Əli Həsənov: “Sual verirdilər ki, torpaqlar azad olunsa sizin insanlar qayıdacaqmı öz yerlərinə?”

Baxış sayı: 
104
2  
0  

Azərbaycan xalqının hansı vəzifədə işləməsindən asılı olmayaraq hər bir fərdinin diqqəti bir aydan artıqdır davam edən Vətən müharibəsinə yönəlib. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənovla müsahibəni təqdim edirik:

 

- Əli müəllim, 27 sentyabrdan başlanan Vətən müharibəsindən bir aydan artıq vaxt keçir. Bu bir ayda yaşananlara sizin baxışınız necədir?

 

- Əvvəla, mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hər bir şəhid bizim övladımızdır. Şəhidlərimizin ailələrinə səbir diləyirəm. Azərbaycan xalqı onları heç zaman unutmayacaq. Son bir aydakı uğurlara Azərbaycan dövləti illədir ki, addım-addım yaxınlaşırdı. Yəni bu bir ayda yaşananlar həm də uzun illər çəkilən zəhmətin, aparılan məqsədyönlü siyasətin nəticələridir. Prezident İlham Əliyev 1 aydakı qələbələrimizi əldə etmək üçün hazırlıq işlərini 17 ildir görürdü. Biz indi 17 ilin nəticəsini görürük. Bu bir ayda Azərbaycan xalqının tarixdə görünmədiyi səviyyədə milli birliyi yarandı. Hər kəs Qarabağ deyir, hər kəs torpaqlarımızın azadlığı üçün əlindən gələni etməyə çalışır. Azərbaycan Prezidenti, ordumuzun qələbələri bu 1 ay ərzində milləti bütövləşdirdi. Həmişə milli həmrəylik ətrafında çox danışılırdı. Müharibə başlayandan sonra  Prezidentin yaxşı mənada heyrətamiz xüsusiyyətlərinin, bacarıqlarının şahidi oldu bütün dünya. İlham Əliyev dünya liderlərinə nümunə olacaq sərkərdəlik keyfiyyətlərini göstərdi. İndi dünya hərbi ekspertləri və təşkilatları Azərbaycan Ali Baş Komandanının, Azərbaycan Ordusunun fəaliyyətini diqqətlə izləyir, özləri üçün gələcəkdə lazım olacaq nümunələr kimi qeydə alırlar.

 

Bu 1 ayda Azərbaycan Ordusu və Ali Baş Komandan bütün dünya ermənilərinin qurduğu hərbi və siyasi  istehkamları dağıtmaqdadır. Uzun illər boyu yaradılmış o cür istehkamları Ordumuz və Ali Baş Komandanın yüksək diplomatik bacarığı dağıdıb keçdi. Baş verən uğurun miqyası o qədər nəhəngdir ki, adama yuxu kimi gəlir. İnsanlarımızın bəziləri düşünürdü ki, torpaqlarımız azad olunmayacaq, məsələ bitib və.s. Lakin şəxsən məndə həmişə əminlik olub ki, Azərbaycan öz torpaqlarını mütləq azad edəcək. Ona görə ki, cənab Prezidentlə 16-17 il bilavasitə yaxın ünsiyyətdə işləmişəm və bu illərdə mən onun qətiyyətini, bacarığını, dövlətə, torpağa, xalqa bağlılığını və apardığı işləri görmüşəm. İlham Əliyev verdiyi sözlərə həmişə əməl edib. Bilirsiniz ki, mən 20 il baş nazirin müavini və “Qaçqınkom” sədri kimi 1 milyona yaxın məcburi köçkün və qaçqının problemi ilə məşğul olmuşam. Məşğul olduğum sahədə nə qədər problemlər qaldırılıbsa onun biri də icrasız qalmadı, cənab Prezident nə vəd vermişdisə, hamısını etdi. Cənab Prezident daim xalqa bəyan edirdi ki, torpaqlarımız azad olunacaq və orada Azərbaycan bayrağı ucaldılacaq. İndi Prezident İlham Əliyev o vədləri də həyata keçirir.

 

- Prosesin bundan sonra necə inkişaf edəcəyi barədə düşüncələriniz, proqnozunuz nədir?

 

- Biz tam əminik ki, Ordumuz axıra qədər gedəcək və bütün torpaqlarımız işğaldan azad olunacaq. Bu əminliyi həm Ordumuzun gücü, döyüş əzmi, həm xalqımızın birliyi, həm Ali Baş Komandanın qətiyyəti yaradır. Hər bir halda torpaqlarımızın azad olunması şəksizdir.

