Metroda, avtobusda maskalıların sayı artıb – Nə baş verir?

Baxış sayı: 
44
1  
0  

İctimai nəqliyyatda, məktəb və iş yerlərində maska taxan insanlara tez-tez rast gəlirik. Bu isə istər-istəməz ölkədə yeni virusun yayılması narahatlığını doğurur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Teleqraf.com-a bildirib ki, hazırda ölkədə kütləvi xəstəlik yoxdur, amma mövsümi qripə rast gəlinir.

 

Respublikanın baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, son vaxtlar havanın dəyişməsi ilə bağlı yuxarı tənəffüs yollarının xəstəliyi halları nisbətən çoxalıb: "İnsanların maska taxması təqdirəlayidir ki, həm özlərini, həm də ətrafdakıları qoruyurlar. Yaxın vaxtacan enterovirusların törətdiyi respirator xəstəliyi müşahidə olunurdu. İndi payız gəlib, havalar soyuyub, kəskin respirator virus infeksiyalarının, xüsusən qripin yayılma mövsümü başlayıb. Ehtimal var ki, xəstəlik yayılıb artsın.

Bu xəstəliklər qrupuna həm uşaqlar, həm də böyüklər həssasdır, amma uşaqların qorunması daha vacibdir, çünki onların yoluxma ehtimalı böyük olur.

Respirator virus infeksiyalarında insanlar orqanizmin müqavimətini yüksəldən tədbirlər görməlidirlər. Çalışmaq lazımdır ki, orqanizmin müqaviməti güclənsin ki, xəstəliyə yoluxan zaman onu yüngül keçirsin. Bu səbəbdən qidalanmaya diqqət yetirmək, gündəlik rejimi düzgün qurmaq lazımdır. Zərərli vərdişlərdən qaçmaq lazımdır, çünki onlar orqanizmin immun sisteminin aşağı düşməsinə səbəb olur. Bura siqaret çəkmək, spirtli içki içmək, gec yuxuya getmək kimi davranışlar daxildir".

Həkim deyib ki, son zamanlar xüsusən gənclər arasında oturaq həyat tərzinə meyl artıb: "Gənclər gəzməkdən çox evdə kompüter arxasında vaxt keçirməyə üstünlük verirlər. Fəal həyat tərzi sürmək, çoxlu açıq havada olmaq lazımdır. Bunlar orqanizmin möhkəmlənməsinə gətirir. Fiziki işlə məşğul olmaq da faydalıdır.

Bir də stress faktorları immun sistemini zəiflədir, yaxşı olar ki, insanlar özlərini bu neqativdən də qorusunlar".

Həkim-terapevt Nahid Məhərrəmov deyir ki, payız fəslində kimin immun sistemində zəiflik varsa, virusa yoluxma ehtimalı daha çoxdur: "Hansı xəstəliyin virus olduğunu bilmək üçün diqqət etməliyik, əgər bir adamda temperatur 3 gün davam edir, 37-38 dərəcə, hətta 39 dərəcəyə qalxırsa, bu, təhlükəli virusdur. Bundan başqa, burunda, gözdə qaşınma varsa, asqırma, öskürək, bəlğəm yaranırsa, yuxarı tənəffüs yolları qıcıqlanması olursa, deməli, həmin adam virusa yoluxub.

Virus xəstəliyi adətən 3-4 gün ərzində özü keçib gedir. Əgər keçməsə, deməli, bakterial xəstəliklə yanaşı gedir, bu isə daha təhlükəlidir. Bu zaman həkimə müraciət qaçılmazdır".

Terapevt xəstəlikdən qorunma yollarından da söz açıb: "Virus xəstəlikləri adətən hava-damcı yolu ilə ötürülür deyə onun açıq qapısı ağız və burun yollarıdır. Bu yolları qapalı saxlayıb, ictimai yerlərə çıxmalıyıq. Əgər ictimai yerdə virus xəstəliyi daşıyan adam varsa, qoruyucu maskaların taxılması daha məsləhətdir.

Virusdan qorumaq üçün yaxşı olar ki, gün ərzində iki litrə qədər maye qəbul olunsun. Meyvə-tərəvəzdən bol istifadə olunmalı, səhər, nahar və axşam yeməklərinə riayət etmək məsləhətdir. Otağın havası da tez-tez dəyişilməlidir".

 
 
Загрузка...
Загрузка...