"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ

 
 
 
 
Təxminən, 3 həftə bundna əvvəl dünyanın nəhəng alimlərindən biri, bəşəriyyətin elmi istiqamətini dəyişən əslən azərbaycanlı olan professor Lütfi Zadə dünyasını dəyişdi. Lütfi Zadənin bir alim kimi böyüklüyündən çox yazılıb, çox danışılıb. Amma yenə də nə qədər danışılsa, azdı.
 
Moderator.az 96 yaşında vəfat edən və böyük ehtimalla bir neçə gündən sonra Azərbaycanda dəfn olunacaq alim barəsində silsilə yazıları onun haqqında olan təəssürat və xatirələrlə davam etdirəcək.
AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin sabiq rektoru, professor Akif Musayev Moderator.az-a müsahibəsində yaxın elmi əlaqələri olan Lütfi Zadə barəsində xatirələrini danışıb:
 
- Akif müəllim, az qala, bütün media, sosial şəbəkələrdəki istifadəçilərin hamısı Lütfi Zadədən danışır….
 
….- Məsələ ondadır ki, Lütfi Zadə haqqında nə onun elmi yaradıcılığı , nə də şəxsiyyəti ilə bilavasitə tanış olan adamlar danışmır. Elə bil, hamı ümumi informasiya axınına düşüb, bildi-bilmədi, hərə  bir fikir deyir. Halbuki, hallanan fikirlərin heç biri onu xarakterizə etmir. Lütfi  Zadə haqqında 1970-ci illərdən-tələbəlik vaxtlarından məlumatım var idi. Riyaziyyat ixtisası üzrə təhsil almışam. 1971-76-cı illərdə Moskvada aspiranturada oxuduğum zaman birbaşa onun nəzəriyyəsi ilə tanış olmuşam. 1994-cü ildən isə artıq onun nəzəriyyələrinə həsr olunan konfranslarda ardıcıl iştirak etmişəm. Bir çoxunda Zadə ilə birbaşa ünsiyyətdə olmuşam.
 
Bu mövzuda iştirak etdiyim ilk  konfrans 1994-cü ildə Təbrizdə keçirildi. Amma Zadənin özü orada iştirak etmədi. 1996-cı ildə Almaniyanın Ziggen Universitetindəki konfransa isə Zadənin özü də gəlmişdi.  O vaxt biz onunla xeyli  ünsiyyətdə olduq. Daha sonra Helsinki, Antalya və bir çox şəhərlərdə keçirilən  konsfranslarda görüşdük. 
 

 
- Elmi konfranslarda dünyanın ayrı-ayrı ölkələrindən gələn alimlərin görüşməsi təbiidir. Bəs, Lütfi Zadə ilə nə zaman daha yaxından tanış olmaq və onu bir şəxsiyyət kimi kəşf etmək imkanınız oldu?
 
- 2008-ci ildə çalışdığı Berkli Universitetində Zadənin qonağı olmuşam. Üç gün ərzində  Zadə ilə daha da  yaxından tanış olmaq imkanım yarandı. Berkli Universitetində restoran var idi. Nahara getdik, restoran zalında bütün masalar dolu idi. Amma bir dördnəfərlik dəyirmi masa boş idi, məxsusi olaraq, Zadə üçün saxlanmışdı. Biz də gəlib orada oturduq. Mənim üçün maraqlı və qeyri-adi bir hadisə baş verdi. 1967-ci ildən elmlə məşğulam. Amma ilk dəfə olaraq bu cür maraqlı halla qarşılaşdım: Zadə nahar edən zaman iki nəfər öz elmi məqalələrinin təqdimatını edirdi. İndi görün necədir: başqa vaxtı onun zamanının almaq mümkün olmadığı üçün onlar da  bu nahar fasiləsindən istifadə edib, öz elmi işlərinin təqdimatını keçirirdilər.  Zadənin özü buna icazə vermişdi. Elə nahar zamanı da diqqətlə onları dinləyirdi.
 
- Zadə ilə görüş zamanı sizi təəccübləndirəcək nə kimi məqamlar oldu?
 
