Minsk Qrupundan necə imtina edək?

Baxış sayı: 
71
3  
0  

 
Əvəz Həsənov: “İmtina etməkdən ötrü yenidən biz münaqişəni qızışdırmalıyıq ki...”
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr son iki həftədə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə qətiyyən uyğun gəlməyən davranış nümayiş etdirdilər. Dağlıq Qarabağ rejiminin təmsilçisi Masis Mayilyan ABŞ-a səfər etdi və Konqresdə onunla görüşlər keçirildi. Eyni şəxs Fransaya da dəvət olundu. Ən son olaraq bir neçə gün öncə Masis Mayilyan və Lernik Hovhannisyan Rusiyaya səfər etdilər və orada görüşlər keçirdilər.
 
Azərbaycan Xarici İşlər Nazirliyi son iki həftədə hər üç həmsədr ölkələrə 4 nota verməli oldu. Onlardan 1 Rusiyaya, 2-si ABŞ-a, biri də Fransaya...
 
Noyabrın 6-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla xarici işlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
 
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.
 
Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.
 
Minsk Qrupu həmsədri olan ölkələrin Dağlıq Qarabağdakı qanunsuz rejimin təmsilçilərini öz ərazilərinə buraxması, onlarla görüşlərə şərait yaratması Azərbaycan ictimaiyyətində kəskin narazılıq yaradıb. Artıq hər kəs bəyan edir ki, həmsədrlər Minsk Qrupunun Dağlıq Qarabağ məsələsində vasitəçilik missiyasını tərəfsiz və ədalətli apara bilmədiklərini qondarma rejimin təmsilçilərinə qucaq açmaqla açıq şəkildə ortaya qoymuş oldular. Həmsədrlər tərəfsizliklərini qoruya bilmədikləri ortadadır. Ona görə də ATƏT-in Minsk Qrupundan, həmsədrlərin vasitəçiliyindən imtina etməkdən başqa yol qalmayıb.
 
Politoloqlar təklif edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etmək və bundan sonra danışıqların heç bir kənar vasitəçi olmadan birbaşa Ermənistanla aparılması mümkündür.
 
Hesab edilir ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar aparılarsa, daha faydalı olar. Əlbəttə, bu o demək deyil ki, münaqişə dərhal həllini tapacaq. Ancaq heç olmazsa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın. Yoxsa həmsədrlər gedirlər İrəvana, oradan gəlirlər Xankəndinə və Bakıya, oradan bura, buradan da ora xəbər aparırlar, ortada da heç nə yox.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, həmsədr ölkələr artıq o qədər arxayınlaşıblar ki, quldur rejimin nümayəndələrini qəbul edirlər. Bundan o tərəfi artıq qondarma rejimin tanınmasıdır. Nə qədər ki, bu baş verməyib Azərbaycan vasitəçilərdən imtina edib müharibəyə başlamalıdır: “ATƏT-in Minsk Qrupunun fəaliyyətinə nəzər salsaq, onların gördüyü işi, sadəcə, işğalçıya vaxt qazandırmaq və işğal faktını unutdurmağa çalışmaq kimi qiymətləndirmək olar. Həmsədr ölkələrdən biri olan Fransa faktiki ermənipərəst mövqedən çıxış edir, bunu açıq deyil, gizli şəkildə ortaya qoyur. Gizli ona görə ki, açıq danışıqlara gəldikdə Fransa rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirirlər. Eynilə də digər həmsədr ölkələr. Bu da onların yürütdüyü ikili standartlardan xəbər verir. Rusiya Ermənistanla hərbi müttəfiqdir. Rusiyanın belə vəziyyətdə ədalətli vasitəçi olması axı mümkün deyil. İstər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, istərsə də münaqişənin həlli ilə maraqlanan beynəlxalq təşkilatların fəaliyyətinə baxsaq, daha bir qənaətə gəlmək olar ki, onlar üçün sülh anlayışı işğalı rəsmiləşdirməkdən ibarətdir. Ermənistanın danışıqları illər uzunu uzatmağa çalışdığı da aydın görünür. Belə olduğu təqdirdə isə Azərbaycanın Ermənistanı sülhə güc yolu ilə məcbur etməkdən başqa yolu qalmır. Azərbaycan beynəlxalq hüququn verdiyi hüququndan istifadə etməlidir”.
 
Konfliktoloq Əvəz Həsənov isə deyir ki, Minsk Qrupundan imtina etmənin mexanizmi var. Lakin imtinadan sonra nə olacağını da götür-qoy edib ondan sonra addım atmaq lazımdır: “Bizimkilər təkidlə yazırlar, bəyan edilər ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etsin. İmtina etmənin mexanizmi var. Adətən hər hansı bir format münaqişənin qızğın vaxtında tərəfləri masa arxasında otuzdurmaq üçün yaradılır. O zaman Minsk Qrupu yaradıldı. Dünyanın və regionun güclü dövlətləri ona həmsədr oldular. İndi ondan imtina etməkdən ötrü yenidən biz münaqişəni qızışdırmalıyıq ki, bizi yenidən danışıqlar stolu arxasına otuzdursunlar. Onda da Ukrayna münaqişəsinə uyğun olan bir format fikirləşiləcək, orda da üzv dövlətlər yenə elə Minsk Qrupu həmsədrləri olan dövlətlər olacaq. Nə dəyişəcək? Tutaq ki, yeni format olsa Rusiya, ABŞ və Avropa Birliyini təmsil edəcək dövlət, Azərbaycan və Ermənistan bu formatın üzvü olacaq”.
 
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...