Millimizin Millətlər Liqasındakı BİABIRÇILIĞININ SƏBƏBLƏRİ

Baxış sayı: 
62
3  
0  

Baxıram, Gürcüstan milli komandasının Millətlər Liqasındakı uğuruna, lap paxıllığım tutur. Adamlar keçirdiyi 6 oyunun 5-də qələbə qazanıb, yalnız 1 oyunda 2 xal itirdilər. Qazaxıstan, Latviya, Andorra milliləri ilə eyni qrupda yer alan gürcülər 6 oyuna cəmi 2 dəfə qapılarında qol gördülər. Bəs biz nə etdik?
Vur-tut, 2 qələbə qazandıq ki, bu da “fağır” Farer adaları üzərində qeydə alındı. Qalan 3 xalı isə güc-bəla ilə 3 oyuna yığa bildik, Kosova və Malta ilə (evdə və səfərə) edilən heç-heçələrlə. Cəmi 9 xal və ən yaxın olduğumuz Avropa çempionatı ümidlərimiz suya düşdü!
Bu məsələ barədə günlərdi ki, müzakirələr aparılır, səbəblər və səbəbkarlar axtarılır, müəyyən fikirlər səsləndirilir. Hiss olunur ki, bu biabırçılıq gözlərə asılan pərdələri nəhayət ki, qaldırıb.
Bizə bu problemlər çoxdan bəlli idi. Dəfələrlə yazılarımızda qeyd edirdik ki, belə idarəçiliklə qabağa getmək mümkün olmayacaq. Və budur, NƏTİCƏ! Hər şey göz qabağındadır...
 
    Şəxsi münasibətlər üzərində qurulan heyət
 
Millidəki əsas problemlərdən biri heyətin şəxsi münasibətlərə görə qurulması, futbolçulara, buna əsasən milliyə dəvət göndərilməsidir. Bir tərəfdən AFFA-nın baş katibi Elxan Məmmədov özünə yaxın olan menecerlərin futbolçularını milliyə dəvət elətdirir, digər tərəfdən millinin baş məşqçisi Qurban Qurbanov özünün bilib-tanıdığı, əsasən də “Qarabağ”dakı futbolçulara dəvət göndərməklə say artırır, Məmmədovla belə mübarizə aparır. Belədə, Qurbanovun fikirləri doğru seçim edib milli komandanı gücləndirməyə yox, futbolçuları sadiqlik və yaxınlıq meyarına əsasən milliyə dəvət etməyə yönəlir. Misal üçün, “Neftçi”dən Mirabdulla Abbasov, “Sumqayıt”dan Şəhriyar Əliyev öz komandalarında milli komandaya layiq oyun sərgiləsələr də, yalnız son 2 oyunda milliyə dəvət olundular. Qurbanovun “Qarabağ”da arada-sırada şans verdiyi Rahil Məmmədovun, Almaniya 3-cü liqasında “quş qovalayan” Rüfət Dadaşovun, “Səbail”də vaxt keçirən Ruslan Qurbanovun, özünü hücumçu kimi heç cür təsdiqləyə bilməyən Ramil Şeydayevin, əvvəlki formasından uzaq olan Rahid Əmirquliyevin, “Sabah”a pul dalınca gedib, yeriyə-yeriyə futbol oynayan Cavid İmamverdiyevin mütəmadi milliyə çağırılması dediyimizə sübutdur.
 
Vətənpərvərlik problemi 
 
Kosova ilə oyun millimiz üçün sonuncu döyüş idi. Futbolçularımız bu oyuna meydana, döyüşə girirmiş kimi çıxmalı idilər. Rəqib futbolçuların fərdi ustalığı və çıxış etdiyi klublarından bəlli idi ki, çətin olacaq. Yalnız döyüş və vətənpərvərlik əhval-ruhiyyəsi ilə bu oyunda uğur əldə eləmək olardı. Pavel Paşayev, Dimitri Nazarov, Ramil Şeydayev, Riçard Almeyda, Rüfət Dadaşovla isə bu, mümkün deyildi. Bunlar Azərbaycan dilini bilmirlərsə, himnimizi oxumurlarsa, necə Azərbaycan uğrunda döyüşə bilərlər?
Oyundan sonra Qara Qarayev himnimizin fitə basılmasından qıcıqlandığını deyib. Sizi inandırım ki, meydanda 11 nəfər Qara kimi futbolçu olsaydı, meydançanı didib-dağıdıb, o oyunda o hesabla məğlub olmazdılar.
 
Yüksək mükafatlar və cəza sisteminin olmaması
 
AFFA-nın baş katibi Elxan Məmmədovun səriştəsiz idarəçiliyi sayəsində futbolçular milliyə gəlir mənbəyi kimi baxırlar. Lazımsız oyunlarda əldə edilən qələbələrə görə futbolçulara yüksək məbləğlərdə mükafatlar verilir. Komanda uduzanda isə ən pis halda mükafat verilmir, vəssalam. Futbolçular da ümid edirlər növbəti oyunlar üçün nəzərdə tutulan “premya”lara. Milliyə dəvət alan futbolçular maaş almasalar da, mütləq cəza sistemi müəyyən olunmalı, bütün milli komandalara tətbiq edilməlidir. 
 
Elxan Məmmədovun işbilməzliyi və fəaliyyətsizliyi
Ölkədə futbolun inkişaf etdirilməsi üçün Dövlət Neft Şirkəti olan “Socar” hər il AFFA-ya milyonlarla pul yatırır. Bütün bu işlərə nəzarət də AFFA-nın baş katibi Elxan Məmmədova tapşırılıb. Yatırılan milyonlar müqabilində futbolumuz  1 addım da olsa irəli gedibmi?  Xeyr. Əgər ölkəmizi  Avropada və dünyada layiqincə təmsil edəcək 11 nəfər futbolçu yetişməyibsə, bunun ən böyük günahkarı Elxan Məmmədovdur. Deməli, baş katibin işində böyük nöqsanlar var.
Görəsən Məmmədov Elxan müəllim niyə bu məsələlərə nəzarət edə bilmir? Danışmağa yaxşıdır, yığsın özünə yaxın olan media orqanlarını ağız dolusu o ki, var danışsın, bəs əməli iş? Hanı, görsənmir axı, katib?!
AFFA-nın, xüsusilə baş katib Elxan Məmmədovun fəaliyyəti onun fəaliyyətsizliyidir. O, futbolun inkişafı naminə heç bir fəaliyyəti barədə öyünə-öyünə danışa bilməz, haqqı yoxdur. Çünki, o, futbolun inkişafına biganə yanaşır, uşaq futbolu üçün ayrılan pullar hara gedir, nəyə xərclənir, bir özün bilir, bir də Allahı.
İdman Nazirliyində bir futbol bölməsi də var. Rəhbəri Fikrət Hüseynovdur. O nə işlə məşğuldur? Özü bilir? Bilmir! Bilsəydi, futbolumuz belə bərbad vəziyyətdə olmazdı...
Mirələm Həsənli
 

Загрузка...
Загрузка...