Mehman Hüseynovdan KİV-ə və ictimaiyyətə ilginc müraciət

Baxış sayı: 
140
1  
0  

 
“Mən nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram”
“Ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm”
 
Son günlər mediada və ictimai sektorda ən çox müzakirə olunan mövzu hazırda həbsdə olan bloger Mehman Hüseynovun durumu ilə bağlıdır. Hüquq müdafiəçiləri bir neçə gün öncə onunla görüşdülər və blogerin aclıq aksiyası keçirmədiyini, səhhətinin normal olduğunu bildirdilər. Onun həbsxanada hüquq müdafiəçiləri ilə çəkdirdiyi şəkil də aclıq keçirmədiyi görüntüsünü yaradırdı.
 
Rəsmi qurumlar və onunla görüşən İctimai Komitənin üzvləri bu aksiyanın iki gün davam etdiyini, sonra yekunlaşdığını desələr də, Avropada yaşayan qardaşı Emin Hüseynov blogerin aclıq aksiyası keçirməkdə davam etdiyini iddia edirdi. Bu isə sözügedən mövzuda çoxsaylı fikirlərin yaranmasına səbəb olurdu.
 
Yanvarın 11-də isə Mehman Hüseynov özü KİV-ə müraciət edib.
 
“Report” yanvarın 10-da M.Hüseynovun əl yazısı ilə yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edib.
 
Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim.
 
Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm".
 
Nəzərə çatdıraq ki, bundan bir qədər əvvəl Mehmanın Avropada yaşayan qardaşı videomüraciətində qardaşının aclığı dayandırmamasına dair iddia ortaya atmışdı.
 
Belə ki, “Turan”ın xəbərinə görə, yanvarın 10-da Vaşinqtonda Amerika Milli Mətbuat Mərkəzində tədbirdə ABŞ və Avropadan bir qrup jurnalist və hüquq müdafiəçisi Azərbaycan hakimiyyətini həbsdə olan bloger Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Çıxış edən “PEN America” klubuna rəhbərlik edən Tomas Melia deyib ki, “azad edilməsinə bir neçə həftə qalmış blogerə qarşı yeni ittihamlar Azərbaycan hakimiyyətinin tənqidi jurnalistikaya görə onu cəzalandırmaq məqsədilə atdığı amansız addımdır”.

 
Emin Hüseynov
 
“Amerikanın səsi” radiosunun məlumatına görə, blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov isə söyləyib ki, Mehman Hüseynova aclığı dayandırması barədə təzyiqlər olmasına baxmayaraq o, möhkəm dayanıb, aclıq aksiyasını davam etdirir: “Onun beynəlxalq dəstəyə daha çox ehtiyacı var. Biz yalnız Mehman üçün deyil, Azərbaycandakı bütün siyasi məhbuslar üçün vəziyyəti dəyişməliyik”.
 
RATİ direktoru hakimiyyətin Mehmanın aclığı dayandırması üçün onun ailəsinə də təzyiq göstərməyə başladığını bəyan edib. “İndi artıq atama da təzyiqlər artır: "Atamın səhhəti ilə bağlı narahatlıq keçirirəm. O bir neçə dəfə xəstəxanaya aparılıb, onun da səhhəti pisləşib. Atamın 67 yaşı var. Biz bir neçə ay əvvəl anamızı da itirmişik".
 
Tədbir iştirakçıları hətta ABŞ hökumətini Mehman Hüseynovun müdafiəsində daha sərt mövqe tutaraq, onun işi ilə əlaqəsi olan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxmağa çağırmışdılar.
 
Redaksiya qeydi: Bir sıra ekspert isə iddia edir ki, Mehman Hüseynov aclığı dayandırdığı halda, bəzi yaxınlarının, “dostlarının” və ictimai sektor təmsilçilərinin blogerin adından spekulyasiya etməsi onların bu məsələdən yararlanaraq, xarici donorlardan maliyyə yardımı almaq planlarından qaynaqlanır.

Загрузка...
Загрузка...