Mixail Zabelinin 35,1 faiz səs alması ciddi ŞÜBHƏLƏR YARADIR

Baxış sayı: 
65
2  
0  

Onun ölkənin ən sayılıb-seçilən partiya liderlərindən bir neçə dəfə çox səs toplaması nə dərəcədə inandırıcıdır?..
 
Məlumunuzdur ki, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərində namizəd qismində iştirak edən şəxslər arasında, ölkədə islahatlara mane olduğu, yeniliklərə ayaq uydura bilmədiyi üçün özünü buraxan parlamentin üzvləri də vardı. Ən maraqlısı isə odur ki, həmin şəxslərin böyük əksəriyyəti yenidən Milli Məclisdə təmsilçilik hüququ əldə edib. Onlardan biri də 1946-cı il təvəllüdlü Azərbaycan Rus İcmasının sədri Mixail Zabelindir.
 
Zabelin haqda məlumatı olmayanların nəzərinə çatdıraq ki, 74 yaşlı bu şəxs 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, I, II, III, IV və V çağırışlarda isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. Onu da qeyd edək ki, Azərbaycan Rus İcmasının sədri parlamentin son 3 çağırışında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən seçilib. Lakin nədənsə bu dəfə 34 saylı Xətai İkinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. Görünür, artıq Zabelin özü də anlayıb ki, 4-cü dəfə 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən seçilmək şansı sıfrın altındadır. Odur ki, bir dairədə 20 il deputat olmağın lap ağ olacağını qəbul edən Zabelin bu dəfə üzünü Xətai rayonuna sarı çevirib.
 
Beləliklə, növbədənkənar parlament seçkilərinə qatılan Mixail Zabelin Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata əsasən, 35.1 faiz səslə 34 saylı Xətai İkinci Seçki Dairəsindən qalib elan olunub. Bu isə bizdə ciddi şübhələr yaradır. Çünki uzun illər siyasi səhnədə külüng vuran, ölkənin ən sayılıb-seçilən partiyaların başında duran, prezident seçkilərində iştirak edən və yetərincə səs toplayan, ölkə vətəndaşlarının böyük əksəriyyətinin rəğbətini qazanan liderlər Mərkəzi Seçki Komissiyasının hesablamalarına görə, növbədənkənar parlament seçkilərində 3-5 faiz səs topladığı halda, Mili Məclisdə danışmayan, passiv deputatlardan olan Zabelinin ilk dəfə namizədliyini irəli sürdüyü dairədən 35.1 faiz səs alması heç də inandırıcı görünmür. Bundan başqa, seçki günü 34 saylı Xətai İkinci Seçki Dairəsinin məntəqələrində yaşanan olaylara dair sosial şəbəkələrdə yayılan videogörüntülər də belə deməyə əsas verir ki, Azərbaycan Rus İcmasının sədrinin xeyrinə seçki qutularına dəstə-dəstə bülletenlər atılıb. Və o, məhz bu yolla 35.1 faiz səs qazana bilib. Yəqin ki, sözügedən dairənin digər namizədləri də bunu təsdiqləyə bilərlər. Təbii ki, əgər seçkidən sonra "anlaşma" olmayıbsa...
 
Tam əminliklə demək mümkündür ki, bu gün Mixail Zabelini Xətai rayonu da daxil olmaqla, Bakının digər ərazilərində, hətta ölkənin başqa şəhər və rayonlarında ən yaxşı halda 100-150 nəfər tanıya bilər. Çünki bu adam 30 illik deputatlıq dövründə nə mütəmadi seçiciləri ilə görüşüb, nə də parlamentin işində aktiv şəkildə iştirak edib. Yəni "lal deputat"lardan biri də məhz Zabelin olub. Fikir verin, adam 1946-cı ildə Bakıda anadan olsa da, 74 il ərzində dövlət dili olan Azərbaycan dilində danışmağı öyrənməyib. Amma di gəl ki, uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi parlamentdə rahat kresloda əyləşib. Məsələnin maraqlı tərəfi ondadır ki, dövlət dilində danışa bilməməsi azmış kimi, Zabelin hələ üstəlik, Azərbaycanda rus dilinin geniş şəkildə tətbiq olunmasını təbliğ edir. İndi özünüz qərar verin: bu şəxsin ölkənin ən sayılıb-seçilən partiya liderlərindən bir neçə dəfə çox səs toplaması inandırıcı görünürmü?..
 
Valeh TÜRKSOY, Huriyyet.org

Загрузка...
Загрузка...