​Əliqulu bəy popkorn sevərdimi?

Baxış sayı: 
58
1  
0  

 
Qan Turalı yazır...
 
Doqquz ildir deputatdır, parlamentdədir.
 
Parlament sözünün mənası nədir?
 
İtalyancadakı “parlare” sözündəndir, “danışmaq” deməkdir.
 
Bu doqquz ildə neçə dəfə danışıb?
 
Sıfır dəfə...
 
Azərbaycan parlamentinin üç yüzə yaxın iclasında iştirak edib və bir dəfə də danışmayıb.
 
Parlament danışmaq üçündür amma o susur.
 
Danışmır, amma deputatdır.
 
***
 
İl 2001. Heydər Əliyev fərman imzalayır: "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”.
 
İl 2018. İham Əliyev fərman imzalayır: “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”.
 
Amma o rus dilində status yazır.
 
Tənqidlər gəlir, sonrakı statusunu Azərbaycan dilində yazır, amma dörd cümlədə 8 səhv buraxır.
 
Misal üçün, “ictimai” sözünü “Ç” hərfi ilə yazır: “İçtimai”.
 
“İctimaiyyət” sözünü isə belə yazır: “İctimaiyət”.
 
İctimai elmlər üzrə mütəxəssisdir, amma ictimai sözünü düz yaza bilmir.
 
Mexaniki səhv də deyil, tələffüz edildiyi kimi yazıb.
 
İnşa yazsa, “iki” alar.
 
Amma intellektualdır.
 
Elə deyirlər...
 
***
 
“Ölülər” komediyası haqqında Asif Əfəndiyev belə yazırdı: “Kefli İsgəndəri anlamadılar, çünki kefli idilər. Aralarında bircə ayıq adam vardı: Kefli İsgəndər”.
 
Amma o Ölülər şəhərində yeganə oxumuş adam Kefli İsgəndər deyildi.
 
Şeyx Nəsrullah onları Avropa libasında görüb soruşur:
 
-Bu ağalar kimdir?
 
Ona belə cavab verirlər: Bu, Heydər ağadır, teleqrafda mənsəb sahibidir, əhli-elm bir vücuddur. Bu da Əliqulu bəydir, hakim yanında dilmancdır.
 
Şeyx Nəsrullah oxumuş adamlardan çəkinir, çünki o qaranlıqda bərq vuran bir şəxsdir. Amma oxumuşlar Şeyx Nəsrullaha belə deyirlər:
 
Heydər ağa: Allah siz tək üləmanı bizim üstümüzdən əskik eləməsin.
 
Əliqulu bəy: Allah sizə ömür versin.
 
Şeyx Nəsrullah onlar sarıdan rahat olub soruşur: “Bu şəhərdə ikinizdən başqa əcnəbi elmini oxuyan var, yoxsa elə ikinizsiniz?”.
 
Var, bəli, Kefli İsgəndər var...
 
Söz yox ki, Heydər ağa da, Əliqulu bəy də oxumuş adamlardır və Şeyx Nəsrullahın ülamə yox, fırıldaqçı olduğunu bilirlər.
 
Lakin həqiqəti deyən Kefli adlandırdıqları İsgəndərdir.
 
Biz belə intellektualları çox görmüşük, bizim deputat da elə Əliqulu bəydir...
 
***
 
Və bir gün Əliqulu bəy dilə gəlir.
 
Keçiddə popkorn satırlarmış, qoxusu yayılırmış...
 
Diqqət eləyin, digər millət vəkili Fazil Mustafa uşaq pulunun bərpası ilə bağlı parlamentdə dəfələrlə çıxış edir.
 
Facebookda statuslar yazır.
 
Azərbaycan Respublikasının Prezidenti uşaq pulu ilə bağlı fərman verir.
 
Əliqulu bəy neynir?
 
O uşağın və o uşaqların problemlərinin həlli üçün bircə dəfə parlamentdə ağzını açmır.
 
Popkorn satan uşağın çörəyinə bais olur.
 
O uşaq yoxsul olmasaydı, ehtiyacı olmasaydı, gedib orda popkorn satardımı?
 
O uşağın vəziyyətini anlamaq üçün birhüceyrəli amöbün şüuru kifayət edərdi.
 
Amma Əliqulu bəy bunu anlamır.
 
Və sonra qələbəsini elan edir.
 
12 yaşlı uşaq üzərində qələbə qazanmış 66 yaşlı deputat...
 
Alqışlayırıq!!! \\Oxu.az

Загрузка...
Загрузка...