- Onunla fars restoranına getdik. Mətbuatda bir dəfə hallanıb ki, Zadənin plovdan xoşu gəlir. Bu, həqiqətən də belədir.  O, bizi plova qonaq etdi. Onun davranışını, yeməyini diqqətlə izləyirdim. Böyük boşqabda plov gətirdilər. O, plovun hamısını yedi. 2008-ci il idi. Yəni, onda  yaşı 85-i keçmişdi. O zaman həm sevindim, həm də belə qənaətə gəldim ki, Zadə kifayət qədər möhkəm adamdır. Bundan sonra da çox yaşayacaq.
 
- Maraqlıdır, Zadə ilə əsasən, nələrdən danışırdınız? Azərbaycan ona hansı rakursdan daha maraqlı idi?
 
- Bir çox məsələlərdən, hətta siyasətdən də danışdıq. Azərbaycanla çox maraqlanırdı. Məndən Azərbaycanın Rusiya ilə münasibətlərinin nə yerdə olduğunu soruşdu. Sual verdi ki, Medvedevə münasibətiniz necədi?  O vaxt Rusiyanın prezidenti Medvedev idi. Mən də Rusiyada təhsil alan bir adam kimi öz mülahizələrimi irəli sürdüm. Əlavə etdi ki, Rusiya ilə Azərbaycan qonşudur. Onlarla, yəni, Rusiya ilə  münasibəti hər zaman qoruyub saxlamaq lazımdı. Azərbaycanla bu dərəcədə ciddi  maraqlanırdı. İndi təəssüf edirəm, mətbuatda yazılır ki, Zadənin  Azərbaycana münasibəti çox soyuq olub, guya, Azərbaycan onu maraqlandırmayıb. O, təpədən-dırnağa elm adamı,  bütün vaxtını elmə həsr edən biri idi. Sözsüz ki, elm onu hər şeydən çox maraqlandırırdı.  Buna baxmayaraq, ömrü boyu  Azərbaycan haqqında da düşünüb.
 
- Zadənin elmi fəaliyyəti haqqında çox danışılsa da, sizin kimi peşəkardan da bu barədə daha dəqiq cavab almaq istərdik. Zadə dünya elmini necə dəyişdi?
 
- Zadə bütün ömrü boyun elmlə fanatik şəkildə məşğul olub. Onun elmi kəşfləri, elmə verdiyi töhfələri qiymətləndirmək hətta mənim üçün də -  50 ilə yaxındır ki, peşəkar elmlə məşğul olan bir adam üçün də çətindir.
Yüzlərlə alimdən biri kimi, mən də onun nəzəriyyəsindən istifadə  edib konfranslarda çıxış edirəm. Yüz illərdir ki, Aristotel məntiqinə söykənən elm Zadənin  yaratdığı elmin yalnız bir halıdır. Təsəvvür edin, yaşı yüzillərlə ölçülən elm Zadənin yaratdığı elmin bircə elementidir. Yəni, o, elmi bu dərəcədə genişləndirən bir adam idi. Ona sadəcə, elmlə məşğul olan sıravi bir alim kimi baxmaq diletantlıqdı.
 
- Maraqlı yerə gəlib çıxdıq. Nədənsə, Zadədən söz düşəndə yalnız qeyri-səlis məntiq nəzəriyyəsindən danışılır. Doğrudur, o Zadənin şah əsəridir. Amma onun başqa nəhəng nəzəriyyələri də var. Onlar sanki kölgədə qalmayıb ki?
 
- Zadə təkcə qeyri-səlis məntiq nəzəriyyəsini yaratmayıb. Beş nəzəriyyənin müəllifidir ki, onların hər biri elmə yeni qapı açıb. Onların hər biri ayrı-ayrılıqda Zadənin elm tarixində qalmasına kifayət edir. Amma qeyri-səlis məntiq bütövlükdə elmin istiqamətini dəyişib. Bəşəriyyətin fəaliyyət sahəsini genişləndirib. Aristotel məntiqinə söykənən bütün elmlər Zadə nəzəriyyəsinin xüsusi halıdır. Qeyri-səlis məntiq bütün elm sahələrinə tətbiq edilmək imkanlarına malikdir. İstər ictimai-humanitar, istər dəqiq-texnoloji , istərsə də təbiət və tibb elmlərinə…. Dünyada mövcud olan nə qədər elm sahələri varsa, hamısına tətbiq edib çox gözəl nəticələr almaq olar. Bu nəzəriyyə çətin problemlərin həllində fundamental nəticələr almaq üçün bir elmi metodologiyadır. Məsələn, konfliktologiyanı götürək: bütün ictimai, siyasi münaqişələr, həyatla, insanın təbiəti ilə bağlı mübahisəli məsələlərin hamısını öyrənir. Bu sahəyə  qeyri-səlis məntiqi tətbiq etmək çox səmərə verə  bilər.
 
