​Liviyada barışıq əldə etmək mümkün olacaq? - POLİTOLOQLARDAN ŞƏRH

Baxış sayı: 
52
3  
0  

Elxan Şahinoğlu: “Liviyada atəşkəsə riayət ediləcəyini gözləmirəm”
 
Məhəmməd Əsədullazadə: “Atəşkəsin əldə edilməsi istiqamətində atılan addımlar nəticəsiz qalacaq”
 
Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfransda iştirak edən bütün tərəflər atəşkəsi dəstəkləyib razılaşsalar da, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar yenə sülh sazişini imzalamadan konfransı tərk edib.
 
Qeyd edək ki, bundan əvvəl Xəlifə Haftar Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada keçirlən danışıqları atəşkəs müqaviləsini imzalamadan tərk etmişdi.
 
Onu da nəzərə çatdıraq ki, Berlin konfransının nəticəsinə əsasən iştirakçılar ölkədə atəşkəsi dəstəkləməklə yanaşı, həmçinin silah tədarükünə embarqo və münaqişə tərəflərinə hərbi dəstəyin dayandırılması ilə bağlı razılaşma əldə ediblər.
 
Yeri gəlmişkən, Liviya mərkəzi hökumətinin başçısı Faiz Sərracı dəstəkləyən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bildirib ki, hazırda  Liviyaya hərbi qüvvə göndərmirik: “Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik”.
 
Ərdoğanın fikrincə, Rusiya və Türkiyə liderlərinin Liviyada atəşkəs rejiminə riayət edilməsi çağırışı yeni siyasi həll imkanlarını açacaq: “Siyasi həll yolunda səylərimizin bir hissəsi olaraq Berlində Liviya ilə bağlı sammitdə iştirak etdik. 55 bənddən ibarət sammitin bəyannaməsini qəbul etdik. Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq”.
 
Ərdoğan  həmçinin Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarı “terrorçu” hesab etdiyi üçün onunla danışıqlar masası arxasında oturacağını mümkünsüz olduğunu bildirib.
 
“Vəziyyət yenidən gərgiləşə bilər”
 
Картинки по запросу Elxan Şahinoğlu
 
Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın Berlin konfransında atəşkəs müqaviləsini imzalamaması ilə bağlı  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan  Şahinoğlu “Hürriyyət”lə fikirlərini bölüşdü: “Haftar anlaşmanı imzalasaydı belə, o demək deyil ki, atəşkəsə riayət olunub, üstəgəl də heç bir ölkə Liviyaya silah verməyəcək. Çünki başqa bir razılaşmaya görə, guya, qarşıduran tərəfə Berlində silah embarqosu tətbiq edilməlidir. Bunu Liviyaya necə tətbiq etmək olar ki, müxtəlif dövlətlərlə minlərlə kilometr sərhəddi var. Elə Misirin özü Haftara dəstək verir. Onu necə nəzarətdə saxlamaq olar? Liviyada yüzlərlə aşirətlər var ki, onlar atəşkəsə riayət etmirlər. Yəni  əgər Haftar imzalasaydı belə, mən atəşkəsə riayət ediləcəyini gözləmirəm. Amma indi imzalamayıb belə, deməli, vəziyyət yenidən gərginləşə bilər”.
 
E. Şahinoğlunun sözlərinə görə, Haftar ona görə  atəşkəs sazişini imzalamır ki,  o, Liviyanın böyük bir hissəsinə nəzarət edir: “Düşünür ki, niyə atəşkəs sazişini imzalamalıdır. Düşünür ki, elə hücum edib Tripolini də alsa, məsələni öz xeyrinə həll edə bilər. Üstəgəl də Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Misir və digər dövlətlərdən hərbi və maliyyə dəstəyi alır. Ona görə də atəşkəs sazişi onun maraqlarına cavab vermir. Tək onun yox, onun arxasında olan güclərin maraqlarına da cavab vermir”.
 
“Rusiya Haftara dolayı yollarla müəyyən dəstək verir”
 
Şahinoğlunun fikrincə, Moskava Haftarı razı sala bilsəydi, Moskvada sazişi imzalamağa razı sala bilərdi: “Haftar qəfil Moskvanı tərk etdi və sazişi imzalamadı. İndi də Berlində imzalanan sazişi imzalamayıb. Bəli, Rusiya  Haftara dolayı yollarla müəyyən dəstək verir. Orada onun muzdlu “Vaqner” qrupu var. Amma Rusiya ikili oynayır. Həm də Tripolidəki mərkəzi hökumətlə də münasibətləri var. Rusiya birbaşa bütün yumurtaları bir səbətə yığmayıb. Bu baxımdan, həm Haftarla, həm də mərkəzi hökumətin başçısı Sərracla əlaqələri var. Rusiyanın Haftara müəyyən təsir imkanları var, amma ona təsir məsələsində Rusiya tək deyil, başqa dövlətlər də var ki, Rusiyadan daha çox Haftara pul və silah verirlər. Əgər onlar sülhdə, atəşkəsdə maraqlı deyillərsə, Moskva nə qədər təsir etməyə çalışsa da,  Haftar fərqli qərar verəcək”.
 
