​"Minsk 2019": Azərbaycanlı dünya çempionu mübarizəni dayandırdı - FOTO (YENİLƏNDİ)

Baxış sayı: 
128
2  
0  

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.
 
“Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşündə Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Azərbaycanlı dünya çempionu 2:3 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu 1/4 final döyüşünü keçirəcək. Alfonso Dominges (81 kq) rinqə çıxacaq. Lorenso Sotomayor (69 kq) isə artıq yarımfinala yüksəlib.
 
***
 
21:50
 
Azərbaycan sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.
 
125 kq çəki dərəcəsində yer alan təcrübəli pəhləvan 3-cü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana qalib gəlib - 12:2.
 
Bununla da ölkənin aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4-ü gümüş, 9-u bürünc əyarlıdır.
 
***
 
20:30
 
Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.
 
74 kq çəkidə yer alan Hacıyev 3-cü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub edib.
 
Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür.
 
***
 
20:12
 
İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
 
Publika.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.
 
İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.
 
Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.
 
Qeyd edək ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.
 
***
 
19:40
 
Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
 
97 kq çəki dərəcəsində yer alan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0.
 
***
 
19:22
 
Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
 
Rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.
 
Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.
 
İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.
 
Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.
 
***
 
19:02
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.
 
Bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.
 
Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.
 
Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.
 
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.
 
Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq (Report).

Загрузка...
Загрузка...