- Bu nəzəriyyənin əsas  mahiyyəti nədir?
 
- İnsanın qərarqəbuletmə metodologiyası necədirsə, Zadənin də yaratdığı elmi nəzəriyyə kömpüter sistemlərində, bütün elmi sahələrdə o şəkildə qərar qəbul etməyə imkan verən bir nəzəriyyədir. Bir misal çəkək: kimsə maşınların sıx olduğu dayanacaqda, yaxud, qarajda  azacıq boş sahə görən kimi avtomobilini sürüb onu orada saxlamaq istəyir. Boş yeri görən kimi  gözəyarı baxmaqla maşını o tərəfə sürür və parkinqdəki başqa avtomobillərin yanında saxlayır. Sürücü bu zaman təbii ki, ani baxmaqla qərar qəbul etdi. Bildi ki, məhz həmin boş sahəyə maşını sürmək olar. Bu zaman o daha xüsusi ölçmə işləri, yaxud başqa əməliyyatlar aparmadı ki… Beynində kiçik analiz nəticəsində maşını ehtiyatla iki avtomobilin arasına salmaqla xətərsiz saxlaya bildi. Qeyri-səlis məntiq də bax bu cürdü. İnsan beyni anidən necə gözəyarı qərarlar verirsə, texnologiyada da qeyri-səlis məhz o cür qərarlar qəbul edir. Bu, ilk baxışdan sadə misal kimi görünə bilər. Çünki bunun elmi dərinliyinə getmirik. Amma məhz bu metod dünya iqtisadiyyatını, texnologiyasını daha da dirçəltdi. Çünki kompüter insan beyninə yaxın səviyyədə qərar qəbul etməyə başladı.
Nəzəriyyə haqqında daha bir misal çəkək. Məsələn, qırmızı rəngi götürək: Ətrafımızda qırmızının müxtəlif çalarlarını əks etdirən xeyli sayda əşyalar var. Hamısı müəyyən dərəcədə qırmızıdır. Hətta qara çantanız da belə qırmızıdır. Amma onun qırmızılılıq dərəcəsi sıfırdı. Biz hər hansı əşyaya vahid qırmızı kimi baxırıqsa, bu, artıq Aristotel məntiqidir. Zadə isə deyir ki, mütləq nəsə yoxdu. Qırmızının yanında onun qırmızılılıq dərəcəsini müəyyən edən ikinci bir aqreqat da olmalıdır. Qara çanta 0 dərəcə ilə qırmızıya aiddir.
 
- Qeyri-səlis məntiqin nə üçün bu qədər geniş tətbiq sahəsi var?
 
- Bir çox sahələrdə- sənayedə, istehsalatda mütləq qiymətin əsas ölçü vahidi kimi alınmasına o qədər də ehtiyac yoxdu. Bayaq dediyim kimi, maşını dayanacaqda saxlamaq istəyirəmsə, dörd bir tərəfdən nələrisə ölçməyimə ehtiyac yoxdu. İstehsalatda da o dəqiqliyi almaq həddindən  artıq böyük xərc, hesablamalar tələb edir. İstehsalat  bundan əvvələ qədər, misal üçün, 4 kəmiyyətini mütləq almalı idisə, bu məntiq deyir ki, sənə 3,8 də kifayətdir.
 
Bu metod hərbi sənaye və iqtisadiyyatda da  çox önəmlidir. Bu gün verilən  iqtisadi proqnozlar təbii ki, sabah  yüzdən yüz həqiqət olmayacaq. Bir yerdə ki qeyri müəyyənlik var, orada riyazi məntiq, klassik riyaziyyat bizə kifayət deyil. Bax, bu halda qeyri-səlis məntiq nəzəriyyəsi köməyə gəlir. O bütün informasiya olan halı özündə ehtiva edir.
 
