdayam, hiss edirəm ki, içimdə bir ağırlıq var, yorğunam. Amma orda yorulmaq nədir, bilmirəm. Mən heç vaxt süni gözəlliklər arxasınca qaçmamışam. Məni hər zaman yalnız təbii gözəlliklər maraqlandırıb. Məlum məsələdir ki, rayon yerində olan təbii gözəllik şəhərdə yoxdur.
 
- Orda insanlar da daha səmimi olur?
 
- Təəssüf ki, artıq o səmimiyyət itib gedir. Amma şəhərlə müqayisədə az da olsa, qalıb hələ. Həm də ünsiyyətdə olduqların şəxsən tanıdığın insanlardır.
 
- Yəni bilirsən ki, onlardan nə gözləmək olar...
 
- Bəli. Bilirsən ki, onlardan sənə hansı zərbə gələ bilər. Böyük şəhərdə isə bunu bilmək olmur. Amma bu o demək deyil ki, mən böyük okeanlarda üzə bilmədim, üzə bildim, sadəcə böyük okeanlar mənə adi gəldi. Bəlkə də rayon mənim üçün dünyadan da böyükdür. Bu üzdən rahatlığımı, dincliyimi orda tapdım.
 
Bir də ki, bu günün kəndi artıq kəndlikdən çıxıb. Əvvəllər kəndlərdə hərənin qarğıdan çəpəri, taxta qapılı balaca bir daxması, mal-qarası, böyük qara qazanı olurdu, həmin qazanda su isidib evin bir küncündə çimirdilər. Amma bu gün bunların heç biri yoxdur. Yəni bu gün kənddəki məişət rahatlığı şəhərdəkindən çoxdur. Demək olar ki, kəndlə şəhərin elə bir fərqi qalmayıb. Fərq yalnız təbiətdədir. Elə məni çəkən də məhz təbiətin gözəlliyi oldu.
 
Bu gün də məni müxtəlif vəzifələrə dəvət edirlər. Bir zamanlar Dini Komitədə də işləmişəm. Dəvətlər çoxdur, amma istəmirəm. Çünki yorulmuşam.
 
- Ailəniz də sizinlə birgə Bərdəyə köçdü?
 
- Ailəm elə əzəldən orda yaşayıb. Məsələ ondadır ki, mən dünyanı tək gəzmişəm. Çünki işimlə əlaqədar tez-tez müxtəlif ölkələrdə olurdum. Təbii ki, Avropada işləsəydim, məmnuniyyətlə ailəmi də özümlə aparardım. Amma işlədiyim ölkələr hələ də formalaşmamış vəhşi ərəblərin yaşadığı şərq ölkələri idi.
 
Doğrudur, ünsiyyətdə olduğum insanlar həmin ölkələrin ziyalı, zadəgan təbəqəsinin nümayəndələri idi, nisbətən mədəni və səviyyəli idilər, amma söhbət ətraf mühitdən gedir.
 
- Yəni ailəniz öz kökündən qopmayıb, elə öz dədə-baba yurdunuzda qalıb, buna görə də onlarçün əyalətdə yaşamaq problem deyil.
 
- Doğru buyurursunuz.
 
- Bəs övladlarınıza bir ata kimi daha çox nəyi tövsiyyə edirsiniz? Onları hansı ruhda tərbiyə etmisiniz?
 
- Üç övladım var. İki qızım, bir oğlum. Qızlarımdan biri mənim ixtisasımı seçib, şərqşünasdır. İkinci qızım artıq ailəlidir. Oğlum hazırda Rusiyada təhsil alır. Mən övladlarıma daim nəzarət etmişəm, xüsusilə də oğluma. Çünki sosial şəbəkələr bir az təhlükəlidir. Odur ki, oğlumun kimlərlə ünsiyyət qurduğu, ətrafında kimlərin olduğu ilə hər zaman maraqlanmışam. Baxıb gördüm ki, oğlumun ətrafında olanlar daha çox şair və yazıçılardır, əcnəbi millətlərdən isə demək olar ki, əksəriyyəti yəhudilərdir. Analdım ki, nəzarətə artıq ehtiyac qalmayıb, yalnız bundan sonra Rusiyada təhsil almağına icazə verdim.
 
Həmişə çalışmışam ki, övladlarım dindən uzaq olsun. Qızım ixtisasca şərqşünas olsa da, bu günədək bircə dəfə də olsun, dini mövzuda söhbətimiz olmayıb. Ümumiyyətlə, ailədə heç vaxt dindən danışmamışam. Çünki ehtiyat etmişəm ki, danışsam, din övladlarım üçün maraqlı gələ bilər. Düşünərlər ki, atam Quranın bu ayəsini pisləyir, oxuyum görüm, o ayədə nə haqda yazılıb, Quranı açıb oxuyarlar və onun təsiri altına düşərlər.
 