“Türkiyə bu məsələdə Sərraca dəstəyini davam etdirəcək”
 
Türkiyənin Liviyaya hərbi qüvvələrini göndərəcəyini və Sərraca dəstəyini artıracağını bildirən E.  Şahinoğlu hesab edir ki, Türkiyə Sərracı da itirsə, Haftar Liviyanın hər yerinə nəzarət edər və bununla da əsas söz sahibi olacaq: “Ona görə də Türkiyə bu məsələdə Sərraca dəstəyini davam etdirəcək. Amma Türkiyə toqquşmaq da istəmir. Çünki toqquşma olsa, daxili qarşıdurmaya qarışacaq. Ona görə, atəşkəs Türkiyənin də maraqlarına cavab verir, cavab  versə də, amma Türkiyədən asılı olmayan proseslə də baş verə bilər”.
 
“Qərb ölkələri Sərrac hökumətinə birmənalı dəstək vermir”
 
Картинки по запросу Məhəmməd Əsədullazadə
 
Liviyada baş verənləri geosiyasi dövlətlərin maraqlarının toqquşması hesab edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadənin fikrincə isə 2011-ci ildən Liviyada baş verən bu problemlər daha da inkişaf edəcək və atəşkəsin əldə edilməsi istiqamətində atılan addımlar nəticəsiz qalacaq: “Çünki Rusiya və Qərb arasında bu istiqamətdə aparılan danışıqlar heç birinin ortaq məxrəcə gəlməsinə imkan verməyəcək. Ona görə ki, Liviyada iki hakimiyyətlilik formalaşıb. Bir hakimiyyəti qeyri-rəsmi olaraq Rusiya, Misir və bəzi ərəb ölkələri dəstəkləyir, amma BMT tərəfindən tanınan Sərrac hökumətini Türkiyə və Qərb dövlətlərinin bir çoxu tanıyır. Amma göründüyü kimi, Qərb ölkələri BMT tərəfindən  tanınan Sərrac hökumətinə birmənalı dəstək vermir. Çünki Haftar daha geniş qüvvəyə malikdir və paytaxt Tripoli ətrafında mühasirə halqası yaradıblar”.
 
 Əsədullazadə diqqətə çatdırdı ki, Rusiya, Türkiyə tərəfindən aparılan Moskva görüşündə də Haftar atəşkəsə can atmayıb: “Bilirsiniz ki, o, danışıqları tərk etdi və ümid edilirdi ki, Almaniyanın dəstəyi ilə aparılan Berlin konfransında Haftar və Sərrac atəşkəsə imza atacaq. Baxmayaraq ki, Berlin konfransında dövlətlərarası ümumi bir razılaşma əldə edildi, amma Haftar yenə atəşkəs müqaviləsinə imza atmadı. Çünki Haftar başa düşür ki, onun atəşkəsə getməsi birmənanlı şəkildə Liviyada mövqelərinin zəifləməsinə gətirəcək. Haftara dəstək verən pərdərarxası müəyyən güclər də bunun fərqindədirlər”.
 
“Türkiyə Liviyada mühüm  oyunçudur”
 
M. Əsədullazadə hesab edir ki, Berlin konfransında əldə olunan razılıqlar əsasən hər iki tərəfə silahların verilməsinin  məhdudlaşdırılması və heç bir dövlətin iki tərəfə dəstək verməməsi üçün idi: “Amma göründüyü kimi, burada əsas rolu oynayan Türkiyə və Rusiyadır və silahların verilməməsi ilə bağlı tərəflərə aid olan bu maddə hesab edirəm ki, Türkiyəyə aiddir. Çünki Türkiyə Liviyada mühüm  oyunçudur və BMT tərəfindən tanınan Sərrac hökumətinə dəstək göstərir və öz hərbi kontingentini bura göndərməklə, Liviyada öz mövqelərini qorumağı hesablayıb. Bir müddət bunda əvvəl Aralıq dənizinin bölünməsi ilə bağlı Tripoli arasında bağlanan müqaviləni də qorumağa çalışır”.
 
“Türkiyənin Liviyada  mövqelərinin güclənməsini istəmirlər”
 
Həm Moskva, həm Berlin görüşündə Haftarın atəşkəs sazişini imzalamamasını özünün qərarı  olmadığını iddia edən M.  Əsədullazadənin fikrincə, Berlində olan dövlətlər ümumi razılığa gəlsələr də, onlar pərdəarxası məsələlərdə ciddi fikir ayrılıqlarına malikdirlər: “Yəni Haftara dəstək verən Rusiya da, Misir də, Səudiyyə Ərəbistanı da onun atəşkəsə getməsinə maraqlı deyillər. Sadəcə, göruntü olaraq onlar masa arxasına əyləşirlər, məqamında  Haftara qol çəkməmək üçün dəstək göstərirlər.  Haftar müstəqil bir şəxs deyil. O, əsas hərbi gücünü Fransa, Misir, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən alır və onların diktəsi ilə hərəkət edir. Rusiyanı müəyyən dərəcə çıxmaq şərtilə, bu dövlətlər Türkiyəyə qarşı siyasət yürüdürlər. Çünki Türkiyənin Liviyada  mövqelərinin güclənməsini istəmirlər. Ona görə ki, Türkiyənin Liviyada mövqelərinin güclənməsi Misirin, Fransanın,  Səudiyyə Ərəbistanının geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Bu halda, hər  3 ölkə Aralıq dənizində də öz təsir dairəsinin müəyyən hissəsini Türkiyəyə güzəştə  getməlidir. Ona görə də Haftarı var qüvvələri ilə dəstəkləyirlər və onun Liviyada hakimiyyəti ələ alıb, Türkiyəni buradan çıxarılmasında maraqlıdırlar. Ona görə də bu kimi danışıqlar son anda atəşkəsin əldə olunmaması, Haftarın aradan çıxması ilə nəticələnir”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...