Metronun bu stansiyası 1 illik bağlanır

Baxış sayı: 
25
1  
0  

Bakı metropoliteninin daha bir stansiyası təmirə bağlanır. Metropolitendən İstiPress-ə verilən məlumata görə, 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

“Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.

Qeyd edək ki, "Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.

Yenidənqurma işlərinin ikinci mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir. 

Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. 

Загрузка...
Загрузка...