- Amma başqa insanlar da uşaqları təsir altına sala bilərlər, məlumatsızlıq isə fanatizmlə nəticələnə bilər.
 
- Xeyr, bunu bacarmayıblar. Çünki mən övladlarımı daim ətraf mühitdən qorumuşam.
 
- Hətta ölkədə olmasanız da, övladlarınızı qorumağı bacarmısınız...
 
- Bəli. Daim nəzarətdə saxlamışam onları.
 
- Daha bir maraqlı məqama toxunmaq istərdim. Sosial şəbəkələrdə siz özünüzü “Fəzil Mehdi” kimi təqdim edirsiniz. Bu iki ismi oxuyanda biixtiyar Fəzlullah Nəimi və İmam Mehdi yada düşür. Bu təqdimat nə ilə əlaqədardır? Fəzil Mehdi Fəzail Mehdiyevin qısaldılmış formasıdır, ya siz özünüzü həqiqətən Fəzl hesab edirsiniz?
 
- Bir az eqo kimi alınmasın, Fəzl sözünün mənası “istedadlı” dır. Kök ordan gəlir. Fəzail sözünün özü “fəzilətin cəmi” deməkdir. Fəzilət mənşəcə ərəb sözüdür və insanlığa xas yüksək keyfiyyətlər mənasını verir. Mehdi isə, özünüz də qeyd etdiyiniz kimi, soyadımın qısaldılmış formasıdır.
 
- Sadəcə adla soyadınızın qısaldılmış forması çox maraqlı bir tandem yaradır...
 
- Doğrudur. Adam var ki, adından və soyadından utanır, hətta adını dəyişmək istəyənlər də az deyil. Amma mənim adım və soyadım həmişə mənə uğur gətirib. Peyğəmbərin hədislərindən birində deyilir ki, valideynin övlad üzərində üç böyük haqqı var. Onlardan biri də odur ki, ona yaxşı ad verə bilsin. Yəni mən adımdan və soyadımdan hər zaman razı olmuşam.
 
Onu da deyim ki, Fəzl həmişə mənim idealım olub. Mən hürufizmi, sufizmi oxumuşam. Dini cərəyanlar arasında dəyər verdiklərim məhz adını çəkdiyim bu iki cərəyandır. Çünki sufilərlə hürufilərin düşüncəsində bir fəlsəfə var. Onlar demir ki, öldürün, asın, kəsin. Onlar da bu təcavüzkarlıq yoxdur. Nəsiminin ətrafında olan sufilər üzərlərində arxa tətəfində lələk olan rəmzi taxta qılınc gəzdirirdilər. Təbii ki, lələk qələmə işarə idi. Yəni sözlə, yazı ilə elə iş görmək olar ki, qılınca ehtiyac qalmaz. Hər şeyi sülh yolu ilə həll etmək olar.
 
“Bir qadın günah işləyibsə, boğaza qədər torpağq basdırıb daşla vurub öldürün, işgəncə verin”,- söyləyən  İŞİD kimi təcavüzkar qrup məndə nifrət yaratdı, çünki onlar ölümü təbliğ edir.
 
Amma Nəimidə, Nəsimidə bu yoxdur, o üzdən hər ikisi mənim üçün hər zaman əlçatmaz zirvə olub. Təbii ki, onların təbliğ etdiyi də islami cərəyanlar idi, onlar da Allahın varlığını qəbul edirdilər, amma onlarda fanatizm yox idi. Bu üzdən, həm də adıma uyğun olduğuna görə Fəzl adını seçmişdim.
 
Amma bu yaxınlarda Fəzil Mehdini Fəzail Mehdiyevlə əvəzlədim. Səbəb də o idi ki, adımı Fəzil yazdığım üçün çoxu mənə Fəzi deyə müraciət edirdi, bu isə mənim yaşıma uyğun deyil.
 
Amma o gündən sosial şəbəkədən tanıdığım insanlar mənə yazır ki, nədən adınızı dəyişdiz, biz sizi Fəzil Mehdi kimi görüb tanımaq istəyirik. Sosial şəbəkələrdə adı iki aydan bir dəyişmək olur. Yəqin ki, çoxsaylı izləyicilərin xahişini, istəyini nəzərə alaraq, əvvəlki ada qayıdacağam.
 
- Bəs əzizləriniz, yaxınlarınız sizə necə müraciət edir?
 
