​Əmir Teymurun başına bəla olan Azərbaycan şahı

Baxış sayı: 
89
2  
0  

Kult.az-ın “Tarixə hökm oxuyan türklər” rubrikasının növbəti buraxılışında Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı, Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusiflə bağlı maraqlı məlumatları təqdim edirik:
 
Qara Yusifin əsl adı Əbu Nəsr Qara Yusif ibn Məhəmməd Baranidir. O, 1355-ci ildə Qaraqoyunluların mərkəzi vilayəti olan Vanın şimalındakı Ərcişdə dünyaya gəlib.
 
Qara Yusif hündürboy, sağlam, qüvvətli şəxs olub. Təbiəti etibarilə mərd, ürəkli, verdiyi sözə sadiq hökmdar kimi tanınıb.
 
1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra Qara Yusif 11 türkmən və 3 kürd tayfasının sədaqət andı içməsi ilə Qaraqoyunlu tayfa birliyinin bəyi elan edilib.
 
Qara Yusif hakimiyyəti dövründə qüdrətli dövlət yaratmaq üçün hərbi əməliyyatlar aparıb və bu yolda Teymurilər, Ağqoyunlular, Cəlairilərlə döyüşüb. O, Əmir Teymurun və Ağqoyunlu başçısı Qara Yuluk Osmanın ordularını dəfələrlə məğlub edib.
 
Əmir Teymur başına bəla olan bu sərkərdənin – Qara Yusifin məhvi üçün dəfələrlə müxtəlif cəhdlər edib. Qara Yusif isə Teymurilərlə döyüşlərdə geri çəkilməli olduğu zamanlarda Misir sultanının, Osmanlı sultanının yardımlarından istifadə edib. Məlumata görə, hətta 8-9 ay İldırım Bəyazidin qonağı olub. Bu illərdə Əmir Teymur Qara Yusifi ondan tələb etsə də, rədd cavabı alıb.
 
Hətta Qara Yusif Misir sultanı Fərəcin yanında ikən Əmir Teymur elçi göndərib və onun edam edilməsini tələb edib. Salnaməçi Həsən bəy Rumlu da yazır ki, Əmir Teymur Qara Yusif haqqında ölüm hökmü çıxarmışdı.
 
Misir sultanı Fərəc Əmir Teymurun tələbindən ehtiyat etdiyi üçün Şam naibinə Qara Yusifin həbs edilməsi tapşırığını verib. Qara Yusif bir neçə il Şamda həbsxana həyatı yaşayıb.
 
Həsən bəy Rumlu yazır ki, Qara Yusif müharibə meydanında qaniçən bir aslan, əyləncə məclisində isə cövhər saçan bir bulud idi. O, ədalətli, mərhəmətli olması ilə tanınıb, əxlaqı ilə seçilib. Zalımların düşməni olub, məzlumların rifahına çalışıb.
 
Əmir Teymur Qara Yusifi dəfələrlə məğlub etməyə, onun və hərbi qüvvəsinin varlığına son qoymağa çalışsa da, buna nail ola bilməyib.
 
Ümumiyyətlə, Qaraqoyunlularla Teymurilərin qızğın rəqabəti, döyüşləri olub. Bu döyüşlərdən ən mühümü isə 1406-cı ildə Naxçıvanın qərbində, Araz çayının sahilində baş tutur. Belə ki, Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Teymuri Əbubəkrin qoşunları üz-üzə gəlir. Qaraqoyunluların həmləsinə davam gətirməyən teymurilər qaçırlar.
 
Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün növbəti dəfə hücuma keçir. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəlir. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın edir. Bu döyüşdə Əmir Teymurun oğlu Miranşah öldürülür, Əbubəkr isə qaçmağa müvəffəq olur.
 
Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti var. Məhz bu qələbədən sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyulur.
 
Hərbi zəfərlərini və gücünü artıran Qara Yusif 1410-cu ildə Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək, Cəlairi dövlətinə son qoyur və bununla da mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaradır.
 
Qaraqoyunlular dövləti Qara Yusifin dövründə böyük bir imperiyaya çevrilir. Teymurilər və Cəlairilərlə gərgin mübarizədən sonra Qara Yusif Güney-Quzey Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirir.
 
Böyük hökmdar Qara Yusif 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat edib. Onun nəşi oğlu Cahanşah Həqiqi tərəfindən Ərcişə aparılaraq dəfn edilib.

Загрузка...
Загрузка...