​Mixalkovun “vurulması”nın şok səbəbi - İbrahimbəyov kimi prezidentlik iddiası...

Baxış sayı: 
139
2  
0  

 
Tanınmış rusiyalı kinorejissor Nikita Mixalkovun “Rossiya-24”də yayımlanan müəllif proqramının  yayımlanmasına növbəti dəfə qadağa qoyulub. Yada salaq ki, Mixalkov mayın 1-də “Rossiya-24” kanalında yayımlanan “Beseqon” adlı müəllif proqramınında “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeytsin ünvanına ittihamlar səsləndiriləndən sonra qalmaqal yaranıb. Məşhur rejissor proqramda iddia edib ki, Qeyts insanların bədəninə koronavirusdan peyvənd adı altında çip yeritmək niyyətindədir. O, iddia edib ki, bu çiplər vasitəsilə insanları özünü öldürməyə vadar ediləcək.
 
Proqram bitəndən sonra Mixalkovun dedikləri xüsusilə sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib. Bu səbəbdən telekanal əvvəl “Beseqon”un təkrarını, bu günlərdə isə növbəti buraxılışının yayımına qadağa qoyub. Amma bununla da qalmaqal bitməyib. Bu dəfə məşhur publisist Vladimir Poznerin Mixalkovu ittiham etməsi rejissorun ciddi etirazına səbəb olub. YouTube-də yayımlanan verlişində Pozneri və “Sberebank”ın rəhbəri German Qrefi hədəf alıb. Mixalkov Hitlerin tərəfdarı adlandırdığı Qrefin telekorporasiyalara ciddi təsiri olduğunu və  bu səbəbdən onu proqramının yayımına icazə verilmədiyini söyləyib.
 
Hakimiyyətə son aylaradək çox yaxın olan Mixalkov “mədəniyyət sahəsinin boz kardinalı” hesab olunurdu. Mixalkov isə hakimiyyətə yaxınlıq iddialalarını qəbul etməyib və “hakimiyyət üçün ən azı bir film çəkmişəmmi?” deyə, sual edib. “Brejnevlə dost idim? Yox. Mən Çernenko ilə dost idim? Yox. Yeltsinlə? Xüsusi olaraq yox. Mən ağıllı, qorxmaz Putinə yaxın oldum, çünki onun personası mənə maraqlıdır” deyə, o bildirib.
 
 
 
Putinin dövründə Mixalkov öz statusunu və kino cəmiyyətindəki nüfuzunu çox möhkəmləndirib.  “Nika”ya baxmayaraq, Mixalkov özünə “Qızıl Qartal” film müsabiqəsi təsis etdirib. 2009-cu ildə bir vaxtlar qovulmuş Rusiya Kinematoqrafçılar İttifaqı sədri postuna zəfərlə qayıtdı. Sədrlik uğrunda kinorejissorlar arasındakı mübahisəyə Ədliyyə Nazirliyi səviyyəsində Mixalkovun xeyrinə qərar verildi. Yeri gəlmişkən, Mixalkovun bir neçə filmdə birgə çalışdıqları azərbaycanlı kinossenarist, 2013-cü ildə Azərbaycanda Milli Şuranın prezidentliyə namizədi olan Rüstəm İbrahimbəyovla dostluğu da bu qalmaqal səbəbindən pozulmuşdu. Belə ki, İbrahimbəyov  Rusiya Kinematoqrafçılar İttifaqının sədri olan  Mixalkovun tutduğu vəzifədən kənarlaşdırılmasını istəyən qruplaşmaya  qoşulmuşdu.
 
Bəs, Pozner Mixalkovla bağlı qalmaqal haqda nə düşünür. O, deyir ki, Mixalkovun son aylar diqqəti özünə cəlb etməsini kimsə hətta dəlilik hesab etsə də, burada müəyyən siyasi məqsədlər var. Pozner Mixalkovun müsahibələrin birində "siz Rusiyanın prezidenti olmaq istərdinizmi" sualına verdiyi cavabı yada salıb: "Əgər xalq istəyirsə və Allah kömək olsa, bəli..." Pozner deyib ki, Mixalkovun yaşı(74) onun prezident olmasına əngəl deyil. “Əslində Nikita Sergeyeviç məndən daha cavandır. ABŞ-ın prezidenti olmaq istəyən Baydenin 78 yaşı var, Mixalkov ondan da vaxtilə prezident olmuş Ronald Reyqandan da daha cavandır”.
 
Rusiyada kifayət qədər məlumatlı jurnalistlərdən hesab olunan Pozner deyib ki,  Mixalkov ilə prezident Putin çox yaxın olublar, amma indi bu təmaslar dayanıb. “Düşünürəm ki, Mixalkovun siyasi ambisiya və həvəsələri də burada rol oynayıb. Yəni özünü Rusiya üçün çox mühüm  əhəmiyyətli bir şəxs kimi görüb. Mixalkov özü haqda çox yüksək düşüncədə idi, amma sonra yanıldılğını gördü və düşünürəm ki, bu onu çox incitdi”.
 
 
 
Həqiqətən də Putinin hakimiyyətə gəlişindən sonra Mixalkovlar hakimiyyətlə ciddi yaxınlaşdı. 2000-ci ildə Putin SSRİ-nin himninin melodiyasını Rusiyaya qaytarmağa qərar verdi. Hər iki SSRİ himnin müəlliflərindən biri də Mixalkovun 88 yaşlı atası Sergey Mixalkov olmuşdu. Bu dəfə də o işi boynuna götürdü və öhdəsindən gəldi. Poznerə inansaq, Mixalkovun prezidentlik iddiası keçmiş dostu Rüstəm İbrahimbəyov kimi “qursağında qalıb”. 
 
Yada salaq ki, Rusiya kinosunun ən böyük simalarından olan Mixalkov "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes", "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifi kimi tanınır.
 
Orxan ƏLİYEV,
Musavat.com

Загрузка...
Загрузка...