Əməkdaşları agent adlandırılan Soros fondu Azərbaycanda niyə uğur qazana bilmədi?

Baxış sayı: 
84
1  
0  

 
Əziz Əlibəyli: “Sorosun sayəsində Gürcüstan torpaqlarını birdəfəlik itirdi, Ukrayna parçalanmaq ərəfəsindədir”
 
Yeganə Hacıyeva: “Onlar Azərbaycanda Ermənistandakı kimi güclü və diktə edən qrup deyillər”
 
“Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub”.
 
Azərbaycan prezidenti İlham Əliyev bunu Balakən regional “ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə deyib.
 
Ölkə rəhbərinin bu fikirləri geniş müzakirələr doğurub. Bu da səbəbsiz deyil. Çünki vaxtilə Azərbaycanda da Soros fondunun nümayəndəliyi vardı. Siyasi müxalifət Sorosla əməkdaşlığa can atırdı, bəzi hallarda buna nail olurdu. Misal üçün, 2005-ci ilin “Narıncı inqilablar” dövrünü misal çəkə bilərik. Sonralar Azərbaycan hakimiyyəti Soros fondunu ölkədən qovdu. Eyni zamanda, Qərbə bağlı əksər qurumlar, fondlar ölkədən çıxarıldı. İ. Əliyevin fikirləri bir məsələni ortaya çıxardı ki, Soros fondu Gürcüstan, Ukrayna, Qırğızıstan, həmçinin Ermənistan kimi ölkələrdə uğur qazansa da, Azərbaycanda buna nail olmadı.
 
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli İrəvanın Sorosun şəhərinə döndüyünü söylədi: “Corc Soros Açıq Cəmiyyət ideologiyası ilə dünya ölkələrində ABŞ-ın maraqlarına uyğun zəmin hazırlamaq üçün insan haqları, demokratiya, azad söz kimi anlayışlara bürünüb hakimiyyət dəyişikliklərinə qədər prosesləri idarə edən şəxsdir. Əsasən də SSRİ-yə qarşı apardığı təbliğat və informasiya savaşında xüsusi ad qazana bilmişdi. İndi də eyni qaydada Putinə qarşı savaş açıb. Amma təkcə proses bununla bitmir: Sorosun sayəsində Gürcüstan torpaqlarını birdəfəlik itirdi, Ukrayna parçalanmaq ərəfəsindədir. Soros ildə milyardlarla maliyyəni xərcləməkdən çəkinmir, o cümlədən də Ermənistanda. Mərkəzi Avropa İnstitutunun kadrları “5-ci kolon” funksiyası oynamaqla hələ 90-cı illərdən Ermənistanda böyük bir fəaliyyət imkanı yarada bildilər. Hazırda Paşinyan həmin qrupa aiddir. Azərbaycanda isə illər əvvəl mövcud idarəetməyə qarşı qeyri-demokratik yollarla çıxan, dünyada Sorosun rəngbərəng inqilablarını buraya montajlamaq istəyən təşkilatı prezident haqlı olaraq, ölkədən qovdu. Elə dünənki çıxışında da buna toxunması bir neçə nüansı aktuallaşdırdı: 1. Soros təhlükədir və bu təhlükə qlobaldır; 2. Rusiyaya da işarədir ki, forpostunu artıq düşmən qüvvələr idarə edir; 3. Azərbaycanın dünyanı vətəndaş qarşıdurmalarına sürükləyən quruma yox deməsini bəyan edir; 4. Regionda baş verən xarici təhlükələri ifadə edir və burda çağırışlar səslənir. Hesab edirəm ki, Tovuz döyüşlərində ipin ucu Sorosa işarə edilməsi, yaxın vaxtlarda Ermənistanın cəzalandırılması Nikolun gəldiyi formada getməsi ilə nəticələnəcək. Çünki regionda heç bir ölkə, hətta Sorosdan yarı-asılı Gürcüstanda bu məsələdə İrəvandan yana ola bilməyəcək. Digər ölkələr üçün isə İrəvan Sorosun məntəqəsinə, paylayıcı funksiya daşıyan şəhərə dönür. Demək ki, hər kəsin ortaq dərdi və problemi Soros və “uşaqlarıdır”.
 
Yeganə Hacıyeva: “Selektiv abortların səbəbləri müxtəlifdir”
 
