Milyonları ələ keçirməkdə ittiham edilən şəxsin cinayət işi: məşhur şirkətin də adı keçir

Baxış sayı: 
113
2  
0  

 
Xüsusi ilə külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onun zərərçəkmişlərə vurduğu maddi zərər milyonlarla manat dəyərindədir.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi ilə külli miqdarda dələduzluqda ittiham edilən Qarayev Maarif Nicat oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, iş üzrə məhkəmə istintaqı başlamadan əvvəl zərərçəkmişlər məhkəməyə mülki iddialar təqdim ediblər. Hakim elan edib ki, zərərçəkmişlərin adından müxtəlif instansiyalara müraciətlər də edilib. Onlar müraciətlərində ibtidai istintaqın qərəzli şəkildə aparıldığını bildiriblər. Hakim zərərçəkmişlərə bildirib ki, məhkəmə istintaqının ədalətli şəkildə aparılacağına şübhə etməsinlər.
 
Məhkəmə istintaqının davamında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Nicat Qarayev 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib.
 
Nicat Qarayev bu müddət ərzində “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycanda fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən külli miqdarda pul alıb.
 
Belə ki, Nicat Qarayev ayrı-ayrı şəxslərdən aldığı pulların qarşılığında onlara müəyyən qədər gəlir verib. Bununla da onların etibarını qazanıb. Lakin sonradan aldığı pulları qaytarmayaraq dələduzluq edib.
 
İttihamda göstərilir ki, Nicat Qarayev Eyvazov Raman Əlikram oğluna qarşı 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manatlıq dələduzluq edib. Bu iş üzrə daha bir neçə zərərçəkmiş var.
 
Törətdiyi əmələ görə Nicat Qarayevə qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Elan olunmuş ittihamla Nicat Qarayev özünü qismən təqsirli bilib. Deyib ki, zərərçəkmişlərin özlərini tanımır və bəzi zərərçəkmişlərin dediyi məbləğlər şişirdilib.
 
Məhkəmə iclasının davamında zərərçəkmiş Vasif Nağıyev ifadə verib. O, Nicat Qarayevə 21 min manat pul verdiyini deyib. Nicat Qarayev isə deyib ki, zərərçəkmiş yalan danışır. Nicat bildirir ki, Nağıyevdən 15 min manat borca pul alıb. Nağıyev isə deyir ki, pulu iş görmək adı ilə verib.
 
Zərərçəkmiş deyir ki, 21 min manatdan ona cəmi 2 min manat ödənilib. Bundan başqa isə Nağıyev Nicatın kartına 400 manat əlavə verib. Nağıyev 19400 manatını tələb edir. Nicat Qarayev isə 13500 manat borcunun olduğunu deyib. Nağıyev isə dediklərini sübut edən telefon yazışmalarının olduğunu deyib.
 
Hakim Nicat Qarayevdən zərəri ödəyib-ödəməyəcəyini soruşub. Nicat isə ödəyəcəyini deyib.
 
Məhkəmədə zərərçəkmiş Sərxan Musayev də ifadə verib. S.Musayev deyib ki, Nicat Qarayevi 2017-ci ildən Ramal Eyvazov adlı dostu vasitəsi ilə tanıyıb.
 
Nicat Qarayev ümumilikdə 2 milyon manata yaxın zərər çəkdiyini deyib. Bildirib ki, iş görmək, qazanc əldə etmək vasitəsi ilə Nicata pul veriblər: "Mən birinci özüm Nicat pul vermişəm. İlk dəfə 30 min manat vermişəm. Görülən işdən gələn qazandan mənə də qazanc verib. Əvvəlcə kiçik məbləğlərlə işləyirdi. Sonradan məbləğ böyüdü. Mən dostum Rəşad və Ramalla bu işə başladıq. Nicat tenderləri özü təşkil edir, özü qazanırdı. Biz həftəlik 300-400 min manat arası investisiya qoyurduq. 45 gün ərzində qazanc gəlirdi. Həmçinin qoyduğumuz məbləğ də geri qaytarılırdı. Sonradan 8 həftə ard-arda pul verdik. İlk həftənin 45 günü tamam olsa da pulumuzu ala bilmədik. 8 həftə ərzində 1 milyon 925 min manat pul vermişdik. Həmin məbləğin 590 min manatı mənim idi. Qalanı isə Rəşad və Ramalın idi. Məbləğ geri qaytarılmadığı üçün Nicatla görüşdük. Biz Nicatla eyni binada yaşayırdıq. Tez-tez görüşüb danışırdıq. Deyirdi ki, problemlər var, amma həll ediləcək. Sonuncu görüşümüzdə Nicat dedi ki, bir gün sonra pul geri qaytarılacaq. Hətta Nicat bizim yanımızda atası ilə də danışdı. Atası da pulun veriləcəyini, bundan xəbərinin olduğunu deyib. Biz ayrıldıq və Nicata deyilən vaxta qədər zəng eləmədik. Nicatdan zəng gözlədik, amma zəng eləmədi. Biz zəng eləsək də ona zəng çatmadı. Şamaxıya Nicatgilin evinə getdik. Orada bizdən başqa da zərərçəkənlər var idi. Atası ilə görüşdüm. Atası dedi ki, Nicat ona deyib ki, Sərxana 1 milyon 700 min manat borcu var. Amma mən məbləğin daha çox olduğunu dedim".
 
Nicat Qarayev söyləyib ki, Sərxandan 300 min manat pul alıb. Həmin məbləğdən də 50 min manat faiz veməli imiş. Məhkəmədə zərərçəkmiş Şura Mirzəyeva da ifadə verib. O, bu iş üzrə ən az zərərçəkmiş şəxsdir. Ona cəmi 2500 manatlıq dələduzluq edildiyi ittihamda göstərilir.
 
Şura Mirzəyeva ifadəsində deyib ki, Nicatı tanımır: "Mən Nicatı tanımamışam. Qardaşım Əlikram Nicatı tanıyırdı. Dedi ki, Nicatgil yaxşı iş görür, qazanc əldə edir. Biz də ondan qazanc əldə edə bilərik. Birinci həyat yoldaşım 21 min manat verdi, sonra da biz həyətdə olan mal-heyvanı satıb verdik. Pul da geri qayıtmadı".
 
Zərərçəkmiş İlqar Mirzəyev də məhkəmədə dindirilib: "Qaynım Əlikram vasitəsi ilə tanımışam. Nicatı heç vaxt görməmişəm. Əlikramın oğlu Nicatla dost idi. Pulu versək də bir qəpik də ala bilməmişik. Əlikram dedi ki, işlər yaxşı deyil".
 
Məhkəmə araşdırması davam etdirilir.
 
İlkin Muradov,
Musavat.com
 

Загрузка...
Загрузка...