 

Cənab Prezident indiyə qədər beş dəfə xalqa müraciət edib. Hər bir müraciətində xalqımız, dünya onun simasında əzəmətli lider, komandan gördü. Məsələn, axırıncı müraciətində cənab Prezident Ermənistanın təkcə özünü deyil, havadarlarını da, Minsk Qrupunun həmsədrlərini haqlı olaraq hədəfə alaraq ifşa etdi. Cənab Prezident bu qədər açıq danışmamışdı. Prezident yaxşı bilir nəyi nə zaman etmək lazımdır. Onun hər bir çıxışı, müraciəti xalqda inamı daha da artırır.  Böyük qələbə qarşıdadır. Bu bir ayda ermənilərə elə bir dərs verildi ki, bu müharibədən sonra Azərbaycan torpaqlarına bir daha dönüb baxa bilməyə cürət etməyəcəklər. Dünya erməniliyinə, havadarlarına, lobbilərinə tarixdə olmayan dərs verildi. Bundan sonra onlar bunu yadlarından çıxarmayacaqlar. Bundan sonra heç kim cürət edib Azərbaycan torpağına çəp gözlə baxa bilməyəcək.

 

-YAP daxil ölkədə fəaliyyət göstərən 50 siyasi partiya müharibə başlayan kimi birlik bəyanatı imzaladılar. Siyasi qüvvələrin birliyinin bu səviyyədə olacağını gözləyirdinizmi?

 

- Azərbaycanın demək olar bütün müxalifəti və iqtidarı hamı Qarabağ müharibəsi başlayandan bir yerdə oldu. Məlum bəyanata iki müxalif siyasi partiya imza atmayıb, amma əminəm hamı bilir ki, onlar da daxilən Qarabağ məsələsində bir olublar. İndi imza atmayıblar, məncə, o texniki xırda məsələdir. Əsas odur ki, bütün partiyaların Qarabağ məsələsində mövqeyi birdir. Bugünkü gündə iqtidar-müxalifət məsələsi yoxdur.

 

- Prezident İlham Əliyevin dünya telkanallarına müsahibələrinin, sizcə, hansı əhəmiyyəti var ölkəmiz üçün?

 

- Cənab Prezident hər gün dünyanın tanınmış telekanallarına müsahibələr verir. Prezident bu müsahibələrlə informasiya müharibəsində Ermənistanı darmadağın edir, erməniləri müdafiə edənlərin tam haqsız mövqedə olduqlarını sübuta yetirir. Mən bu müsahibələri də izlədikcə yaxşı mənada heyrətə gəlirəm. Dünya liderləri sırasında bu cür Prezident görmürəm. Bu gün Cənab İlham Əliyev öz qətiyyəti, liderliyi, bacarığı, intellektinə görə dünyanın ən nəhəng ölkələrinə belə rəhbərlik etmək qüdrətindədir. Gəlin dünyadakı iri ölkələrin, böyük beynəlxalq təşkilatların liderlərini müqayisə edək. Onda görəcəyik İlham Əliyev onlardan bütün keyfiyyətlərinə görə üstündür.

 

Türkiyə dövləti, xalqı, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu dövrdə türk kişisi qardaşlığa, dostluğa necə olmalıdır onun ən yüksək nümunəsini göstərdi. Əgər Rəcəb Tayyib Ərdoğan müharibənin ilk anındaca Azərbaycanın yanında olduğunu və axıra qədər də yanında olacaqlarını bəyan etməsəydi, ola bilərdi ki, prosesə başqa üçüncü dövlətlər müdaxilə edərdi. Bunu cənab Prezident açıq söyləyib.

 

Ermənistan ilk vaxtlardan çox çalışdı ki, Rusiyanı müharibəyə cəlb etsin, amma cəhdləri alınmadı. Rusiyanın ilk vaxtdan tutduğu mövqeyi düzgün qiymətləndirmək lazımdır. Rusiya prezidenti Vladimir Putin ilk vaxtlardan bəyan elədi ki, müharibə Azərbaycan ərazisində gedir. Bununla Putin həm də onu dedi ki, Qarabağ Azərbaycan ərazisidir. Cənab Putin əslində beynəlxalq konvensiyalara riayət etmiş oldu. Ancaq gəlin görək buna hamı riayət edirmi? Xeyr. İlk növbədə küçə uşağı Paşinyan heç bir beynəlxalq konvensiyaya əməl etmir. Azərbaycanın şəhərlərində mülki əhalini, uşaqları Paşinyanın göstərişi ilə hədəf alırlar. Məqsədləri odur ki, Azərbaycan da Ermənistanın ərazisinə mülki insanların üzərinə raket atsın və üçüncü dövlət bəlkə o zaman müharibəyə qarışa. Buna da nail ola bilmir. Amma Azərbaycan Prezidenti təmkin nümayiş etdirir. Azərbaycan mülki əhalimizə endirilən zərbələrin qat-qat artıq qisasını döyüş meydanında alır.

 

- Sizin doğma kəndiniz və rayonunuz artıq azad olunub. Kəndinizin və Cəbrayılın azad olunduğu xəbərini harda aldınız, necə qarşıladınız bu xəbəri?