Siyasi şərhçi Yeganə Hacıyeva məsələyə geniş şərh verdi: “Bu suala cavab verməzdən öncə bu tip qlobal fondların, onların regional və lokal təmsilçiliklərinin ölkələr üzrə fəaliyyəti haqqında söz açmaq yerinə düşər. Məsələ ondadır ki, bu kimi təsisatlar mövcud olduqları ölkələrdə daha çox gənclər sektoru ilə təmas qurur. Gənc ictimai-siyasi fəallara müasir dünyanın tələblərinə cavab verən, cəld, çevik komanda idarəetməsini öyrənəsi, strateji kommunikasiya alətlərinə və onlardan istifadə vərdişlərinə yiyələnməsi, yüksək səviyyədə əlaqələr qurmaq və ən əsası, daxili və xarici risk və perspektivlər faktorunun nəzərə alınması ilə regionda və dünyada gedən prosesləri dəyərləndirmək imkanlarını inkişaf etdirmək üçün unikal şanslar yaradır. Bu məsələnin üzdə görsənən tərəfidir, görsənməyən tərəfi isə belə təsisatların uzunmüddətli hesablarda ölkə daxilində kənar nüfuz agentləri kimi, cəmiyyətlərə yad dəyərlərin daşıyıcısı kimi fikir liderlərinin yetişdirilməsi ilə məşğuldurlar. Bunun məntiqi axarı kimi cəmiyyətlərdə yad dəyərlər daşıyıcısı olan alternativlərin yaranması və bu faktor üzərindən çox asanlıqla dövlətlərin milli maraqlarına zidd gedə biləcək liderlərin yetişdirilməsi, belə liderlərin yönləndirə bildiyi cəmiyyətlərin və uğur qazanacağı hallar isə hökumətləri öz məqsədləri üçün idarə olunması perspektivləri güdülür. Bütün dünyada belə təsissatların öndə gedənlərdən biri Sorosun Açıq Cəmiyyət fondudur. Fondun cəmiyyətlərə yönəlik ixrac üçün prioritetləri ölkələr üzrə müxtəlifdir. Azərbaycan haqqında danışsaq, Soros fondunun bizim ölkədə əsas məqsədi ictimai siyasi proseslərə ixrac etdiyi yad elementlərin kök atması və uzun müddətli hesabda bu elementlərin Azərbaycanın dövlət quruluşuna hədə yaratması üçün ilkin zəminin yaratmaq idi. Sorosun Açıq Cəmiyyət Fondunun Azərbaycanda əsas prioriteti gənclər və QHT sektorunda cəmiyyətə yad-radikal dini icmaların ixrac olunması, mühafizəkar dini qrupların siyasiləşməsi idi. Fəaliyyəti dövründə fondun maliyyəsi ilə Azərbaycanda dünyəvi üsul-idarənin möhkəm olmaması, ölkədə cəmiyyətin mütləq çoxluğunun dini üsul-idarənin rəğbəti haqqında yazılan yüzlərlə təbliğat materialları və bu təbliğatın yerlərdə aparılması üçün verilmiş yüzlərlə fərdi və institutsional qrantlar mövcud idi. Yekun nəticə olaraq fondunun əsas missiyasi kənardan ixrac olunan radikal dini cərəyanların ölkədə inkişaf etməsinə və ən əsası bu radikal dini icmaların siyasiləşməsinə səbəb olurdu. Əlbəttə, digər təhsil və səyahət qrantları da verilirdi, lakin bu sahələr fondun Azərbaycandakı əsas missiyasını komuflyaj edilməsi üçün həyata keçirilirdi. Son illərdə fondun ölkə üzrə icraçıları radikal dini cərəyanların təbliğatçısı idi, təşkil etdiyi gənclərin siyasi aktivlik mövzusunda tədbirlərdə, qrant üçün müraciət edənlərin arasında radikal dini qrupların nümayəndələrə üstünlük verilirdi. Fond xaricdə dini təhsil və təlimlərlərdə iştirak üçün səyahət qrantlarının verir və ənənəvi dini qrupların nümayəndələrinin qonşu ölkələrə səyahətlərini qeyri rəsmi maliyyələşdirirdi. Bir sözlə, fond Azərbaycanda demokratiya və bərabərlik əsaslı açıq cəmiyyət fəlsəfəsi adı altında, yerli dini təsəvvürlərdən fərqli radikal dini qrupların formalaşdırılması, inkişafı və siyasiləşməsinə təkan verəcək istiqamətdə fəaliyyət göstərirdi. Fondun Azərbaycan cəmiyyətinin dövlətin üsul-idarə baxışlarında dini üsula üstünlük verməsi haqqında cəfəng fikirlərinin biz illərlə bir sıra beynəlxalq təşkilatların hesabatlarına salınması cəhdlərilə rastlaşdıq və onların rəsmilərinin şifahi ifadələrindən dəfələrlə eşitdik. Digər tərəfdən, Soros şəbəkəsini Azərbaycana qarşı beynəlxalq təşkilatlarda, onların iqtisadi və siyasi hesabatlarında həmişə öndə görürük. Beynəlxalq təşkilatlarda Soros şəbəkəsi ilə erməni lobbisinin alyansı illərdir Azərbaycana qarşı gedən proseslərdə aparıcı qüvvədir”.
 
Siyasi şərhçi Soros fondunun ölkəmizdə hələ də dayaqlarının olduğunu da söylədi: “Ermənistanda uğur qazanan Soros şəbəkəsinin Azərbaycanda uğur qazana biləcəyi haqqında ehtimallara gəlincə, burda onu qeyd edim ki, Soros şəbəkəsinin son illər müxtəlif ölkələrdə qalmaqallarda hallanması, çirkli proseslərdə ifşa olunmaları fondun bütün dünyada şəbəkəni başqa qruplar adı altında fəaliyyətə vadar etdi. Belə qruplar daha çox təhsil, iqtisadi və s. kimi sahələrə transfer olundular. Bu proses bütün ölkələrdə baş verdi. Azərbaycanda da həmçinin. Burda bir haşıyə edim ki, Soros şəbəkəsi Azərbaycanda zəifdir fikri ilə qəti razı deyiləm və şəbəkənin görkəmli nümayəndələri istər mediada, istər ictimai-siyasi proseslərdə var. Ənənəvi tərəfdaşlarına verilən qrantlar isə ya üçüncü ölkələrdə həyata keçirilir, ya da izlənməsi müşkül maliyyə köcürmələri kanalları ilə həyata keçirilir. Azərbaycanda hökumətdə təmsilçilik istəklərinə gəlsək, burda da aşkar olmasa da, gizli mütləq var. Ancaq onlar Ermənistandakı kimi daha güclü və diktə edə bilən qrup deyillər. Lakin onu qeyd etmək lazımdır ki, bütün dünyada istənilən dəyişikliklər, inqilablar və siyasi islahatlar Soros şəbəkəsi üçün yeni şanslar açır və şəbəkə bu proseslərdən maksimum yararlanmağa çalışır”.
 
Cavanşir Abbaslı,
Musavat.com

Загрузка...
Загрузка...