​Markaryana vəkillik edən azərbaycanlı siyasilər...

Baxış sayı: 
113
1  
0  

Əslində, Ramil Səfərovla bağlı bu söz-söhbət “müzakirə” və “münasibət” deyil, layiqsiz dedi-qodulardır və qəbuledilməzdir.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ordumuzun zabiti Ramil Səfərovla bağlı 26 may 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra sosial şəbəkələrdəki bəzi müzakirələrə münasibət bildirərkən deyib.
 
Q.Paşayeva bildirib ki, bəzi siyasiləşmiş fəallar özlərini Markaryanların vəkili qismində aparır:
 
“Məlum olduğu kimi, 26 may 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ramil Səfərovun Macarıstanın paytaxtı Budapeştdə bir erməni zabitini öldürməsi (və digərini öldürməyə cəhd etməsi) ilə bağlı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı iş üzrə qərar qəbul edib. Bu qərar da, ermənilərin AİHM-in qərarını özlərinə sərf edən şəkildə təqdim etmələri, yorum yapmaları da gözlənilən idi. Lakin Azərbaycan vətəndaşı olan, ümumən beynəlxalq hüquq prinsiplərinə sayğılı hansısa vicdanlı şəxsin yenidən Ramil Səfərovun 2004-cü ildə atdığı addımı birtərəfli, dayaz baxışla “təftiş” etməyə qalxması düzgün deyil. İndi diqqət AİHM-in qərarının düzgün öyrənilməsi və dəqiq şərhlərlə ictimai fikrə doğru məlumat verilməsi, habelə Ermənistanın dövlət dəstəkli saysız-hesabsız cinayətlərinin dünyada tirajlanması olmalıdır. Bu istiqamətdə ölkəmizin AİHM-də salahiyyətli nümayəndəsi Çingiz Əsgərov, XİN sözçüsü Leyla Abdullayeva, Böyük Britaniyadakı səfirimiz Tahir Tağızadə, digər rəsmi şəxslərin açıqlamaları təqdirəlayiqdir. AİHM-in məlum qərarı bu qurumun öz presedent hüququna əsaslanır. Ancaq AİHM-in öncədən də təxmin edilən məzmunda bu qərarı heç də Ermənistan tərəfinin arzularına uyğun deyil. Qərarın təhrif olunmuş şəklindən fərqli olaraq, əslində, işğalçı ölkə istədiyinə nail ola bilməyib. Qitənin ən ali məhkəməsi birmənalı olaraq bu qənaətə gəlib ki, Azərbaycan hökuməti Ramil Səfərovun əməlinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Üstəlik, “təzminat”la bağlı məsələdə də düşmən ölkə və onun şikayətçi qismindəki vətəndaşları istəklərinə yetişə bilməyib: Azərbaycan dövləti qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməməlidir, bu qərarla ölkəmizin üzərinə heç bir öhdəlik qoyulmayıb. Məhkəmənin qərarında birmənalı olaraq qeyd edilib ki, yalnız məhkəmə xərcləri qarşılanmalıdır – o da ərizəçilərə hüquqi yardım göstərmiş avropalı vəkillərə ödənişlə bağlıdır”.
 
Q.Paşayeva bildirib ki, AİHM-in bu qərarı işğalçı ölkənin antiazərbaycan təbliğatının daha bir iflası kimi dəyərləndirilməlidir:
 
“Həm suçlu, həm güclü” olmağı niyyətləyən işğalçının AİHM-dən də öz çirkin siyasi çıxarlarına uyğun yararlanmaq, quruma təzyiq göstərərək, ölkəmiz əleyhində qərara nail olmaq, sonra da bu qərarı münaqişə kontekstində bizə qarşı çevirmək niyyəti baş tutmadı. Bu, həm məhkəmə heyətinin peşəkarlığı, həm də Azərbaycanın haqlı mövqeyini müdafiə edən hüquqşünaslarımızın əməyinin nəticəsi kimi dəyərləndirilə bilər. Fikir verin, Dağlıq Qarabağ və çevrəsindəki işğal – göz qabağında, Xocalı soyqırımı – danılmaz fakt, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi – fakt… Ramil Səfərovun işğalın acı nəticələrini, qaçqınlıq-məcburi köçkünlüyü biləvasitə öz üzərində hiss etməsi, yaşaması – başqa bir həqiqət! Hələ BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini, həmin qətnamələrin hələ də yerinə yetirilmədiyini də unutmadan, belə bir fonda, belə bir bazisdə hansı haqla Azərbaycanda, Azərbaycan Silahlı Qüvvələri mənsubunda günah axtarmaq olar?! Ramil Səfərov gənclik, peşəkar zabitlik karyerasının ən gözəl illərini Macarıstanda həbsxanada keçirib. Uşaqlığı, dogma evi, doğmalarının qəbrini ziyarət etmək imkanı əlindən alınmış Ramil Səfərov sonra zorla cinayətə sövq edilib, ömründən, azadlığından illər kəsilib, bu psixoloji travmalar doğmalarını, valideynlərini - elə hamımızı - sarsıdıb, valideynləri xəstəlik tapıb. Bunları görməzdən gələrək, qulaqardına vuraraq, dayaz, düşüncəsiz, mahiyyətsiz davranışlar lənətə layiqdir! Torpaqlarımız işğal olunmasaydı, Qurgen Ramili təhqir etməsəydi və s. səbəb-nəticə zəncirini unudanlar hansı obyektivlikdən danışa bilər?! Hələ-hələ belə hədyanlarda bulunan Azərbaycan pasportu daşıyan birisə, ictimaiyyətçisə… Bu, elə “sözün bitdiyi yer” kimi bir dayanacaqsızlığa, qanacaqsızlığa gəlib çıxmaqdır”.
 
Q.Paşayeva Ramil Səfərovun 8 il həbsdə qaldığı Macarıstandan Azərbaycana ekstradisiyasının qanun əsasında həyata keçirildiyini, Azərbaycan Prezidentinin öz Konstitusiya hüququndan istifadə edərək, onu əfv etdiyini xatırladıb:
 
“Haqsız “ittiham” və “iddia”da bulunanları hələ də davam edən işğal faktına diqqət çəkməyə dəvət edirəm. Ermənistan bir zabitinin ölümünü AİHM-ə daşıyır, bəs Azərbaycan torpaqlarını işğalda saxlamağını hansı beynəlxalq hüquqla əsaslandırır? Ermənistanı başa düşmək olar – düşməndir, bəs “sapı özümüzdən olan baltalar”ın korluğu, karlığı, lallığı nə ilə bağlıdır, görəsən?!”

Загрузка...
Загрузка...