​Marketlərdə məhsul da, müştəri də boldur: “Axşam sıxlıq olacaq” - VİDEO, FOTOLAR

Baxış sayı: 
74
1  
0  

 
Marketlərdə məhsul qıtlığı olmasa da alıcılıq qabiliyyəti artıb. Satıcılar deyir ki, axşam saatlarında mağazalarda ciddi sıxlıq olacağı gözlənilir.
 
Musavat.com-un əməkdaşları bu saatlarda Bakıda fəaliyyət göstərən bir neçə mağazada müşahidələr aparıb.
 
Məlum olub ki, mağazalarda müştərilərin sıxlığı dünən axşam saatlarından etibarən başlayıb. Nazirlər Kabinetinin şənbə və bazar günləri evdən çıxmamaqla bağlı qərarı elan edildikdən sonra sosial şəbəkələrdə insanların mağazalara axın etməsi, böyük ajiotaj yaranması ilə bağlı fikirlər paylaşılırdı. Lakin bu gün, bu saata olan mənzərə fərqlidir.
 
Mağazalardakı vitrinlərin boş olmasını görmədik. Lakin onu da qeyd etməliyik ki, alıcı sayı normal günlərdən fərqli olaraq, daha çox idi. İnsanlar daha çox gündəlik zəruri olan ərzaqlara üstünlük verirlər. Ən çox insan növbəsi isə çörək vitrinlərinin qarşısındadır. Çörək vitrinləri gün ərzində bir neçə dəfə boşalır. Müşahidələrimiz zamanı 5, 10, hətta 15 ədəd çörək alan şəxslər də gördük.
 
Qənd, şəkər tozu, çay, yağ, yumurta kimi ərzaqlar da müştərilərin səbətlərində daha çox görünür.
 
“Məhsul qıtlığı yoxdur. Sadəcə, tələbat əvvəlki günlərə nisbətən bir neçə dəfə artıb. Lakin onu nəzərə almaq lazımdır ki, biz nəinki bu həftənin, hətta önümüzdəki həftələrin də məhsulunu anbarlarda toplamışıq. Heç bir qıtlıq ola bilməz. Burada ajiotaja səbəb olacaq bir məsələ yoxdur. İnsanlar şənbə və bazar gününün ərzağını indidən alır, marketlərdə şənbə və bazar günü satacağı malı indidən satır” - deyə Bakıdakı böyük mağazalar şəbəkələrinə daxil olan marketlərdən birinin rəsmisi deyir.
 
Demək olar ki, əksər marketlərdə mənzərə eynidir. Məhsul da, alıcı da boldur...
 
Baş çəkdiyimiz marketlərdən birinin rəsmisi isə deyir ki, axşam saatlarında daha böyük sıxlıq olacaq: “İndi əksər insanlar işdədir. Biz də gözləyirik və hazırıq ki, saat 6-dan sonra müştəri sıxlığı olacaq. Çünki dünən də iş saatından - 6-dan sonra sıxlıq yaranmışdı. Bu gün son günün, son saatların olduğunu nəzərə alsaq, axşam marketlərdə ciddi sıxlığın olacağı gözlənilir”.
 
 
 
İlkin Muradov,
Musavat.com

Загрузка...
Загрузка...