Əli Həsənov, Abid Şərifov, Elçin Əfəndiyev və digərləri... – Hökumət üzlərinin istefası tələb olunur

 
 
"Artıq ayrı-ayrı məmurları işdən çıxarmaq yox, səriştəsiz hökümət üzlərinin hamısını birdəfəlik yola salmaq lazımdır. Bunların başı yığdıqları pulları gizlətməyə qarşıb, dövlətin idarə edilməsi yaddan çıxıb”.
 
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Partiya sədri deyib ki, nazirlərin, komitə sədrlərinin əksəriyyəti o qədər pullanıb ki, gözləri heç nəyi görmür, hamısı prezident olmaq eşqinə düşüblər:
 
"Mən, Fazil Məmmədovun işdən çıxarılmasını başlanğıc kimi dəyərləndirmirəm. Qardaşım bundan əvvəl də lazımi sərt addımlar atıb. Eldar Mahmudov, Ziya Məmmədov və digər yolunu azanları işdən çıxarıb. Amma iş bununla bitmir. Qarşıdan da seçki ili gəlir. İnsanları narazı salan, hakimiyyətə qarşı xəyanət edən məmurlar cəzalanmalıdır.
 
İlk növbədə Nazirlər Kabinetindəki qocalar yola salınmalıdır. Əli Həsənov, Abid Şərifov, Elçin Əfəndiyev və digərlərini yola salmaq vaxtıdır. Kənd təsərrüfatına baxan İsmət Abbasov var. O nə işlə məşğuldur? Abid Şərifovun səhhəti də işləməyə imkan vermir. Onlar müasir dövrlə ayaqlaşa bilmirlər. Sovet təfəkküründə olan adamlardan başqa nəsə gözləməyə də dəyməz. Prezident tək başına bütün yükü çəkir. Hər gün bir rayondadır, camaatın problemləri ilə maraqlanır. Prezident xəbərdarlıq edir ki, harınlaşmayın, uşaqlarınıza yiyə durun, amma bu adamlar özlərinə yığışmırlar”.
 
Müsahibimiz onu da qeyd edib ki, Fazil Məmmədov illərdir nazir işləyib, aparılan araşdırmaya görə 4-5 milyard dollar sərvəti var. Onun sözlərinə görə, araşdırma aparmaq lazımdır ki, bu qədər pulu necə toplayıb: "Bu adamları elə-belə buraxmaq olmaz. Pullarını əllərindən almaq lazımdır. Yoxsa ölkəni qarışdırmaq üçün müxtəlif qüvvələrə pul paylayacaqlar. Bunların hamısı arvadlarını boşayır ki, sabah hər hansı bir hadisə baş verəndə, vardatlarının yarısı müsadirə olunmasın”.
 
MMP sədri onu da vurğulayıb ki, islahat sürətlənməli, "qocalar evi”nin üzvləri yola salınmalıdır:
 
"Onlar dövlət başçısına sadiq deyirlər. Bir narazılıq olan kimi əsas günahkar kimi prezidenti göstərirlər. Onlar millətə xəyanət edirlər. Yeni kadrlar gətirilməlidr, müasir komanda formalaşdırılmalıdır. Əsa ilə gəzənlərlə, kiflənmiş beyinlərlə, Hacıbala Abutalıbov kimiləri ilə hara getmək olar? 20 il nazir, komitə sədri, icra başçısı olmaq olar? Bütün bunlara görə Azərbaycan qınağa tuş gəlir. Nə yaxşı ki, İlham Əliyev kimi prezident var, ona görə də bizə hörmət edirlər. Hesab edirəm ki, hamımız Prezidentə bu islahat mübarizəsində dəstək verməliyik”.

Загрузка...
Загрузка...