- Onlar mənə daha çox Kərbəlayi deyə müraciət edirlər. Çünki inanclı vaxtlarımda Kərbəla ziyarətində olmuşam. Ziyarət deyəndə, sadəcə maraqlı gəlib mənim üçün. Yəni bir fanatik kimi ziyarət etməmişəm Kərbəlanı, gedib orda daşı-divarı öpməmişəm, sadəcə kənarda durub baş verən prosesləri izləmişəm.
 
Bir zamanlar İmam Hüseyn mənim üçün əlçatmaz, ideal bir insan olub. Özümü Hüseyn aşiqi adlandırmaq istəmirəm, çünki o zaman dindarlara bənzəmiş olaram, amma həqiqətən böyük ehtiram və heyranlıqla yanaşdığım bir insan olub. Ona dünya malı təklif olunub, amma missiyasından əl çəkməyib. Bunu bir islamşünas kimi oxuyub öyrənmişəm. Hətta Avropa tarixçiləri də yazıb öz əsərlərində Hüseynin bu əzmkarlığından, dönməzliyindən.
 
- İmam Hüseynə, onun dönməzliyinə ehtiramla yanaşdığınızı deyirsiniz. Hər kəsə məlumdur ki, İmam Hüseyn İslam yolunda canından keçdi. Bəs necə olur ki, İmam Hüseynə heyransınız, amma İslamı qəbul etmirsiniz?
 
- Mən də əvvəllər İslamçı olmuşam, özü də bu dini öz istəyimlə seçmişəm. Heç kəs mənə basqı göstərməyib. Mən demokratik ailədə böyümüşəm. 90-cı illərin əvvəllərində ölkədə din azadlığı yarandı, dinə maraq artdı, dindarlar çoxaldı, yeni məscidlər tikildi, səhərlərimiz azan səsi ilə açılmağa başladı. Bərdə isə imamsevərlər şəhəridir. İstər-istəməz məndə də dinə böyük bir maraq yarandı və İslamı seçdim.
 
Onu da deyim ki, İslamla yanaşı iudaizmi, xristianlığı da araşdırıb öyrəndim və bu üç dini qarşı-qarşıya qoyub müqayisə etdim. Gəldiyim qənaət isə bu oldu ki, “yəhudi”, “xristian”, “müsəlman” deyilən bir anlayış ümumiyyətlə yoxdur, üçünün də kökü eynidir.

 
- İnsanlığı nəzərdə tutursunuz?
 
- Bəli, insanlıq. Sadəcə olaraq, insanlıq. İdeologiyaların yaranmasına gəldikdə isə, Musa ideologiyanı yaratdı, müəyyən vaxtdan sonra ötürdü İsaya, sonra isə yəhudilər Ərəbistanda kök salmaq üçün İslam dini üzərində bərqərar olan üçüncü imperiyanı qurdular. Dövr, zaman inkişaf etdikcə həmin ideologiyanı massonluğa bağladılar. Bir sözlə, bütün bu dinləri idarə edən yeganə qüvvə yəhudi cərəyanıdır. Sadəcə yarandığı, göndərildiyi məkandan asılı olaraq, insanlara fərqli təqdimatda çatdırılır. Amma mahiyyət eynidir.
 
Qurani Kərimdə dönə-dönə deyilir ki, bütün kitab əhli bir-birinə qardaşdır. Son olaraq onu deyə bilərəm ki, heç şübhəsiz kiminsə dini inancına hörmətsiz yanaşmaq olmaz, amma mənim gəldiyim qənaət odur ki, dinlər və adətlər bizim əcdadlarımıza qoyduğumuz hörmətdir. Əgər bu gün mən ateistəm, amma hansısa əzizim dünyasını dəyişəndə onu müsəlman qayda-qanunu ilə dəfn edirəmsə, bu mənim ona qoyduğum hörmətdir.
 
Əslində mən bunu qəbul etmirəm. Bir daha təkrar edirəm: mən yalnız tək bir Allahın varlığına inanıram. Özümü nə ateist, nə də deist adlandırmaq istəmirəm. Çünki son zamanlar xüsusilə də sosial şəbəkələrdə müşahidə edirəm ki, özünü deist adlandıranlar olurlar. Bu isə simasızlıqdır. Mənimsə əqidəm dəyişməzdir. Mən yalnız kosmik idrakı qəbul edirəm, onun varlığına inanıram, inanıram ki, mənə hardansa o enerji ötürülür.
 
- Maraqlı söhbətə görə sağ olun, Fəzail bəy.
 
- Siz də sağ olun.
 
Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Загрузка...
Загрузка...