 

- Öncə mənim doğulduğum Böyük Mərcanlı kəndi azad olunmuşdu. Günorta idi, yemək yeyirdim televiziyadan doğma kəndimin azad olunduğunu eşitdim. Mən adətən ağlayan insan deyiləm. Amma inanın ki, kəndimin azad olunduğu xəbərini eşidəndə gözlərimdən yaş gəldi. Doğma kəndimin, rayonumun azad olunması xəbərinin sevincinin yaratdığı kimi hissləri heç vaxt yaşamamışdım. Mən həmişə inanırdım ki, doğulub böyüdüyüm o yerlər azad olunacaq və gedib oranı görəcəyəm. Prezident və Ordumuz torpaqlarımızın azad olunması sevincini də bizə bəxş etdi. Bizlər bunu heç zaman unutmayacağıq. Digər kəndlərimizin, şəhərlərimizin azad olunmasının da sevinci elə doğma kəndimizin sevinci qədərdir. Bu torpaqlar hamısı bizimdir, biz onun hər bir qarışının azad olunmasını həyatımızın böyük hadisəsi hesab edirik. Hər bir insan üçün vətən doğulduğu yerdən başlayır. Əgər hər kəs doğulduğu yerin qədrini bilsə, bütövlükdə bütün Azərbaycanın qədri bilinəcək.

 

- Uzun illər yurdlarından didərgin düşmüş məcburi köçkünlərlə bilavasitə işləmisiniz. Onların əhval-ruhiyyəsini bilən şəxs olmusunuz. Bəzən belə fikirlər eşidilirdi ki, məcburi köçkünlərin çoxu rayonlarını sanki unudublar, torpaqlar alınsa belə oraya qayıtmayacaqlar. Bu fikirlərin əsaslı olmadığı hər bir kənd və şəhərlərimiz azad olunduqca təsdiqlənirmi?

 

- Mənə bütün beynəlxalq təşkilatların təmsilçiləri  bu sualı verirdilər ki, torpaqlar azad olunsa sizin insanlar qayıdacaqmı öz yerlərinə. 20 il məcburi köçkünlərlə işləmişəm. Əhval-ruhiyyəni dəqiq bilirəm. Əvvəla, yaşlı və orta nəsil birmənalı şəkildə yurdlarına həvəslə qayıdacaqlar. Buna şübhəm yoxdur. Gənc nəslin də böyük hissəsi qayıdacaq. Gənc nəslin az hissəsi qayıtmaya bilər. Bu da qəbahət deyil, təbiidir. Gənc nəslin kəndlərdən şəhərə axını həmişə olub. Torpaq işğal olunub-olmayıb bu proses həmişə olub və olacaq. Gənc nəslin müəyyən hissəsinin kənddən şəhərə, paytaxta üz tutmasının qaçqınlığa-köçkünlüyə heç bir aidiyyəti yoxdur. Bu, daimi formalaşmış bir prosesdir və hər yer üçün xarakterikdir. Azərbaycan Prezidentinin siyasəti nəticəsində azad olunan rayonlarımızda, kəndlərimizdə quruculuq işləri, inkişaf proqramları həyata keçiriləcək. İnsanlarımız orada işğaldan əvvəlki dövrlərdən yaxşı yaşayacaqlar. Rayonlarımız sıx şəhərlərdən çox məsələlərə görə yaşayış üçün daha əlverişlidir. Təmiz hava, təmiz su, təmiz qida, gözəl təbiət məgər kəndlərimizdə, rayonlarımızda deyilmi? İnsanlar əlbəttə ki, illərdir həsrətini çəkdikləri yurdlarına əlbəttə ki, qayıdacaqlar.

 

- Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərin məsələsinin necə olunacağını düşünürsünüz? Azərbaycan onlara mədəni muxtariyyət verə bilər? Yoxsa ümumiyyətlə vətəndaşlıqdan başqa heç nə verilməməlidir?

 

- Əslində bu məsələ ilə bağlı Cənab Prezident dəfələrlə mövqeyini ortaya qoyub. Prezident bəyan edib ki, həmin ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların  Qarabağda azərbaycanlılarla bir yerdə yaşaması mümkündür, bir şərtlə ki, bütün torpaqlar Ermənistan silahlı qüvvələrindən azad olunmalıdır. Əgər dinc ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib qanunlarımıza hörmətlə yanaşacaqlarsa, onlara hər bir şərait yaradılacaq. Problemi Azərbaycan özü həll edirsə, hansı status verilməsini də həmsədrlər yox, dövlətimiz və Prezident müəyyən edəcək.

 

- Siz Yeni Azərbaycan Partiyasının sədr müavinisiniz. YAP-ın müharibə dövründə fəaliyyəti necə qurulub?

 

- Hakimiyyətdə olan partiya kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. Cənab Prezidentin tapşırığı ilə mən özüm partiyanın mərkəzi qərargahında əyləşirəm. Cənab Prezident mənə partiyanın ideoloji işi ilə məşğul olmağı həvalə edib. Bu işlə məşğul oluram. Bu bir ay ərzində siyasi partiya olaraq öhdəmizə nə düşüb hamısını icra edib və edir. Bütün görülən işlər barədə mediada, sosial şəbəkələrdə mütəmadi məlumatlar verilib."Yeni Müsavat"

 
Загрузка...
Загрузка...