- Zadə özü öz nəzəriyyələri haqda nə deyirdi? Onları sizə necə təqdim edirdi?
 
- Zadə əsl elm fanatiki idi. Hər zaman elmdən danışar, hər hansı elmi məsələni müzakirə edərdi. Amma heç zaman məxsusi olaraq,  öz nəzəriyyələrindən danışmazdı. Amma onların yeni tətbiq sahələrindən söz açmağı çox sevərdi. Elmdə hər zaman yeniliyin tərəfdarı olub. Hər dəfə də yeni nə iləsə çıxış edərdi.
 
- Bu gün Zadə haqqında çox yazılır, çox deyilir. Bu cür yazılar arasında size ən çox incidən nədir?
 
- Məni ən çox incidən məsələ budur: belə bir fikir formalaşıb ki, guya Zadə Azərbaycan üçün nə edib? Ondan Azərbaycan üçün bu şəkildə nə etməyi gözləmək məni ən çox incidən məqamdır. Zadənin bəşər elminə verdiyi töhfələrdən söhbət aparmaq lazımdır. Bir azərbaycanlı olaraq elmə verdiyi töhfə ilə onun kimliyini dəyərləndirmək lazımdır. Sözsüz ki, o, Azərbaycanda olsa idi, deyə bilmərəm, hansı elmi zirvəyə çatardı. Onu ABŞ elmi mühiyi yetişdirdi. Zadə Rober Vinnerin-dünya idarəetmə elminin əsasını qoyan alimin sağ əli hesab olunurdu. Bu hər adama nəsib olmur. Zadənin iş otağında, çalışdığı universitetdə olmuşam. Necə işlədiyini gözlərimlə görmüşəm. Onun bir çox maraqlı xüsusiyyətləri var.
 
- Məsələn:
 
- Zadənin heç zaman həmmüəlifliyi olmayıb. Bütün məqalələrini özü yazırdı. Hər sahəyə bir-iki məqalə həsr edirdi. Daha sonra isə o istiqamətləri inkişaf etdirmək üçün bu işi tələbələrinə ötürərdi.  Statistika göstərir ki, dünyada elmlə məşğul olan insanların ən uzağı 2 faizi elmi ideyalar yaradanlardı. Yerdə qalanların hamısı istifadəçilərdi. Sözsüz ki, Lütfi Zadə o 2 faizin ən yüksək zirvəsində dayanan insanlardandır.  O heç bir konfransada əvvəlki çıxışını təkrar etməyib. Hər dəfə yeni bir ideya ilə çıxış edib.
 
Bir dəfə deyirdi ki, mən heç vaxt keçən dəfə oxuduğun elmi məruzədən bu dəfə nəsə sitat gətirə  bilmərəm. Ola bilər ki, keçən dəfəki konfransda outran kimsə burada da olsun. O zaman o qalxıb deyər ki, professor, siz bunu artıq bir dəfə demisiniz.
 
Bir maraqlı xüsusiyyəti də var idi: dünyanın harasında konfransda çıxış etməsinə baxmayaraq, mütləq bazar günü öz evində olmalı idi. Bu, onun ailəsinə nə dərəcədə bağlılığını göstərir.
Adamda görün nə qədər iş enerjisi olmalıdır ki, bu dərəcədə yeni ideyaların generator, yaradıcısı ola bilsin. Hətta axırıncı günə qədər yeni bir elmi problemin qoyuluşunu təklif etmişdi. ABŞ-da minimum saatlıq  əməkhaqqının 7 dollar 50 sentdən 10 dollar 50 sentə qaldırdıqda iqtisadiyyata nə dərəcədə xeyir verəcəyini araşdırırdı.
 
2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru olmuşam. Həmin illərdə onunla müştərək işlər görmüşük, elmi layihələr aparmışıq. O zaman da onun elmi yeniliklərə nə dərəcədə əhəmiyyət verdiyinin şahidi olmuşam.
 
(ardı var)
 
Elmin Nuri

Загрузка...
Загрузка...