​MƏKTƏB DİREKTORUNUN SEÇKİ SAXTAKARLIĞI... – 285 nömrəli məktəbin direktoru müəllimləri necə təlimatlandırıb... / SƏFURƏ RƏHİMOVANIN SƏS YAZILARI

Baxış sayı: 
82
4  
0  

Suraxanı rayonunda yerləşən 285 nömrəli məktəbin direktoru Səfurə Rəhimovanın seçki saxtakarlığına rəhbərlik etdiyi haqda redaksiyamıza şok faktlar daxil olub.
Muxalifet.az-a bu haqda açıqlama verən mötəbər qaynaq bildirir ki, S.Rəhimova 285 saylı məktəbin bütün müəllimlərini bu saxtakarlıqda iştirak etməyə məcbur edib. O cümlədən, direktorun göstərişi ilə övladları 285 saylı məktəbdə təhsil alan valideynlərə də 31 saylı Suraxanı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Sevinc Fətəliyevaya səs vermələri üçün aşkar təzyiq göstərilib.
Mənbə deyir ki, Səfurə Rəhimova hələ seçkidən əvvəl məktəb müəllimlərindən ibarət “Watsapp” qrupu yaradıb. O, həmin qrup vasitəsilə bütün müəllimləri seçkidən əvvəl və seçki günü səsli və yazılı şəkildə təlimatlandırıb. Bu məsələdə xüsusən də qadın müəllimlərdən istifadə olunub.
Direktor seçkiyə bir neçə gün qalmış bütün sinif rəhbərlərinə göstəriş verib ki, hərə öz dərs dediyi sinfin valideynlərini onun görüşünə çağırsın, gələ bilməyənlərə isə bir-bir zəng vurulsun ki, gedib YAP-ın namizədinə səs versinlər. Onun təlimatına uyğun olaraq, sinif rəhbərləri və digər müəllimlər qadın valideynlərə zəng açaraq, özləri və həyat yoldaşlarının mütləq seçkidə iştirak edərək, YAP-ın namizədi Sevinc Fətəliyevaya səs vermələrini xahiş ediblər.
S.Rəhimova müəllimlərə onu da tapşırıb ki, onların özləri və valideynlər eyni vaxtda deyil, müxtəlif saatlarda səsverməyə qatılsınlar. Məsələn, 1-ci sinif müəllimləri və valideynlərinə səhər saat 08:00-10:00-da səsvermədə iştirak etmək haqda göstəriş verilib. Digər ardıcıllıq isə aşağıdakı kimi olub:
2-ci sinif müəllimləri və valideynlər – 10:00 - 11:00;
3-cü sinif müəllimləri və valideynlər – 11:00 – 12:00;
4-cü sinif müəllimləri və valideynlər – 12:00 – 13:00;
5-ci sinif müəllimləri və valideynlər – 13:00 – 14;00;
7-ci sinif müəllimləri və valideynlər – 14:00 – 15:00;
8-ci sinif müəllimləri və valideynlər – 15:00 – 16:00;
9-cu sinif müəllimləri və valideynlər – 16:00 – 17:00;
10-cu sinif müəllimləri və valideynlər – 17:00 – 18:00;
11-ci sinif müəllimləri və valideynlər – 18:00 -19:00.
Qeyd edək ki, direktorun tərtib edib, yaydığı cədvəldə 6-cı sinif müəllimləri və valideynlərinin adı nədənsə qeyd olunmayıb. Çox güman ki, ya 6-ci sinif müəlimləri, eləcə də valideynlər bu saxtakarlıqda iştirak etməyib, ya da hansısa səbəbdən bu cədvəldə onlarla bağlı “təlimat” yer almayıb.
Direktor Səfurə Rəhimova rəhbərlik etdiyi 285 nömrəli məktəbin müəllimlərindən təşkil olunan müşahidəçilərə də “Watsapp” qrupunda xüsusi təlimatlar verir. Məsələn, tapşırır ki, eyni məntəqədə olan müəllimlər seçki komissiyasının üzvlərini və bir-birini tanıdıqlarını qətiyyən bildirməsinlər. Görünür, o, bununla digər namizədlərin müşahidəçilərinin əvvəlcədən saxtakarlıq üçün hazırlıq görüldüyü haqda məlumat tutmalarını istəməyib.
 
S.Rəhimova seçkinin gedişi zamanı bir neçə dəfə bütün müəllimlərə tapşırıb ki, səs verdikdən sonra məntəqələrin önündə keçirilən”Exitpoll” sorğularında da iştirak etsinlər və valideynələrə də bu haqda məlumat versinlər. Onu da deyib ki, hər bir müəllim onun üçün ayrılan vaxtın sonunda neçə valideyni səsverməyə gətirə bildiyi haqda ona dəqiq məlumat versin. Günorta saatlarında isə o, “Watsapp” qrupuna yazıb ki, 285 saylı məktəbdə min nəfərdən artıq şagirdin valideyni səs verməli olduğu halada, bir məntəqədə cəmi 230, digərində isə 145 nəfər səsvermədə iştirak edib, bunlardan da 50-60 nəfərinin müəllimlər olduğunu bildirib.
Az sonra isə direktor “müəllimlər, vəziyyət çox pisdir, hərəkətə keçin. Hanı sizin valideynləriniz, mən bu qədər valideynlərlə görüşmüşəm...”, - deyərək, əsəbi halda səsli mesaj göndərir. Daha sonra isə qeyd edir ki, o, seçkidən əvvəl valideynlərlə görüşə gələndə səsverməyə qatılandan dəfələrlə çox adam ona seçkidə iştirak edəcəyinə söz veribmiş...
Bir qədər sonra S.Rəhimova yenidən əsəbi halda “müəllimlərimiz hardadır? 100-dən çox müəllim var, hanı onlar, niyə gəlib səs verməyiblər? Başa düşürəm, 13 nəfəri seçkidədir, ayrı-ayrı məntəqələrdədir. Bəs qalan müəllimlər hardadır... Zəng edirəm, bəziləri hətta telefonuma cavab vermir, özlərini qoyublar... Sabah deyəcəklər, yatmışdıq, görməmişik, bu gün gərək heç kim yatmayadı, hamı dəstək olaydı... Amma yəqin ki, onlar məni də tanıyırlar...”, - deyə hədələyici mesaj göndərir və müəllimləri təxribat törətməkdə ittiham edir...
Qeyd edək ki, 285 nömrəli məktəbin direktoru Səfurə Rəhimovanın səs yazılarını az sonra oxucularımıza təqdim edəcəyik.
 
Muxalifet.az
 
P.S. Bir neçə gün əvvəl Təhsil Nazirliyi seçki saxtakarlığında iştirak edən müəllimlərin cəzalandırılacağını bildirmişdi. Güman edirik ki, təqdim etdiyimiz bu faktlar Səfurə Rəhimovanın barəsində hüquq çərçivəsində ölçü götürülməsi üçün yetərli ola bilər. Odur ki, cənab Ceyhun Bayramovun qərarını gözləyirik...

Загрузка...
Загрузка...