Mədəniyyət naziri o adam olacaq...

Baxış sayı: 
109
2  
0  

 
Sabiq nazir Əbülfəs Qarayevin məşhur akademikin qızı olan müavini kimdir? Nazirlikdə ciddi dəyişikliklər gözlənilir...  
Mayın 21-də prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan mədəniyyət naziri Əbülfəs Qarayevin yerinə hələ təyinat olmayıb. Azərbaycanın uzunömürlü nazirlərindən biri olan Ə.Qarayev son 14 ildə mədəniyyət naziri sahəsinə rəhbərlik edirdi. Mayın 8-də DTX-nın nazirlikdə keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovun və idarə rəisi Zakir Sultanovun həbsindən sonra Ə.Qarayevin taleyi həll olunmuşdu.
 
İndi mədəniyyət cəmeəsində əsas suallardan biri yeni nazirin kimin ola biləcəyi və mədəniyyət sahəsində bərbad vəziyyətin necə tənzimlənəcəyi ilə bağlıdır. Bu səbəbdən ictimai diqqət bu nazirlikdə gedən proseslərə yönəlib.
 
Mediada verilən xəbərlərə görə, mədəniyyət nazirinin səlahiyyətləri nazirin birinci müavinini Vaqif Əliyevə həvalə olunub. Bu iddiadan sonra V.Əliyev haqda tənqidi yazılar artıb, onun da nazirlikdə yaranmış vəziyyətə görə məsuliyyət məsələsi gündəmə gəlib. Mədəniyyət Nazirliyindən isə bildirilib ki, nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib. “Hazırda mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər” deyə, xəbərdə bildirilir.
 
Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyi 6 iyun 2018-ci ildə qəbul olunmuş əsasnaməsində nazir və müavinləri haqda  bənd var. Əsasnamənin 5.7 bəndində  deyilir ki, “nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər”.
 
Əsasnamənin 5.10-cu bəndində isə Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Mədəniyyət nazirin rəhbərlik etdiyi kollegiyaya nazirin bütün müavinləri(sayları 3-dür), Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru daxildir. Kollegiyanın tərkibini o zamankı baş nazir Novruz Məmmədov 2018-ci ilin sentyabrında təsdiq edib.
 
Məşhur akademikin qızı-Sevda Məmmədəliyeva
 
Əvvəlcə, mədəniyyət nazirinin hazırda işləyən iki müavinindən biri-geniş ictimaiyyətin az tanıdığı Sevda Məmmədəliyeva haqda məlumat verək. S.Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik Yusif Məmmədəliyevin ailəsində anadan olub. Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub və 1967-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb.
1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyib. Fəlsəfə elmləri doktoru, professordur. 1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib. 1999-cu il ildən  mədəniyyət nazirinin müavinidir. Mədəniyyət sahəsində digər xidmətləri olsa da, aydındır ki, 74 yaşı səbəbindən onun nazir postuna gətiriləcəyi gözlənilmir. Məlumata görə, ümumiyyətlə yeni nazir təyinatından sonra nazirlikdə ciddi dəyişikliklər olacaq və müavinlə də yeni kadrlarla əvəz olunacaq.
 
 
 
Vaqif Əliyev də yola salınacaq
 
1953-cü ildə Naxçıvanda anadan olan 67 yaşlı nazir müavini Vaqif Əliyevin də nazir postunu tuta biləcəyi haqda ehtimallar çətin ki, gerçəyi əks etdirsin. V.Əliyev 1994-2003-cü illərdə gənclər, idman və turizm nazirinin birinci müavini , 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, 2011-ci ildə mədəniyyət və turizm nazirinin birinci müavinidir. Prezidentin 18 may 2018-ci il tarixli sərəncamı ilə  mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
 
 
 
Xalq artistinin nazir arzusu
 
Xalq artisti Afaq Bəşirqızı olke.az saytına mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib: "Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir".
 
Sonda mədəniyyət nazirinin kimin təyin ediləcəyi barədə qərarın birbaşa dövlət başçısının səlahiyyəti daxilində olduğunu xatlırladaraq, qeyd edək ki, yeni naziri heç də asan iş gözləmir və onu bu vacib sahədəki problemləri həll etmək kimi məsuliyyətli iş gözləyir. Bu məsuliyyətin altına girəcək o şəxs də nazir olacaq...
 
Orxan ƏLİYEV,
Musavat.com

Загрузка...
Загрузка...