​“Milli Şuranın piketinə icazə verilməsi oyundur” - Sərdar Cəlaloğlu: “BŞİH ilə mitinqin təşkilatçıları bir oyun oynayır”

Baxış sayı: 
163
3  
0  

 “Bu gün mitinq lazımdırsa, niyə keçirmirsən?”
 
Xəbər verildiyi kimi, Milli Şura sabah 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirəcək. Piketdə maksimum iştirakçı sayı 50 nəfər olmalıdır. Hansı ki, bu, “Sərəbst Toplaşmaq Azadlığı haqqında” qanunun 9-cu maddəsində ifadə olunub.
 
Buna baxmayaraq, piketin təşkilatçıları sosial şəbəkə üzərindən insanları müşahidəçi qismində piketi izləməyə çağırırlar. Əslində, piketdə qanunla nəzərə tutulan saydan (50 nəfər) artıq adamın iştirak etməsi qanunsuzdur ki, bunu da vətəndaşların əksəriyyəti bilmir. Yaxşı olar ki, vətəndaşlar bu faktı nəzərə alsınlar.
 
“Bu hərəkətləri iqtidarla müxalifət arasında oyun kimi başa düşürəm”
 
Sabah Milli Şuranın BŞİH-in yaxınlığında keçirəcəyi piketlə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, burada bir çox maraqlı məsələ diqqəti cəlb edir: “Bir tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanunu kobud surətdə pozaraq, mitinqin təşkilatçılarının seçdiyi yerlərdən fərqli onlara bir yer verir. Hansı ki, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” qanunda mitinqin yeri və vaxtı yalnız mitinqin Təşkilat Komitəsi tərəfindən müəyyən edilər bilər. Sadəcə olaraq mitinqin mühafizəsi məsələsində əməkdaşlıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır. Bakı Şəhər İcra Hakimiyyəti bir tərəfdən qeyri-qanuni olaraq mitinqə icazə vermir. İkinci tərəfdən özünün qeyri-qanuni hərəkətinə etiraz eləmək üçün piket keçirməyə icazə verir. Yəni Bakı Şəhər İcra Hakimiyyəti bununla etiraf edir ki, “mən doğurdan da qanunu pozmuşam, bu adamlar da gəlib piket keçirmək istəyirlər”. Birinci məsələ budur.
 
İkincisi, bu piket-mitinq oyununu indiki halda gündəmə gətirməkdə məqsəd nədir? Ölkə gündəmində çox ciddi məsələlər var. Dağlıq Qarabağla bağlı məsələ problemdir, ölkə daxilində çoxlu sosial-iqtisadi problemlər yığışıb, qalıb. Amma bu gün cəmiyyətin diqqətini yönəltmək istəyirlər ki, “mitinq keçirmək istədim, icazə vermədi, indi də piket keçirməyə gedirəm, gəlin, piketə tamaşa edin”. 10 minlərlə adamın gəlib piketə tamaşa eləməsi nə deməkdir? Mən heç cür başa düşümürəm ki, sərbəst toplaşmaq azadlığını insanlar necə başa düşür, bu azadlıqdan hansı məqsədlərlə, nə zaman istifadə eləmək lazımdır. Ona görə, açığı deyim ki, mən bu hərəkətləri iqtidarla müxalifət arasında oyun kimi başa düşürəm, bu səbəbdən də, elə bir ciddi siyasi əhəmiyyət də vermirəm.
 
Mitinq keçirmək zərurdirsə, qanun icazə verir, vətəndaşların Konstitusion hüquqlarıdır. Konstitusiyanın 72-ci maddəsi birbaşa hüquqi qüvvədədir. Hətta digər bir qanunda məmurların qeyri-qanuni hərəkətlərini vətəndaşların icra etmə borcu yoxdur. Yəni əgər sən düşünürsən ki, mitinq keçirmək vacibdir, qanuni mitinq keçirmək istəyirsən, icra başçısı qoymursa, sən gedib mitinqini keçirməlisən. Yox, əgər mitinq keçirmək vacib deyilsə, onda bu mitinq oyunu nəyə lazımdır?
 
Sualı belə qoymaq lazımdır ki, əgər bu gün mitinq lazımdırsa, niyə keçirmirsən? Yox, əgər o qədər vacib deyilsə, onda bu mitinqi niyə gündəmə gətirirsən? Şəxsən mən uzun müddət mitinq keçirən bir adam kimi bilirəm ki, mitinqlərin ardıcıl keçirilməməsi, mitinqlərin keçirilməsi haqqında qərar verib, təxirə salınması, mitinqlərlə manipulyasiya demokratiyaya çox ziyan vuran bir hadisədir və bu, Azərbaycan xalqının syasi aktivliyinə mane olan bir məsələdir. Ona görə də mən bu məsələni təqdir etmirəm”.
 
“Azərbaycan iqtidarının daha ciddi xarici və daxili siyasətdə buraxdığı fundamental səhvlərə etiraz etmək lazımdır”
 
“Sanki burada Bakı Şəhər İcra Hakimiyyəti ilə mitinqin təşkilatçıları bir oyun oynayır. Yəni “mən sənə qeyri-qanuni olaraq mitinq keçirməyə icazə vermirəm, sonra mənim qeyri-qanuni hərəkətimə etiraz olaraq sənə 50 nəfərlik öz əleyhimə piket keçirməyə icazə verirəm”. Hansı ki, mitinqdə 5, 10 min adam olacaq, orada ümumilli məsələlər qoyulacaq, burada isə Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni hərəkətləri pisləniləcək. Beləliklə, burada məqsəd hökumətin qeyri-qanuni hərəkətindən diqqəti Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni hərəkətlərinə cəlb etmək, 10 minlərlə iştirakçını 50 adam səviyyəsinə çatdırmaqdır. Bu, açıq şəkildə göstərir ki, oyundur. Doğrudur, Bakı Şəhər İcra Hakimiyətinin qeyri-qanuni hərəkətlərinə etiraz vacibdir, amma əsas Minsk Qrupunun Qarbağla bağlı bəyanatına, yaxud ermənilərin Qarabağda işğal və ilhaq siyasətinə, yaxud Azərbaycan iqtidarının daha ciddi xarici və daxili siyasətdə buraxdığı fundamental səhvlərə etiraz etmək lazımdır. Bax, bu suallara cavab vermək lazımdır. Ona görə də, açığı, piket məsələsinə diqqət eləmirəm”,-deyə partiya sədri qeyd etdi.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...